Asif Ata: “Yurdçuluq — müqəddəsləşən torpaq, müqəddəsləşən Aqibət, müqəddəsləşən Xalq — bunların birliyi deməkdir!”
Müsahibim Asif Ata Ocağının Evladı, əslən Qərbi Azərbaycandan olub 1988-ci ildə öz yurd-yuvasından deportasiya olunmuş yazıçı Elli Atayurddur.
Sual: Elli qardaş, sən özün əslən Qərbi Azərbaycanlısan, uşağlığın və gəncliyin o yerlərdə keçib. O illəri necə xatırlayırsan?
Cavab: Ürəyində Günəş olsun!
Bəli, mən əslən Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonunun Haqqıxlı (Vurğun) kəndində doğulub böyümüşəm. Uşaqlığım bu uca dağlar qoynunda yerləşən, axarlı-baxarlı kənddə keçib. Kəndin ərazisində qədim türklərin izləri hər addımda adamın önünə çıxır. Qız qalası, Məntəş qalası, Şəhər dərəsi, Hörük daş, Pir kimi tarixi yerlər həmin ərazilərin tarixinin Atilla zamanı ilə səsləşdiyi görünür. Kilsənin yalı, Tesqaraf kimi yerlərdə isə xristiyanlığımızın tarixi hələ də yaşamaqdadır. O tarixi tikililərin izləri hələ də qalmaqdadı. Nə qədər ört basdır etmək istəsələr də türkün izini bitirə bilmirlər. Hər daşın altından türk izi çıxır. Təəssüf ki, zamanında müsəlman qısqanclığımızdan, xristianlığı irad tutmağımızdan tariximizin bu dönəmi bədxah qonşularımızın əlinə keçmişdir və öz tarixləri kimi göstərərək mənimsəmişlər. Türkün ən böyük xətası islamı qəbul etməsi oldu. Belə ki, indi biz tariximizin böyük bir dönəminə sahib çıxmağı özümüzə ar bilirik. Bu bizim tariximizin yazılmasında fəlakətimizdi.
Ermənilərlə “dinc yanaşı” yaşadığımız dövrdə — sovet dönəmində də bu və ya digər şəkildə onların təsirlərinə məruz qalırdıq. Onlar bizə düşmən kimi baxırdılar. Zahirən bunu göstərməzdilər. Buna həm sovet ideologiyası — xalqlar dostluğu ideologiyası və ən əsası özlərinin xisləti mane olurdu. Düşmənçiliklərini hər zaman ifadə edə bilmədiklərindən zaman və fürsət gözləyirdilər. Erməni fürsətçi millətdi. Fürsət düşəndə bizi həmişə arxadan vurublar. Biz o zamanlar aramıza bir qeyri millət nümayəndəsi düşsəydi, onun xatirinə hamımızın başa düşdüyü ortaq dildə, çox zaman rus dilində danışardıq. Onlar isə ikisi bir yerə düşsəydi, o dəqiqə erməni dilinə keçərdilər və digərlərinin onları başa düşüb düşməməsi onları maraqlandırmazdı. O zamanlar hamı sovet “xalqı” kimi bir olsa da, şovinizm açıq-aydın görünürdü. Biz isə sadəlövhcəsinə xalqlar dostluğuna inanırdıq. 1980-ci illərdə İrəvanda (Yerevan) əhalinin sayını artırmaq istərdilər. Bu metro açılışı üçün lazım idi. Mən də iş elanını götürüb getdim ora. O zamankı Bazalt, Armavto kimi iri trestlərə — konsernlərə işə düzəlmək üçün müraciət etdim. Təəcüblə dedilər ki, biz elə elan verməmişik. “Sovet Ermənistanı” qəzetini göstərdim. Dedilər biz türkcə bilmirik. Məndən başqa 20-30 nəfər işə düzəlməyə növbə gözləyirdilər. Onlar gözlədilər, çünki erməni idilər. Bizi oradan bu cür sıxışdırdılar. İş vermədilər, işləyənlərimizi bacarıqlı olsalar da qabağa çəkmədilər. O illəri heç də xoş xatırlamıram. Elə bil bizim ətrafımızda bir kabus dolaşmaqdaydı. Hər addımda bizə mane olan bir kabus.
Sual: “Qərbi Azərbaycana qayıdış” hərəkatına necə baxırsan?
Cavab: Qərbi Azərbaycana qayıdış gözəl səslənir. Hər bir Qərbi Azərbaycan kökənli türkün arzusu kimi qiymətləndirilə bilər ora qayıtmaq, o yerləri, o cığırları, o yolları, o torpağı, o yurdu görmək hamımızın arzusudu. Amma gəlin görək bu necə həyata keçirilir? Siyasi yolla alınan torpaq, siyasətə xidmət edər. Əslində torpağa siyasi münasibət mənfəət istəyindən yaranan münasibətdi. Bu münasibətdə torpaq yurda çevrilməz. Yurda çevrilməyən, yurdlaşmayan tormaq müqəddəsləşməz. Yurdlaşmayan, siyasiləşən torpaq müvəqqətilik zamanı saxlayar özündə. Bizim Qərbi Azərbaycan sevgimiz, o torpağın bizib idrakımızda yurdlaşmasıdı. Yəni Torpağa, vətənə siyasi deyil ruhani yanaşma vacibdi. Yurdlaşma ruhani yanaşmadan keçir. Ruh dedikdə biz mövhümat, xurafat, nə bilim meditasiya-filan başa düşmürük. Ruh dedikdə inam, idrak, mənəviyyat, iradə başa düşülür. Yurdçuluq — müqəddəsləşən torpaq, müqəddəsləşən Aqibət, müqəddəsləşən Xalq deməkdir. Müqəddəsləşən Aqidət yaşadığı zamanı müqəddəslik prinsipləriylə yaşamasıdı. Zərdüştllük, Babəklik, Qorqudluq, Nəsimilik, Füzulilik, Sazlıq, Muğamlıq bizim Aqibətimizdir. Bunlara sahib çıxmadan üzərində dayandığımız torpaq yurd olmayacaq. Xalqın müqəddəsləşməsi, milli dəyərləriylə yaşamasıdı. Milli kimliyini ifadə etməlidi. Özgəçiliklə yox, özümlüyü ilə özünü ifadə etməlidi. Asif Ata deyirdi, Müqəddəslik hadisənin mahiyyətə çatmasıdı. Siyasi yolla alınan torpaq vətən yox, fayda torpağı olar. Vətən, yurd öncə beyinlərdə yaranmalıdı, müqəddəslik üzərindən yaranmalıdı. O torpağa ruhani, müqəddəslik baxımından yanaşma olanda o VƏTƏNƏ çevrilir, YURDA çevrilir.
Asif Ata deyirdi, ən aşağı səviyyəli müstəqillik asıllıqdan yaxşıdı. Ümumi olaraq yurda dönüşün yurdçuluqdan keçdiyini deyirik. Amma bu gün Qərbi Azərbaycana gedə bilməməkdən siyasi qayıdış da olsa qayıtmaq yaxşıdı. Bu gün üçün təqdirəlayiq haldı.
Sual: “Qərbi Azərbaycana qayıdış” Asif Atanın “Uluyurd Hərəkatı” ideyasının içində necə yer alır?
Cavab: Uluyurd Hərəkatı, Asif Atanın dediyi kimi başlamalıdı. Həm də YURDçuluq əsasında başlamalıdı. Bu hərəkat inqilab deyil, siyasət deyil, intibah yoluyla başlamalıdı. Yəni xalqlaşmanın əsas amillərindən biri kimi yurdçuluq beyinlərdə yaranmalıdı. Hər bir türk yurdun nə olduğunu, Müqəddəsləşən Torpaq, Müqəddəsləşən Xalq, Müqəddəsləşən Aqibət olduğunu anlamalıdı. Qısa şəkildə desək, o torpağa sevgi onun üzərindəki təbii sərvətlərdən çox o torpağın müqəddəsliyinə, ata-baba torpağımız olduğuna görə, uğurunda canlarını qurban verənlərin ruhu naminə bizim olduğunu anlatmaq gərək. Babalarımız torpaqdan pay olmaz demişlər. Yəni torpaq maddidən çox ruhani anlamdı. Müqəddəslik yönümüzdü. İkincisi, biz xalqa onun böyüklüyünü anlatmalıyıq. Kiçik xalq yoxdu. Bu xalqa onun milli kimliyini anlatmaq gərək. Onun Aqibətini Zərdüştlüyünü, Babəkliyini, Qorqudluğunu, Nəsimiliyini, Füzuliliyini, Sazlığını, Muğamlılığını ona çatdırmaq lazımdı. Kiməsə bənzəməklə deyil, öz kimliyini, özünə tapınmaqla özünü ifadə etməlidi. Uluyurd Hərəkatı bu yönlü intibahdan keçir.
Sual: Sən Qərbi Azərbaycanın tarixinə dair bir neçə bədii əsərin müəllifisən. İdeal və gerçəkliyi bu əsərlərdə mütləq mənada təsvir edə bilmisənmi?
Cavab: Bilidiyin kimi mən əvvəlcə nəzmlə başladım, sonra isə nəsrə keçdim. Nəzmdə fikri tam ifadə etmək olmur. Nəzmin imkanları isə genişdir. “Haqqın harayı”, “Yurd haqqı” və “Haqqın ünvanı yoxdur” və ya “Həqiqətin savaşı” kitablarımın əsas mövzusu Qərbi Azərbaycana köçürülmələr zamanı ata-babalarımızın necə mübarizə apardıqlarını yazmışam. Adətən ədiblərimiz bu mübarizəni açıq şəkildə qaçaqçılıq, silahlı etirazlar, üsyanlar kimi süjetlərlə veriblər. Mən isə göstərməyə çalışmışam ki, ata-babalarımız bu cür məsələlərdə axırda silaha sarılıblar. İdraki düşüncələriylə də mübarizə aparıblar. Bu mübarizə axırıncı deportasiyaya qədər davam etmişdir. Kitablardakı hadisələr İkinci Dünya Müharibəsi dövrünə kimi davam etsə də onların sovetlərin çiçəkləndiyi dövrdə də məkr və hiylələri az olmamışdır. Bu baxımdam mübarizə davam etmişdir. Müharibədən sonrakı dövrü əhatə edən daha 4 əsərim var. Təəssüf, hələ çap etdirə bilməmişəm. Suala gəldikdə isə, məncə bunu oxucular bilər. Özümün isə Qərbi Azərbaycan barədə hələ demədiyim, deyə bilmədiyim fikirlər, hadisələr çoxdur. Yazdığım hadisələrin gerçəkliyinə şübhəm yoxdu. Çünki əksəriyyəti olmuş hadisələrdi. Yükümüz böyükdü.
Yukümüzdən böyük Fərəhimiz yoxdu. Qaranlıqlar yarılsın!
