Eluca Atali
  1. Haberler
  2. Yazarlar
  3. Təhlükə harda yoxdur?

Təhlükə harda yoxdur?

featured
Paylaş

Bu Yazıyı Paylaş

veya linki kopyala

Gözlənilmədən sanki canından elektirik keçdi, bədəni necə gizildədisə, ayaqlarını

cütləyib, qanadlarını tam yerə şaquli istiqamətdə saxlayıb, göy üzündə hərəkətsiz

dayandı. Bu quş aləmində uçmaq istəmədiyini ifadə etməz, göy üzündə hərəkətsiz

qalmaq məkansızlıq anlamını daşıyar.

İndi o, torpağı, yoxsa səmanı seçməlidir?

Bilirsiniz, o niyə bax beləcə göydən, daha doğrusu, boşluqdan asılı qalmışdı? Çünki

atasının yeyilmə anı haqqında danışılanlar yadına düşmüşdü. Bəli, səhv eşitmədiniz, atası

yeyilmişdi, həm də yerdə Qara Pişik kimi bir yırtıcının şikarına çevrilməyib, həmcinsi

tərəfindən xəlvətə salınıb səmanın sonsuzluğunda boğazlanmışdı. Düzdü, o özü bu

səhnəni görməmişdi, ancaq olanların hamısını ona danışan çoxbilmiş Bildirçin olmuşdu.

Onun bir anlıq gözlərini yumması səbəbsiz deyildi, əzablı hadisə onu səmanı seyr

etməkdən məhrum edirdi. Bir anlıq hər şeyi unutmaq, özü ilə baş-başa qalmaq istədi,

ancaq tez də vaz keçdi. Bu dəqiqə yaddaşını qanadan hadisə onu vadar edirdi

göyün təhlükəsizliyini unutsun. Ehtiyat, qorunma, həm də quş ayıqlığını itirməmək kimi

ömrünə hakim olmalı duyğunu özündən kənara qovmamalı idi.

Göyün sirri-sehri ilk baxışdan canlını özünə cəlb edir, ovsunlayır, ancaq göy

əlçatmazlığının içindəki hadisələr bax, beləcə indiki kimi ona əzab verirdi. Əlbəttə, unuda

bilmədiyindən. Bir də necə unuda bilərdi, əgər əbədiyyət eşqi ilə yaşayan bir canlı göy

boyda sonsuzluqda yeyilirdisə?

Ağ Göyərçin yerdəki təhlükədən göyə qaçmışdı, sevinirdi ki, pişiklər göyə dırmaşa

bilmirlər. Tez də fikrindən daşındı, bu çıxış yolu deyil, təhlükədən müvəqqəti qurtuluşdur.

Bəlkə də indiki hadisədən çıxış yoludur, o da durumdan düzgün yararlansan.

Yaşı çox deyildi, yəni istəsəydi belə atasının gedər-gəlməz yolçuluğunu incəliyinə kimi

xatırlaya bilməzdi. O zamandan yaddaşına həkk olunmuş bir cümlə vardı: Əbədiyyət

riskini canlı öz üzərinə götürür! Risk kəlməsini bu dəqiqə boşluqda durub yerlə göy

arasında seçim aparana qədər anlamamışdı.

Əbədiyyət səfərindən geri qayıdan Bildirçin nağıl edirdi ki, əslində yolu yarıda

qoymasının əsas səbəbi onun atasının Kərkəs tərəfindən didim-didim didilib rahathulqum

olması idi. “Bəlkə də dönməzdim, əgər hadisəni öz gözlərimlə müşahidə etməsəydim”

demişdi. O zaman bizim quş sual etmişdi: “Sən etiraz etdinmi səfər yoldaşının fürsətə

salınıb yeyilməsinə?” Bildirçin susmuşdu, əlbəttə, o həyasız quşlardan deyildi, desin ki,

zəifin güclü tərəfindən yeyilməsi məqbuldur. Başqa canlılara baxanda, Bildirçində bir az

ləyaqət, bir az da vicdan vardı. Həm də bir az cəsarət vardı… Göründüyü kimi, hər şeydən

onda bir qədər vardı, üst-üstə bu “bir az”lar birləşib onun yetkin quş olmasına yetmirdi.

O, Ağ Göyərçinin atasına qarşı olan haqsızlığa üsyan etməmişdi. Bu Ağ Göyərçini məyus

edirdi. “Susmuşdu, barı bir qımıldanıb, atamın haqqını müdafiə edəydi.” — Onun balaca quşa qarşı iradı bundan ibarət idi.

— Susan yalnız mən deyildim, hamı susub öz yoluna davam edirdi.

— Beləcə heç nə olmamış kimi? — Atasının halına yanan quş təəccüblənmişdi.

Bu an Bildirçin azca keçmişə — iki il öncə o uzun səfəri xatırlamalı oldu. Bir qədər də

incəliyinə gedəndə Kərkəsin qırğı gözlərini xatırladı, nədənsə onun aşağı əyilmiş ucu şiş

dimdiyindən çox gözləri yaddaşına ilişib onunla birgə hər yerə uçurdu. O, ilk dəfə Kərkəslə

üz-üzə gələndə elə dərk etmişdi, bu quş dimdiyi ilə yox, məhz gözləri ilə ovunu parçalayır.

Onun gözlərində şikarına qarşı yanan alovun quşa ötürdüyü qorxunun təsiri idimi bu,

yoxsa nəsə. Təəssüf, Bildirçin hələ də bunu dərk edə bilməmişdi. Bəlkə də, çox uydurub,

şişirdirdi, amma ona elə gəlirdi, Kərkəs istəsə on iki kiloqramlıq gövdəsi ilə bütün mavi

buludları yarıb yerə tökər. “Yekə gövdə böyük əməl yetirməyə qadirdir!” kimi yalnış fikri

onda yaradan məhz bu yırtıcı olmuşdu.

— Əgər dəstədəki Durna, Qaz, Qu, Leylək, Qartal, Bayquş kimi nəhənglər haqsızlığa

səs çıxarıb qımıldanmırlarsa, sən necə düşünürsən, onlardan dəfələrlə cılız olan bir

Bildirçin qəhrəmanmı çıxıb? O etiraz edib, Kərkəs kimi bir nəhəngdən özünə düşmən

qazana?

— Qartalla Bayquş dinməyə bilərdilər.

— Nədən onları susmuş nəhənglər sırasından əlüstü çıxartdın? — Bildirçin təəccüblə

sual etdi.

— Çünki onlar da Kərkəs kimi ət yeyən quşlardır. Qaldı sənə…

— Hə, məndə nə irad axtarırsan?

— Axı haqsızlığa göz yummaqla sən də haqsızın tərəfində olmusan.

O, bu yerdə Ağ Göyərçinin dediklərinə şərik çıxmışdı, di gəl ki…

— Haqlının tərəfini saxlamağa gərək vardımı, bir halda ki, o artıq yeyilib qurtarmışdı?

— Məncə, vardı! — Ağ Göyərçin fikrində qətiyyətli idi.

— Niyə vardı?

— Birincisi, Kərkəs düşündü ki, hamı onun kimi fürsətcildir. Əllərinə imkan düşən kimi

başqasını parçalayıb yeməyə hazırdırlar. Bununla da öz yırtıcılığına bəraət qazandırmış

oldu. İkincisi, haqsızlığın özü normal hala çevrilmiş olur. Üçüncüsü…

Üçüncüsünü deməklə, Bildirçini sındıra bilərdi. Anidən susub qarşısındakı quşa göz

atdı. Onun dilinə gətirə bilmədiyi təyin haqsızlıqla bağlı mühakimə deyildi. O birbaşa

Bildirçinin öz kimliyi ilə bağlı idi. Demək istəyirdi, sən bu zəif xislətinlə nədən əbədi

yaşamaq istəyirsən? İstəyirsən, zəifliyinlə haqsızlığı əbədi yaşadasan?

Ağ Göyərçinin haqsızlıqla bağlı düşüncələrinə Bildirçin etiraz etmədi, sadəcə, gözlərini

yumdu. Həm də möhkəm-möhkəm sıxıb yumdu. Bu bildirçinlər aləmində ətrafdan təcrid

olunub öz aləmində qalmaq, fikrini cəmləmək üçün çox gərəkdir.

— Atan yaxşı uça bilmirdi.

— Olsun!— Dəstədən geri qalırdı…

— Bu, onun qurbana çevrilməsinə işarə ola bilməzdi.

— Məncə, zəifliyi…

Bildirçinə fikrini tamamlamağa Ağ Göyərçin imkan vermədi.

— Zəifliyi yorğunluğundan doğurdu. Arxaya qalıb güc toplayıb yenidən dəstəyə

qayıda bilərdi.

— Kərkəs dedi, mən ana təbiətin həkimiyəm. Mənim təbiətdəki missiyam xəstələri

məhv etməkdir. Bununla da…

— Bununla da öz günahına müqəddəs don biçmiş oldu!

— Yox, dedi, mən yalnız öhdəmə düşəni edirəm.

— İlahi, sən bu yırtıcıdakı özünə bəraət haqqına bir bax!

— Kərkəs bakteriyanı təmizləyir.

— Bunu sən necə təyin etdin?

— Yox, bu mənim çıxartdığım qərar deyil. O dedi, mən təbiəti bakteriyadan

təmizləyirəm!

— O, sadəcə bunu dedi?

— Başqa şeylər də deyirdi. Düzü, ağzı ov əti ilə dolu olduğundan nitqini aydın eşidə

bilmirdim, qulağıma yalnız qırıq-qırıq səslər dəyirdi. Mən o səsləri bir araya yığıb, bu

cümləni düzəltdim: “Mən xeyirxaqlıq edirəm, çirklənmiş təbiəti bakteriyalardan

təmizləyirəm!” Dostum, etiraf edirəm, onun etdiklərinə qarşı mən kiçik vücud sahibi aciz

idim. Seyr etməkdən savayı əlimdən nə gəlirdi?

Məlumdur, Bildirçin Göyərçinin gözündən düşməmək üçün hər sözü ölçüb-biçirdi.

Bunu Göyərçin də anlayırdı, ancaq atasının yerdə yox, göy kimi müqəddəs, saf, mavi,

əlçatmaz bir məkanda boğazlanması, didilib, parçalanması və ən pisi parçalayanın özünə

bəraət qazandırması qəbuledilməz idi. Yəni doğrudanmı, hamı Kərkəsin yırtıcılığından

çəkinirdi? Yoxsa hegemonluğa qarşı biganəlik hökm sürürdü? Bəlkə hamısı öz canından

qorxurdu? Əgər qorxurdularsa, bu qorxu ilə uzun yola necə çıxmışdılar? Gerçəkdənmi yol

sahiblərinin hamısı gözlə şahid olduqları hadisədən məmnun idilər? Görəsən, vicdanları

az da olsa, onlara ağrı verdimi?

Bildirçin gözlərini açdı, Ağ Göyərçinin fikrini oxuyurmuş kimi dilləndi.

— Nədən o boyda Durna, Qaz, Qu, Qartal, Leylək kimi nəhənglərin susduğu bir

məqamda sən yalnız Bildirçindən igidlik gözləyirsən?

Bu yerdə Ağ Göyərçinin acı-acı gülümsəməkdən savayı əlindən heç nə gəlmədi.

İstədi desin, dostum, qəhrəmanlıq boyla, gövdə ilə yox, cəsarətlə, qorxmazlıqla ölçülür.

Sən bunu anlamadığın üçün adilərdən birisən, çətin məqamda aradan çıxmaq

qabiliyyətin başqalarından heç də əksik deyil ki, artıqdır.

— Əlbəttə, hamının öz canını salamat saxlamaq istədiyi bir məkanda niyə sən hünərli

çıxmalıydın?— Rixşənd edirsən? – Bildirçin utandığından Ağ Göyərçinə baxmadan sual etdi.

— Rixşənd niyə? Doğrunu söyləyirəm.

— Əgər sən özün bu hadisənin içində olsaydın, nə edərdin? Yeyilənin halına

acımaqdan savayı əlindən nə gələrdi? Uzağı yolundan qalıb, havada bir neçə dəfə halə

vurub quruldayacaqdın. Başqa?

O, Bildirçinin sualına tez-tələsik cavab verə bilməzdi. Baxışını söyləməklə gerçək

hadisənin içində olub, anında düzgün nəticə çıxarmaq başqa-başqa idi. O üzdən Ağ

Göyərçin düşünməyə başladı.

— Hə, nə oldu, dillənsənə?

— Atamın tərəfində durardım.

— Atan olduğu üçün bunu edərdin, çünki, doğmandır. Orda yeyilən bir bildirçin və ya

sərçə olduğunda sən də hamı kimi başını qabağa uzadıb, qanadlarını geniş açıb qarşına

qoyduğun məqsədə doğru uçardın. Doğmanı itirmək bütün canlılarda heyifsilənmək

duyğusunu gücləndirir. Dərk edirsən, itirdiyin doğmanın yerini heç nə ilə doldura

bilməyəcəksən. Bu zaman instinktlərin sənə güc gəlir ki, vuruşmaq üçün səfərbər olasan.

Bəzən qarşındakının səndən qat-qat güclü olduğunu belə unudursan. Ancaq parçalanıb

yeyilən səndən olmayanda ona qarşı biganəlik duyğun olmasa belə, can yanğın səni

hadisədən uzaq durmağa sövq edir.

— Acizliyin cövlan etdiyi bir məkan… — Ağ Göyərçinin özünün də ideal olmadığını,

nöqsanlarla dolu olduğunu dərk etməyə Bildirçinin sualı imkan yaratmışdı. Doğrudanmı,

o yalnız atası olduğu üçün Kərkəsə qarşı güc göstərərdi və ya onun yırtıcılığına qarşı etiraz

edərdi. Bildirçin ittihamında haqlı deyildimi? Təhlükəyə qədər özünü qəhrəman saymaq

bütün canlılarda güclüdür.

— Etirazlar Kərkəs kimi özünü təbiətin qoruyucusu sayan bir quşun ürəyinə

mərhəmət salmaq nədir, tükünü belə tərpətməyəcəkdi. Yerdə öz yeminin qırıntısını belə

kimsəyə qıymayan, göydə ovsuzluqdan acından gəbərmək qədər amansız bir təhlükə ilə

üz-üzə qalan canlıya, düşünürsən, nəsə kar edəcəkdi?

— Açığını deyim, beynim çox qarışıb. Sənin nə dərəcədə haqlı və ya haqsız olduğunu

bilmirəm, di gəl, bildiyim odur ki, hamı ağzına su alıb susub, Kərkəsin amansızlığını,

vəhşiliyini yalnız kənardan tamaşaçı kimi seyr edib.

— Yox, səhvin var!

— Nədədir səhvim?

— Hamı susmamışdı, haqqın tərəfində duran tapıldı.

— Yəni qorxu yuxusundan kimsə ayıldımı?

— Hamılıqdan bir quş ayrıldı…

— Kim imiş o belə, bu qədər böyük cəsarəti özündə tapan?!

— Başarı!

— Ah, o əbədiyyətə qovuşan kiçik quşcığaz?— Hə, o hamını silkələdi, sarsıtdı.

— Mənim atama görə?

— Yox…

— Bəs?

— Haqsızlığa görə. Əgər yeyilən sənin atan yox, istənilən canlı olsaydı, o yenə də

biganə qalmayacaqdı. Çünki o, haqqın tərəfində durmağı üstün tutdu. O yalnız sənin

atanın haqqını müdafiə etmirdi, müqəddəs yola olmuş xəyanəti lənətləyirdi. Mən

düşündüm ki, bu dəqiqə Kərkəs Göyərçini tullayıb, Başarını boğazlamaq üçün onun

üzərinə cumsa belə dilini saxlamaz.

— Bəlkə o anlamışdı ki, Kərkəs axmaq deyil. Onun aclığını öldürəcək qədər əti olan

bir canlını tullayıb, tükü ilə birgə əti uzaqbaşı iki qram olan birisinin üstünə cummaz.

— Onda bəs başqa quşlar niyə onun kimi düşünüb qərar çıxartmırdılar?

Atasının nahaqdan yemə çevrilməsi ilə barışa bilməyən Ağ Göyərçin ilə qorxudan

əbədiyyət səfərini yarı yolda buraxmış Bildirçin arasında haqq, ədalət kəlmələri ətrafında

mühakimə çox uzandı. Gözlənilmədən Bildirçin Başarı üçün yaranmış təhlükəni Göyərçinə

söyləməyi özünə borc bildi.

— O, iki qramlıq olsa belə, Kərkəs onu da hədəfə aldı. Onun dil boğaza qoymayıb ölü

Göyərçinin haqqını tələb etməsini Kərkəs heç cürə bağışlamırdı. Bütün cəhdləri ilə özünü

təmizə çıxarmaq, təbiətin həkimi olduğu üçün xəstələrdən, zəiflərdən, zəlillərdən,

gücsüzlərdən təbiəti təmizləmək missiyasından savayı, təbiət qarşısında yeni bir borcu da

yoluq boynuna yükləmək qərarına gəldi.

— Nə borc idi o belə?

— O dedi ki, bundan sonra gərək mən təbiətin mənəvi ekologiyasını da qoruyam.

— Yəni? — Ağ Göyərçin Bildirçinin mənəvi ekologiya ilə bağlı deyəcəklərini yaxşı

eşitsin deyə bir neçə xırda addım atıb ona daha da yaxınlaşdı.

— Dedi, bundan sonra mən təbiəti nankorlardan da təmizləməliyəm.

Başarı ondan sual etdi ki, sən bununla özünə yeni yem yeri qazanmaq istəyirsən?

Kərkəssə yox dedi, anam təbiətin ləyaqətini qorumaq istəyirəm.

— Ah… — Ağ Göyərçin bir xeyli susdu, Başarıdakı cəsarətə heyrət etməklə yanaşı

“Mən onun kimi ola bilərdimmi?” — deyə özünə sual verdi.

— Kərkəsin bu sözündən sonra Başarı susdumu? — Atasının haqqını müdafiə etmiş

canlı haqda daha çox eşitmək, öyrənmək istəyirdi.

— Susmaq? Yox, qətiyyən! Əksinə, dəstə başçısı Durnaya yan alıb onu

cəsarətləndirməyə çalışdı. Göyərçini müdafiə etmədiyi üçün onu qınadı. O isə “Axı bizim

Kərkəsə gücümüz çatmır…”- deyə acizanə şəkildə günahını boynuna aldı. Başarı isə

hayqırdı: “Belə çıxır, azman bir dəstə bir hegemona tabe olmalıdır?”

Durna “hə” dedi, Başarı “yox” deyib etiraz etdi.

— Sonra nə oldu?— Haqq kəlməsi ətrafında dialoqlar didişmə səviyyəsinə qalxanda qarnı tox Kərkəs

tab gətirməyib yerə doğru yön aldı.

— Ləyaqəti baş qaldırmışdı? — Göyərçin acı-acı gülümsəyərək sual edəndə Bildirçin

bunu dedi.

— Düşünmürəm, bu ləyaqət hissinin yaratdığı peşmançılıq olsun. Sadəcə, nifrin

yağan baxışlar altında sınmışdı. Axı ona nifrət edən bir dəstə arasında necə qanad çalıb

qabağa gedə bilərdi? Nifrət canlının enerjisini parçalayıb puç edir. O, dəstədən ayrılıb

getdiyi an quşlar ağız-ağıza verib onun arxasınca dedilər: Xəyanətkara aramızda yer

yoxdur!

— Əgər yırtıcı xəyanətkar dəstədən ayrılmışdısa, o zaman əbəs deyildimi sən yolunu

dəyişdin?

— Dostum, kim mənə möhlət verə bilərdi, gecə qaranlığında uçduğum anda arxadan

Bayquş, Qartal və ya iti gözlü Şahin məni haqlamayacaqdı? Dəstədə olan yeddi yarasanın

dalbadal qeyb olmasının günahkarı Bayquş deyildimi? Gecə quşlarını xəlvətə salıb, hopp

edib bir ağıza uddu.

— Bunu necə edə bildi?

— Çox sadəcə. Gecələr bütün dəstədəkilər mürgü vura-vura qabağa can

dərdi uçurdular, Bayquşsa əksinə, çox iti sürətlə uça bilirdi. Çünki gecə qaranlığında o iti

görür.

— Aha, qəribədir. Əgər bir və ya iki yarasanı udmuşdusa, digər yarasalar niyə

yeyilmiş yoldaşlarından dərs götürmədilər?

— Məgər bilmirsən, yarasalar gördüklərindən yox, yalnız öz üzərilərində, özləri ilə

bağlı hadisələrdən dərs alırlar.

— Açığı, bunu indi öyrəndim. Mən gecələr uçmadığım üçün onlarla heç vaxt

rastlaşmadım.

— Bayquşla Qartalın yerli-yersiz ağızlarını geniş açıb qırmızı dillərini nümayiş

etdirmələri iştahlarının güclü olmasından xəbər verirdi.

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Medyabir Haber Ajansı ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!