Eluca Atali
  1. Haberler
  2. Yazarlar
  3. Um Üstündə Sərçələr

Um Üstündə Sərçələr

featured
Paylaş

Bu Yazıyı Paylaş

veya linki kopyala

Hekayə

“Kədərlənmə ki, daha səni sevən yoxdur.
Sevin ki, daha səni aldadan yoxdur!”

(Asif Ata)

Yalvarmaq və şikayət etmək mənlik deyil. Bu hallar təbiətimə yaddır, xasiyyətimə ziddir.
Məndən asılı olan hər şeyin düzələcəyinə həmişə içimdə inam olub.
Əgər bir iş təkcə məndən deyil, başqalarından da asılı olubsa, yenə də mən öz payıma düşəni reallaşdırmağa çalışmışam. Amma iş başqalarından asılı olanda qarşı tərəfin mənim inamımdan necə acgözlüklə istifadə etdiyini, onu mənimsəyib bədxərcliklə xərclədiyini görəndə, adamların bu qədər mənəviyyatsız olmasına acımışam.

Bayaq dedin: “Səni aldatmaq asan olar.” Razıyam! Çox da aldanmışam. Amma həmişə özümə deyil, aldadanlara yazığım gəlib. Çünki dar gündə təmənnasız yardım edən bir adamı itiriblər. Bəlkə də elə düşünərsən: “Özünə böyük qiymət verir.”
Amma niyə həqiqəti deməyim ki? Məni yaxından tanıyanda özün də buna əmin olacaqsan.

Bilirsən, niyə aldananda özümə yazığım gəlmir?
Çünki özümü toparlaya bilirəm, sınmıram. Məndən ayrılanın təbiətimə yad biri olduğunu anlayıram. Doğma olan adam aldatmaz ki! Səni anlamayan, sənin varlığına yük olar.

Adamlar ona görə əzab çəkirlər ki, pisi də yaxşı libasına bürüyüb içlərində gizlədirlər.
Mənim içim sınıq-salxaqlar üçün anbar deyil. Çünki pislik edənlər mənim üçün sınır.
Adamlar nəyisə asan əldə edə biləcəklərini görəndə ona beşəlli sarılırlar.

Mən ilk baxışda suda tez həll olunan şəkər tozunu xatırladıram: məni həll etmək, dadmaq, içmək mümkündür — amma həzm etmək çətindir.
Həzm etmək isə yalnız istifadə etdiyin gərəksizləşəndə onu özündən uzaqlaşdırmaq üçündür. Yoxsa içini dağıdar, əzabına çevrilər.
Adamlar məni ona görə həzm edə bilmirlər ki, mən bütövlüklə inamdan ibarətəm.

İnsan doyduğu şeydən imtina edir. Bəs inamdan imtina etmək mümkündürmü?
İmtina edə bilmədiyin şeyə gözün qalır, çünki boşluğu nə ilə dolduracağını bilmirsən.
İnamdan imtina etmək qeyri-mümkündür, eləcə də inam adamından tam üz döndərmək.
Həyat sıxdıqca insan inama qayıdır, ondan çıxış yolu gözləyir.

Məndən “doyub” imtina edənlər boşluğu doldurmaq üçün məndən böyüyünü tapa bilmədikləri üçün belə ediblər.

Dünyanı burnunun ucuna qədər görənlər üçün dünya yalnız öz mətbəxindən və məişətindən ibarətdir.
Düşüncənin darlığı insanın ətrafını hasara alır. İrəli baxmaq üçün boyundan uca hoppanmaq lazımdır.

Bəlkə də düşünəcəksən: “Hər zaman üzbəüz danışa bildiyim birinə niyə yazı ilə sözünü deyir?”
Haqlısan. Biz çox mövzularda danışa bilirik, fikirlərimiz çox vaxt üst-üstə düşür, xüsusilə siyasətdə. Təhlil edərkən də çox vaxt yanılmırıq.
Birlikdə saatlarla söhbət edə, çay içə, yorulanda yenə də davam edə bilərik. Amma şəxsi mövzular istisnadır.

Çünki problemlər fərqli olduqda bir-birini anlamaq da çətinləşir.
Bu gün mənim problemim sabah sənin də probleminə çevrilə bilər — əlbəttə, əgər məni sevirsənsə və məni itirməkdən qorxursansa.

İnamı dünyadan böyük olan adamın dərk edilmədiyi aləm onun üçün qəfəsdir. Nəğməsi isə dəmir divarı aşa bilməyən bir səs.
İnam adamları öz nəğmələrini özləri bəstələyib oxuyurlar, amma həzzini başqaları alır.
Onlar isə bu nəğmənin yarandığı yolda yalnız fərəhi yaşayırlar.
Başqasına aid olanda gözüm olmur. Heç vaxt şərikli şeyi sevməmişəm. Mənim olanı isə dərk etməyə və daim özümə məxsus saxlamağa çalışıram.

Dərk etmədiyim və mənə gərəksiz olan heç nəyi şəxsi dünyama buraxmıram.
Artıq şeylər zibil kimidir — üfunəti adamın burnunu qıcıqlandırar, çoxluğu əl-ayağa dolaşar, düşüncəni sıxar.
Əl-qol atmağa imkan verməz.

Bir anlıq yazmaqdan dayandım, baxışlarım masamın üstündəki boz dovşana ilişdi.
O, yemək yemir, gəzmir, sadəcə qorxaq baxışları ilə bir nöqtəyə baxır. Axı o, oyuncaşdır!
Onun cansız olduğunu çoxdan unutmuşam. Bir ara ona elə alışmışdım ki, boş vaxtlarımda əlimə alıb dovşanlar haqqında danışırdım.
O isə sakitcə qulaq asardı, gecələr yanımda yatırdı. Elə bilirdim, kimsəsizlikdən üşüyür.

Onu yaradan uşaqları qəlbən sevib, məncə. Amma mən həmişə ona baxanda elə bilirəm, onunla oynayacaq uşaq görmədiyi üçün özünü yetim sayır.
Əlinlə burnundan, qulağından, quyruğuna qədər sığallasan, içində istilik yaranar.
Elə bil doğma, isti nəvaziş axtaran bir kimsəyə sabah üçün pəncərə açırsan.
Amma bir sığalla verdiyin vədində aldatmamalısan. Heyvan da olsa, onlar yalanla doğrunu asan ayırırlar.

Heyvanlar duyğuludurlar. İnsanlar isə həm duyğulu, həm də hiss etdiklərini dilə gətirə bilən varlıqlardır.
Elə buna görə də hər şeyi yazsam, bu yazı romana çevrilər. Onsuz da uzun yazını oxumağa səndə səbr yoxdur.
Üstəlik, sən tez anlayansan, analitik təfəkkürlü, nəticə çıxarmağı bacaran birisən.
Elə buna görə də çox uzatmağı sözçülük hesab edirəm.

Zorla bahar yaranmaz — zorla yalnız inqilab olar.
Mən səndən səadət istəmirəm, çünki özüm işıq paylayıram.
Elə buna görə də yalvarmaq, sızlamaq mənə yad xasiyyətdir.
Səninlə danışanda çox kövrəlirəm, qəhər boğazımı sıxır.
İstəmirəm məni aciz hesab edəsən, ya da mənə yazığın gəlsin.

Sevgidə yazıqlıq duyğusu münasibətləri çürüdür.
Məni aldadan adamlar mənim üçün ölürlər. Amma mən heç vaxt ölü aləmini sevməmişəm — təbiətən isti adamam.

Keçən günkü söhbətində dedin: “Bu mühitə alış, işlə, maşın al…”
Pulla hər şeyi almaq olar, ancaq doğmalığı yox. Mən isə mühit adamı deyiləm.
O danışıqdan sonra gələcəyimin mənə nəsə vəd etdiyini görmədim.

Adamlar bəzən onlardan asılı olanları xudbinliklə əyir, onların əzilməsinə etinasız yanaşırlar.
Əgər sən də aldadanlar sırasında olsan, səninlə eyni havanı udmaq mənim üçün əzaba çevrilər.
Ona görə də son sözü deməyin vaxtı çatıb:
Bu gün mənim şəxsi problemim olan məsələ sabah sənin də problemin ola bilər — əlbəttə, əgər məni itirməkdən qorxursansa.

Təəssüf ki, sevginin vahid tərifi yoxdur. Onda bilərdin mənim üçün kim olduğunu…

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Medyabir Haber Ajansı ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!