Eluca Atali
  1. Haberler
  2. Yazarlar
  3. Sabahki Əfşinlərə

Sabahki Əfşinlərə

featured
Paylaş

Bu Yazıyı Paylaş

veya linki kopyala

(Təbrizdə öz iş otağında İran ETTELAAT-ı tərəfindən boğazından asılmış 25 yaşlı Təbrizli gənc Əfşin İrfan Xosrovşahın xatirəsinə)

Esse


I

Ey adı olmayan, dibi görünməyən, qaranlıq və susuz quyu!

Bu gün sən — beynində azadlıq toxumu cücərmiş Əfşin İrfan Xosrovşahı öldürdün. Amma sabah onun düşüncəsini daşıyan milyonlarla Əfşin İrfan Xosrovşah doğulacaq, sənin ətrafında cücərəcək və o qurumuş dibini daşlayacaqlar.

Unutma: susuz quyu daşlananda, dərinliyindən asılı olmayaraq dolur və yerlə bərabər olur.


II

O, sözünü bitirib başını qaldırdı. Səmada qanadlarını tam açmış kiçik bir quş yorulmadan irəli atılırdı.

Göyün maviliyinə, səmanın sonsuzluğuna, uçduğu boşluğun genişliyinə baxdıqca daha da yüksəlirdi.

O, doğulmamışdan əvvəl taleyi həll olunmuş, küncündə yemi və suyu hazır qoyulmuş dar dəmir qəfəsi indi xatırlamırdı.

Quş uçmaqla sadəcə təbiətin ona bəxş etdiyi imkanı reallaşdırmırdı — o, həm də varlığını sübut edirdi. Taleyinin üstündən xətt çəkərək, istədiyi kimi özünə yeni bir aqibət yazırdı! Ürəyi qanadına, bədəni ruhuna hökm edirdi. İndi o, öz taleyinin hakimi idi.

Heç kim ona hansı istiqamətə uçmağı demirdi.

Onu seyr etdikcə, Əfşin içində boğulan varlığını, coşan duyğularını hiss etdi. Daxilində doğulmağa hazır bir tufan vardı!

O, azadlığa vurğun idi. Ruhu azadlıq deyə səslənirdi.

Quş hazır verilmişlərin fövqünə qalxırdı, Əfşinsə durduğu yerdəcə sabahını doğururdu.


III

Sən isə, quyu, dərinliyində yalnız boşluq daşıyan, bütün imkanları tükənmiş, gələcəyi olmayan bir bugünsən.

Bilməlisən: azadlıq aşiqinin üfüqləri geniş, qanadları möhkəm, səması sonsuz olur.

O, başımızın üstündə uçacaq! Bugünkü Əfşinlər yox olsa da, sabahkı Əfşinlər onun arzularını gerçəkləşdirəcək körpə quşcuğazlardır.

Sən onları görməyəcəksən. Çünki onlar doğulanda, sən çoxdan yerlə-yeksan olub dünyadan silinmiş olacaqsan.

Yerlə bir olanın sabahı yoxdur, yalnız bu günü var.

Sən onun bədənini öldürdün, amma azadlıq sevgisini, göy eşqini hörməli dəmir qəfəsinə sığışdıra bilmədin.

Çünki azadlıq toxumu onun beynində göyərmiş, ürəyini vücudundan qat-qat böyük etmişdi!


IV

Dibsiz, qaranlıq quyu torpağa ləkə, insanlığa isə üz qarasıdır.

Ağzı açıq quyu, yanan ciyərlərə su vədi ilə yaxınını, doğmasını aldadıb dibində batırar.

Sən istəyirsən hamı inansın ki, səndə su var, hətta onun dadının şirin olduğunu da sübut etsinlər. Amma anlamırsan: bu gedişlə özünü də aldatmısan.

Qürurlu görünməyə çalışsan da, artıq udduğun qapağın içində boğulmusan. Yalanını doğru kimi təlqin edə-edə öz uydurmana inanırsan.

Amma dünyada uçulmayan büt yoxdur.

Bütün bütləri insan yaradıb və öz yaratdığında özünü görə bilməyəndə, insanlıq bir gün o bütləri sındırıb.

İnsanın daxili üsyanına qarşı duracaq heç bir qüvvə yoxdur. Çünki həmin an insan yalnız özü ilə qalır və yalnız özünü eşidir.

Sən, quyu, təlqinsiz heç nəsən. Puçluqsan. Amma dolu görünürsən, çünki insanlara var olduğunu inandırmısan.

Əgər bu təlqin olmasaydı, çoxdan unudulardın.

Sən gözləri pərdələyib işığı unutdurmusan.

Qulaqları kar edib, xoş nəğmələri unutdurmusan.

Ayaqları qandallayıb, insanlara hərəkəti unutdurmusan.

Dilləri bağlayıb, yalnız öz adını deməyə məcbur etmisən.

Amma yaşatdığını sandığın bu hərəkətsizlik əslində öldürür.

Görməyən göz, eşitməyən qulaq, yeriməyən ayaq, danışmayan dil, düşünməyən beyin, döyünməyən ürək — ÖLÜDÜR!

Sən ölülərin sahibisən.

Kim nəyə hakimdirsə, özü də odur.

Sən diri kimi görünürsən, çünki səni saydırıblar. Amma içində özün yoxsan.


V

Əfşinləri görən gözlər açılır.

Əfşinləri eşidən qulaqlar səsləri seçir.

Əfşinlərin addımları insanlara yeriməyi öyrədir.

Susmuş dillər Əfşinlərin azadlıq dastanının sözləri ilə açılır.

Beyin anlayır ki, yalnız Əfşinlərin düşüncəsi ilə yaşamaq — həqiqi “öz” olmaqdır.

Və bu bədənlərin ürəkləri Əfşinlərin ürək ritmi ilə döyünür.


VI

Azadlıq aşiqinin döyünən ürəyi indi al rəngli bir örtüyə bürünüb Təbriz gənclərinin başı üzərinə qaldırılmışdı. Bir zamanlar Babək Xürrəmidin Bəzz qalasında ucaltdığı qanlı bayraq kimi.

Amma bu bayraq dalğalanmırdı — ağır idi. Ağırlığı təkcə ruhunun və arzusunun yox, həm də vücudunun onlarla birgə yüksəyə qalxması idi.

Əfşinin düşüncəsindən qidalanmış barmaqlar onu baş üstündə irəli aparırdı. Onlar bu ağırlığı hiss etmirdilər — çünki artıq bu yük milyonların çiyinlərinə yayılmışdı və hər kəs onu quş kimi yüngül hiss edirdi.

Göydə quşlar uçurdu, yüngüllüklə buludların arasından sürətlə irəli şığıyırdılar.

Qoca Təbriz ağlamırdı, göz yaşları yanağında qurumuşdu.

Təbriz dərd öyrədən oğluyla vidalaşırdı. Dizlərini ovxalayıb ayağa qalxmış, irəli gedən gənclərin başı üzərinə qaldırdığı oğluna son dəfə “Yaxşı yol!” deyirdi.

Səmada quşlar qanadlarını gərib ürəklərinin hökmü ilə irəli şığıyırdılar…

Yerdə isə, azadlığı millətinin dərmanı bilən Əfşin, özündən bixəbər irəliləyirdi.

Təbriz oyanmışdı! Gözlərini geniş açmış, günəşin şəfəqlərinə baxaraq qamaşmırdı.

Onlar Əfşin İrfan Xosrovşahı heç bir quyuya qıymadan başlarının üstündə daşıyır, irəli — yalnız irəli aparırdılar.

Sabah doğulacaq Əfşinlərin onu görməsi üçün.


26 Qismət Günü, İşıq Ayı, 30-cu il
26.05.08, Stokholm

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Medyabir Haber Ajansı ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!