Eluca Atali
  1. Haberler
  2. Yazarlar
  3. Gələcəyi Öldürmərəm

Gələcəyi Öldürmərəm

featured
Paylaş

Bu Yazıyı Paylaş

veya linki kopyala

Esse

Gecikdin, sənə açdığım yol-cığırı ot basdı.
Hansı ilə gələcəksən? Hansını təmizləyim, bəlkə özün bir deyəsən?
Sən təkbaşına addımlayıb aşammazsan o yolları.

Bu, inamsızlıq deyil; böyüyün balacaya, körpəyə canyananlığı, qayğısı, mərhəmətidi. Körpələr yolu özü gəlməz, əlindən tutarlar, addım atmağı öyrədərlər. Büdrəməsin deyə yan-yörəsində gəzərlər, gözdən qoymazlar. Ürəyin sevdiyi varlıq, gözün ovu olar.

Sən gələcəksən, amma nə vaxt, bilmirəm… Gələcək heç vaxt müəyyən olmaz.
O, keçmişdi; ili, ayı, günü, saatı, anı, məqamı belə məlum olar. Xatırlayırsan, amma qayıtmır. Çünki qurtarıb. Qurtaran nə qayıdar, nə də ona qayıtmaq olar. Bu, qadağa deyil; zamanın yazılmamış nizamıdır, sonsuzluğa qədər davam edəsi. Arzulasan da, yalnız yaddaşında ilişib qalır. Eşirsən, olanların içində bəzən də itirsən. Amma indi var, gerçəkliyi ilə səni özünə çəkir. Keçmişdən qoparır, yenə öz məngənəsinə salır.

Bəzən qan axır keçmişin damarlarından, tam yaşaya bilmədiyin üçün. Beynini qıcıqlandırır, gözünü acışdırır. Qan su olub kirpiklərini isladır. Ötən zamanın təəssüfü acı olur, arzuların orda tam doğulmadığı üçün.

Sənsə gələcəksən… Bu günümdən sonradasan, hələ də zamanın məlum deyil. O hansı il, hansı gün, saat, an, məqamdır ki, zaman səndə yaşayacaq? Sən boy atıb böyüyəndə, ayağından asılacaq zaman adlı nəhəng div də. O, səninlə var olacaq, sən dünyaya gələn gündən.

Hələ də zamanın naməlum. Səni xəyalım doğur gündə yüz dəfə. Sən bükülürsən səma boyda ağ buludlu əskiyə. Boyunu oxşayıram hər dəfə doğulanda.
Sən təxəyyülün yaratdığı, gələcəyimin məhsulusan. Səni görə bilməsəm, bir cinayətkar olacağam!

Nə şirin olur xəyal?! Bir az da müəmmalı, zərif, ətirli…
Əlinlə tuta bilmirsən. Bilmirsən yumşaqdı, bərkdi, suludu, qurudu, gözəldi, çirkindi…
Yox, səhv edirəm. Xəyal çirkinin dalıyca uçmaz, çünki gələcəyi heç kəs eybəcər arzulamaz.

Qadınların çox sevdiyi ziynət əşyaları dükanına baxıram. Hər gün yox, yalnız həftədə beş dəfə, hər dəfə də dərsdən gələndə. Yolum üstündə olan dükanı deyirəm! Sən hələ onu görməmisən. Amma onu sənə göstərəcəm. Biz gəzməyə gedəndə səni oradan aparacam.

İndi ayaq saxlayıram o dükanın yanındaca. Baxışlarım yenə qaçdı sancaqların topasına. Sənin buruq saçlarına hansının yaraşacağını götür-qoy edirəm. Rəngi ürəyimcə olanı baxışlarımla dairəyə alıb nişanlayıram.

Mənim mavi ekran əsərimdə bir tənək ağacının yaz ayında, ilk baharda bərələyib, buğum atıb aynabəndli eyvana dırmaşan qolları tək sənin saçın burum-burum burulub tökülür gözlərinə. Əlimi uzadıram, yığıram sol ovcuma. Sağ əlimlə dairədəki o sancağı götürəndə qırılıram, qolum düşür şappıltıyla sağ yanıma. Yenə kimsə alıb onu. Dünən alıb, bu gün səhər… Bilmirəm! Bəlkə məndən iti gəlib o yanımdan keçən qadın, yolumun üstündən keçib alıb. Bir qadın da tanıyıram, mən hər sabah eyvana çıxıb səhərlə görüşəndə, o, balaca şirin qızın dörd təkərli arabayla bizim yolla sürüb qoyur yaxındakı bağçaya. Bəlkə o yox, bəlkə başqa… Kimdən sorum? Kim bilirdi, vitrindəki o sancaqlar ürəyimdə yuva qurub, baxışıma sancılandan sənin üçün ayırmışdım onları mən!

Bəs kim ola, mənim nazlı balacamın saçı üçün olan gülü “oğurlaya”? Dünən alıb, bu gün səhər… Keçib daha… Keçmiş film deyil ki, lenti təkrar-təkrar fırladasan, sən də orada yaşayıb hər dəfə fırlananda baş rolda özünü canlandirasan. Orada hər şey son məqamda qəhrəmana nəsib olur… Kim alıbsa, demək qızı reallıqdadır! Mənsə xəyal filmimin kapron lentini satıcını yamanlaya-yamanlaya yandırıram.

Sən darıxma, təzələri tez-tez gəlir. Mən alacam sənin üçün bir başqasını – üstü güllü, ya ulduzlu. Sarı Günəş, çilli Ay var. Göyərçinlər qoşa-qoşa bir budaqda oturublar, zövqü oxşar, incə, zərif. Ən çox könlüm seçən rəngi deyim indi – şabalıdı, ya qızılı.

Tellərinin rəng çalarını hələ tapmır təsəvvürüm. Sancaqların rəngini də dəyişirəm elə tez-tez. Amma telin çox zərifdir, yumşaqdır, körpə pişik balasının nazik, şüyrüm tükləri tək. Ona görə hər sancağı bəyənmirəm. Qabaları o tükləri incidərlər, qopararlar, əzərlər.

Sən ağlasan, keçmişimi qaralaram, səhvi ilə məni məyus etdiyinə.
Göz yaşına dözməyirəm, mən onunla əzilirəm, boğuluram.

Bu gün səni yaratmağa mane olan cinayətkar, qadın haqqını tapdalayır, gələcəyini pərdələyir. Mən­sə görürəm: sən yolumun qabağında, ayaq üstə, əllərini uzadırsan gövdəndən də irəliyə. Bilirəm, instinktdi hərəkətin. Addım atmaq, yüyürmək keçir könlündən. Qorxursan, dizin əsir – bu təbiidir. Kömək umur baxışların. Hansı yolla gələcəyin mənə məlum olmadığı üçün hələ sən də gözləyirsən ayaq üstə irəlidə! Bir az gözlə, qoy cığırın birini açım. Ayağına ilişəcək ot-ələfi o cığırdan yolub atım.

Sən gəlməsən, yüyürməsən, bilirsənmi nələr olar? Bu yollara sonsuz sevgim don geyinər qara rəngdə, düymələri bomboz yekə, qol-ətəyi cırıq-cırıq. Bu görkəmdə o, süst olub tükənər də.

Sən gəlməsən, bu yollar heç çatarmı öz adına, mənasına?!
Sən gəlməsən, necə olar mənim günüm?! Gözəl gülüm, gələcəyim, bu günümdə nağılım, sabahımda varlığım!
Sən gəlməsən, mən caniyəm – gələcəyi bilə-bilə öldürməklə.

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

1 Yorum

  1. 9 Eylül 2025, 23:01

    Döyəcəyim qapını sən açmasan o qapını bir daha döymərəm.getdiyim yollarda sənin xatirələrin olmasa o yolları heç vaxt getmərəm.

Giriş Yap

Medyabir Haber Ajansı ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!