Eluca Atali

MƏŞQ ETMƏKLƏ CANLININ UÇACAĞINA İNANAN DURNA

featured

(“Atanurun macəraları” kitabından)
Atanur sakit və məyus idi, xalasını harda axtaracağını müəyyən edə bilmirdi. Bu zaman bir Durna quşu uça-uça düz onun oturduğu daşın qarşısına gəldi. Axı, durnalar hara uçacaqlarını müəyyən etməkdən ötrü tam qərara gəldikdən sonra müəyyən etdikləri yerə birbaşa uçarlar. Bu quş da qızın qarşısına durduğu təpədən qanad çalıb birnəfəsə hövlak gəldi. Uzun qanadlarını geniş açıb barmaqları üzərinə qalxdı. Qızın ona məhəl qoymadığını görüb iki metrəyədək yüksəyə qalxıb yenidən özünü yerə buraxdı. Onun hərəkətlərinə qızı etinasız görüb ayaqlarını yerdən üzüb bir dəfə yerindəcə dövrə vurdu və qanadlarını havalandırıb yerə qondu. Ah, edib rahat nəfəs aldı. Durnalar bir yerdə durmaq qərarına gəldikdə bu növ ah etmək onlarda adi haldır. Yəni istədiyini əldə etməkdən ötrü burda qalmaq önəmlidir. Atanurun o tərəfinə-bu tərəfinə keçib, başında yarım dairəvi dövrə vurub ona baxdı.
– Sən ağlayırsan?
– Hüüü…
Uzun boğazını uşağa yaxınlaşdıran quş sual etdi:
– Niyə ağlayırsan?
– Niyə də ağlamayım?
Quş çiyinlərini çəkdi, həm də bir dəfə yox, bir neçə dəfə. Zənn etmək olardı o yerində rəqs edir, amma əslində bu rəqs deyildi. Sadəcə “bilmirəm” əlamətinin durna quşunun aləmində hərəkətlə ifadəsi idi. Lakin bu yerdə qızın onun bədən hərəkətini anlamaması Durnanı məcbur etdi dillənsin.
– Nə bilim?
– Xalam itib.
– Ondan ötrü ağlamağa dəyməz ki.
– Axı mən yalnız qalmışam.
Durna səsinə mülayimlik qatdı, sol qanadını qaldırıb qızın başına sığal çəkdi.
– Mən də yalnızam, dost olaq, onda heç birimiz yalnız olmarıq.
– Səndən mənə xala olar?
Quş əvvəlki mülayimliklə sual etdi:
– Niyə olmur ki?
– Xalam mənə hər gecə nağıl danışırdı. – İncik şəkildə Durnanı süzdü: – Sən hər gecə mənə nağıl danışa bilərsən?
Durna hər iki qanadını başına qaldırıb bir xeyli başını qaşıdı.
– Nağıl… Nağıl… Əlbəttə, danışaram.
– Necə?
Durna qanadlarını qarşısına gətirib onları havada şax tutdu. Qız onun hərəkətlərinə göz atdı; amma iki qanadın eyni halda quşun gözləri qarşısında havaya qalxmasının mənasını anlamadı. Belə olduqda Durna sözlə dedi:
– Çox sadəcə.
– Axı, sən kitab oxuya bilmirsən. Xalam mənə çoxlu şəkilli kitablar alıb nağılları ordan mənə oxuyur.
– Nağıl danışmaq üçün kitab oxumaq lazım deyil. Əsas, – qanadının ucu ilə başına döyəclədi – buranı işlətmək vacibdir.
– Yəni sənin balaca başına o qədər nağıl yerləşir? – Atanur təəccüblə Durnanı süzəndə o cəld dilləndi.
– Mən çoxlu ölkələr gəzmişəm, çox şeylər görmüşəm. Hamısını sənə nağıl edərəm.
– Hə…
– Hə… – Durna təmkinlə təsdiqləyəndən sonra qanadının ucu ilə onun gözyaşını sildi.
– Elə isə başla!
– Nəyə?
– Nağıl danışmağa.
Durna ciddi görkəm alıb dimdiklərini şaqqıldatdı.
– Qoy, yadıma salım. – Qanadlarını havalandıra-havalandıra ortada gəzib, hərdən bir də başını göyə qaldırıb uzun dimdiklərini ayırıb bir-iki ağız qa-qa edib durdu.
– Hə, nə oldu?
– Qaq, qaq, qaq…
– Mən sənin nağılını başa düşmürəm… – Qız incik səslə Durnanın “qaq-qaq” larına etiraz etdi.
– Mən hələ heç nə danışmamışam.
– Bəs, nə deyirdin?
– Mən hələ, – şax lələyini gicgahına dirədi, – yaddaşımı qurdalayıram. Səbrli ol, durnalar nağıl axtaranda bütün güclərini səfərbər etməlidirlər. – Susub addımlayır, qəfildən qanadlarını geniş açıb Atanurun yaxınında dayanır. Barmaqları üzərinə qalxıb qanadlarını havalandırır, təbii ki, bütün sevincək olan durna quşlarında müşahidə edilən adi haldır bu. – Aha, tapdım! Biri vardı, biri yoxdu, bir Durna vardı.
– Düz danışmırsan! – Atanur qaş-qabağını yığıb onun sözünü kəsdi.
– Nəyi səhvdir?
– Xalamın nağılları belə başlamır.
– Bəs, necə başlayır?
– Bax, belə… – Guya əlində kitab tutub. – Biri vardı, biri yoxdu, bir Atanur vardı.
Etiraz əlaməti olaraq Durna başını yırğaladı.
– Ne heyyy, neheyyy… – “Ne hey” Durnanın dilində etiraz əlaməti idi, “nehey”in sonundakı y-ların çoxalması etirazın yüksək dərəcəsini bildirirdi. – Axı, mən getdiyim ölkələrdə sən olmamısan ki, mən nağılda sənin adını çəkim.
– Xalam deyir, nağılda hər şey ola bilər, əgər nağılçı istərsə. Əgər sən mənə dost olmaq istəyirsənsə, gərək, – əlini sinəsinə tutur. – Onda nağılı mənlə başlamalısan.
– Qaq-qaq-qaqqq…
Quş bir ağız oxuyub, başını-boğazını əsdirib normal halına gələndən sonra durdu.
– Hə, nə oldu?
– Qoy, fikirləşim.
Durna yerində rəqs etməyə başladı, Atanurs amaddım-maddım ona baxırdı. Durna rəqs etdikcə qız da onun başına dolanırdı. Quş gah pərvazlanır, gah da yerində durur, yerində durduğu zaman Atanur ona yaxınlaşır, amma quş yenidən qanadlarını hərəkətə gətirir, bu zaman qız kənara çəkilib onu müşahidə edir. Durna onun yaxınına gəlib qollarından tutub havaya qaldırır, fırladıb yerə qoyur. Az keçmiş Durna yerində durub barmaqları üzərində qalxıb qanadlarını silkələdi.
– Sən məni aldatdın? Sən mənə nağıl danışacaqdın, amma oxudun, rəqs etdin… – Məyuscasına dodaqlarını büzdü. – Nağıl danışmadın…
Durna halını pozmadan dilləndi:
– Mən hazırlıq görürdüm! Yadında qalsın, durnalar nağıl danışmazdan öncə hazırlıq görərlər – oxuyub, rəqs edərlər ki, əhvalları düzəlsin. Bilirsən niyə?
Atanur başını yırğaladı, amma büzülmüş dodaqlarını hələ də normal hala salmamışdı. Çünki onda Durnaya qarşı inamsızlıq yaranmışdı. Durna bunu hiss etmezmi? Fır-fıra kimi yerində fırlanmağı buraxıb qıza yan aldı. Onun iki əlini iki qanadının arasında sıxıb ovuşdurdu. Bununla Durna küslü dostunun ürəyini ələ almağa cəhd etdi. Görünür, cəhdi baş tutmuşdu, başqa cür olsaydı, Atanur başını onun çiyninə qoymazdı.
– İndi başlaya bilərəm! – Bütün nağılçılar kimi ciddi görkəm alır. – Biri vardı, biri yoxdu, – Əlini sinəsinə qoyur, – amma mən vardım. Öz nəslimizdən olan bir dəstə Telli Durna ilə səmaya qalxdıq. Bir gözəl qız da vardı, adı… – Boğazını Atanura sarı uzatdı, qanadını qaldırıb başına üç dəfə vurub bic-bic gülümsədi: – Yadıma düşdü, bir də Atanur vardı!
– Niyə qalxdınız havaya?
– Yaz gəlmişdi, öz yurdumuza dönməliydik. Səbrli ol, deyəcəm hamısını. Harda qalmışdım.
– Göydə.
– Hə yadıma düşdü… – Qanadını qaldırıb başını üç dəfə döyəclədi. – Göyə qalxanda bir qara qarğa düşdü bizim dalımızca.
– Niyə?
– Sən nə çox sual verirsən?..
– Bilmək istəyirəm…
– Gözlə də, deyəcəm. Səfər etmək istəyirdi, amma bu vaxta qədər Durna qatarına yad quşun qoşulması heç vaxt görünməmişdi.
– Niyə?
– Gözlə də, deyəcəm. Durnaların qanadı uzun və sağlam olduğundan, – Qanadlarını geniş açır, – onlar çoxxx uzağa uçarlar, bunu hər quş bacarmaz. Bu qara qarğa inadkarlıqla bizim durna dəstəsini təqib edirdi. Bizim öndə gedən dəstə başçısı dedi, onu atın dəstədən kənara, yazıqdı, ənginlikdə tab gətirməyib yerə çırpılacaq.
– Aaa…
– Bu nə durnalardan, nə də kimsədən asılı deyil. – Durna uzun boğazını qıza sarı uzatdı, həm də bu dəfə boğazını o qədər uzatmışdı ki, burun pərlərindən çıxan isti nəfəsi qızın üz-gözünü qarsıdı. – Yuxarı qalxdıqca hava sıxılır, balaca quşların belə şəraitdə nəfəs almaları zorolur.
– Hə, hə, danış, danış… Maraqlıdır. Qarğa qayıtdı geri?
Durna başını yırğaladı.
– Nıççç… Bunu Qarğaya dedim, elə bildi onu dəstədən qovmaq üçün edilən bir fənddir. Mənə dedi, qarğalar yarı yoldan qayıtmağı şənilərinə sığışdırmazlar! Dedim, sən deyən olsun! Cumduq qabağa və maili, – Qanadını maili yuxarı qaldırdı. – Qalxdıq buludların yanına. Az keçmiş Qarğa nəhləməyə başladı. – Durna nəhləyib dilini bayıra çıxarır. – Yorulduğunu boynuna almasa belə haldan düşmüşdü. Qanadlarımı geniş açdım. – Durna uzun qanadlarını açıb nümayiş etdirdi. – Qarğa hoppanıb mindi kürəyimə. Can yanğısından qanadlarını sarıdı boğazıma, o qədər sıxdı ki, az qaldım boğulum. Dedim, insafın olsun, az sıx boğazımı. Dedi, sıxmasam, sən bir canlının ölümünə bais olacaqsan! Sözə bax a, göz görə-görə məni qatil etməyə qədər qalxdı. Məni, – Durna sol qanadını sinəsinə sıxıb məğrurcasına köksünü irəli qabartdı. – Sən heç düşünürsən, bu nə deməkdir? Xeyirxah bir varlığı təhqir etmək. Amma mən dözdüm, dinmədim.
– Niyə dözdün?
– Dəstə başçımız bizə göydə dalaşmağı qadağan edib. Deyir, göy saflıq rəmzidir, insanlar göyə and içirlər. Siz orda dalaşsanız, boğuşmaq səsiniz göyün saflığına xələl gətirər. Amma qarğa tayfası bunu anlamaz.
– Niyə?
– Çünki onlar yüksəklik aşiqi deyillər. Həm də lovğadılar.
– Sonra? Danış, danış, maraqlıdı.
– Dur, danışıram. Bizim dəstə lap yüksəyə qalxıb buludları ayaqlarımızın altına qoyduq. – Ayaqlarını yerə çırpıb, sonra asta-asta yeriməyə başladı. – Qanadlarımızın dincini alırdıq deyə, – Qanadlarını yanına salıb asta-asta yeriyir, – buludların üzərini ayaqlayıb gedirdik irəli. Bu zaman Qarğa qanadımdan hoppandı buludun üzərinə, necə cuşa gəldisə başladı buludları tapdayıb əzməyə. Bulud səsini çıxarmadı, amma hiss olunurdu əsəbləşir. Dedim, – Qarğa, etmə, eləmə. Dinləmədi! Sən demə, qarğalara ağıllı məsləhət verəndə onlar kar olurlar. Ənginliklə davranmağı bacarmayan Qarğa həvəslənib buluda, – Durna ayağını qaldırıb təpik atdı, – bir təpik ilişdirdi.
– Bulud ona hirslənmədi?
– Hirslənməz? Əlbəttə, hirsləndi! Niyə də hirslənməsin? Bir halda ki, Qarğa uzun, iti dırnaqları ilə buludların kürəyini cırmaqlayıb sızladırdı.
– Hııı… Qarğa yaxşı iş görməyib.
– Bədbəxtlikdən onun təpik ilişdirdiyi bulud qara bulud idi, qara buludlar acıqla dolu olurlar. Necə hirslənmişdisə özünü aparıb çırpdı bir ağ buluda. İkisi də zərbədən partladı, durmadan içlərindəki suyu yerə tökdülər. Yadıma gəlir, bir neçə gün yağış yağdı.
– Vay, – Qız heyrətdən ağzını əlləri ilə tutdu. – Qarğa yenə yoluna davam etdi?
Durna başını yırğalayanda Atanur yeni sualını verdi:
– Bəs, Qarğa necə oldu?
– Xoşa gələn bir iş olmadı, yağışdan islanıb yerə düşdü. – Başına qanadının ucu ilə üç dəfə döyəclədi. – Yadıma düşdü, onu əzilməkdən qoruyan qız Atanur idi. Qarğa göyün yeddinci qatından fırlana-fırlana, – Durna yerində fırlanıb, başı gicələnəndə durub başını silkələdi, çünki gözləri qaranlıq çalırdı. – Gəlir düşür gözəl qızın qucağına.
Atanur əlini sinəsinə basıb özünü göstərəndə Durna təsdiqlədi.
– Belə şey olmayıb axı!
– Bəs, sən demədin, nağılda hər şey olur?
– Doğrudan aaa… Xalam elə deyir.
– Mən bu qış sizin bağa düşəndə həmin Qarğanı gördüm, dedim, dostum, yenəmi, istəyirsən, – barmağı ilə göyü göstərdi, – uzaq səfərə çıxasan?
– Nə dedi?
– Dedi, – Qarğa tayfasına ömründə bir dəfə çimmək yetər.
Hər ikisi gülüşürlər.
– Utandı, eləmi?
– Nıççç, qarğa tayfası lovğa olur, onlar utanmaqdan uzaq canlılardılar.
– Yaxşı nağıldır.
– Dost oluruq?
Atanur sevincək dilləndi:
– Əlbəttə!
Durna qanadlarını yuxarı qaldırır, Atanursa əllərini, bir-birinə vururlar, sonra birgə rəqs etməyə başladılar. Durna boğazını göyə qaldırıb bir-iki ağız qaqqıldadı:
– Qa, qa, qa…qqq… – Atanur da başını göyə qaldırdı, lakin boynu ağrıyanda başını aşağı endirdi. Durna isə yerində ayaqlarını döyə-döyə boğazını dim-dik göyə tuşlayıb qaqqıldamağında davam etdi. Haçandan-haçana qanadını Atanura sarı uzadıb üzünə baxdı. – Oy, bağışla, düşündüm, sən nə dediyimi anlayırsan. Sənin adam olduğunu unutmuşdum.
– Sən axı heçnə demirdin.
– Yox, deyirdim. Əgər durnalar üç dəfə eyni ahənglə “qa” səsi çıxarırlarsa, bu şadlıq əlamətdidir.
– Sən üç dəfə “qa” dedin, ardından da qığıldadın. Bəs, qığıldamaq nə üçün?
– Ah, əzizim, o dalbadal gələn qqq-lar durnalar üçün ən xoş əlamətdir. Mənası yaz gəlib deməkdir.
Onun dediklərini Atanur cəld təsdiqlədi:
– Düzdür, günəş parlayır, çiçəklər açır.
– Mən tezliklə öz vətənimə dönəcəm.
Atanur məyus olub dodaqlarını büzdü, əllərini onun qanadlarından çəkir.
– Mən yenə yalnız qalacam?
– Yox, yox, yalnız qalmayacaqsan. Mən səni də özümlə aparacam.
– Axı, mən uçmağı bacarmıram.
– Mən sənə öyrədərəm.
– Necə?
Durna səmtini dəyişib yüyrək addımlarla çıxıb getdi, lakin az keçməmiş iki balaca qanadla geri dönüb onları Atanurun qollarına bağladı. Qara qanadların qollarına taxılmasından məmnun olmasa da, uçmaq həvəsi sarmış vücudunu məhz bu qanadların qaldıracağı xatirinə etirazını bildirmədi.
Durna işini görüb qurtarmışdı, qanadlar Atanurun hər iki qolunda bərkidilib dururdu.
– Hazırmısan? – Qanadlarını bir-birinə çırpan quş göstərişini verdi: – İndi uça bilərsən.
Atanur qanadları bir dəfə yelləyib, yanına saldı. Durna qanadını havaya qadırıb ona işarə ilə silkələdi. Bu, Durnanın – davam et, – anlamına gələn hərəkəti idi. Qız çox cəhd etdi, qanadları yellədi, amma yerindən tərpənmədi. Durna qanadını alnına qoyub düşündü. Atanur o yan-bu yana qaçıb, yorulub qanadları yanlarına salladı.
– Sənə dedim axı, – ağlamsınır, – uçmağı bacarmıram…
Durna qızın ətrafında fırlanıb, dərzilərə məxsus tərzdə qanadı ilə onun vücudunu qarış-qarış ölçüb qurtarandan sonra yenə qanadı ilə qızın qollarına bərkitdiyi qara qanadları qarışladı. Boyu on qarış olan qızın qollarına taxdığı qanadlar cəmi bir qarış idi. Durna fikirli-fikirli öz qanadlarını açdı, boyu bir metr yüz qırx santimetr olan quşun qanadı iki metr altımış santimetr idi. Etdiyi səhvi özü və qızı ölçəndən sonra müqayisə edərək dərk etdi:
– Hııı… – Durna sol qanadını havada yelləyib dimdiyinin üzərində bənd etdi. Düşündüyü hiss olunurdu, amma qərarsız olduğu da susqunluğundan görünürdü. Nəhayət, məyuscasına dilləndi: – Bu halınla sən uçmayan quşlara bənzəyirsən. – Lakin o qanadını hələ də dimdiyinin üzərində saxlamışdı, bu da durnalarda ağır sual qarşısında qalmaq əlaməti idi.
– Məgər quşlar hamısı uçmur?
Əlbəttə, balaca qızcığaz sualında haqlı idi, o yalnız bağlarındakı qarğa, sağsağan, sərçə, bildirçin, sığırçın, bir də bülbülü görmüşdü. Onlar bütün günü ağacdan-ağaca qonub cikkildəşirdilər. Hə, bir də ağacdələni tanıyırdı. O da həyətdəki böyük palıd ağacını bütün yayı ovub dəlmə-deşik etmişdi. Ağacdələnin aramsız hərəkətlərinə göz qoyan uşaq xalasına demişdi: “Quş ağacı yeyir”. O isə: “Yemir, qışa tədarük görür”, – gülüb onu başa salmışdı. Üstündən də anlatmışdı ki, fındıq yetişənə qədər o lazım olan qədər ağacda ovuq açmalıdır. Atanurun bitməyən “niyə” sualından birini də xala burdaca eşitmişdi. Cavabı isə belə olmuşdu: “Ağacdələn ağıllı quşdur, digər quşlardan fərqli olaraq gələcəyini düşünür. Fındıq yetişəndə onları birbəbir dimdiyinə alıb aparıb o ovuqlara salacaq. Sonra da dimdiyi ilə onları döyəcləyə-döyəcləyə ağacadakı ovuqlara bənd edərək yerləşdirəcək. Qışda qar yağıb bağda yeməyə bir şey tapmayanda o fındıqları birbəbir çıxarıb xırıd edəcək.
Keçən qış boyu ağacdələn yalnız palıd ağacının başına fırfıra kimi dolandı. Möhtəşəm xəzinəsini qorumurdu; işini ehtiyatlı tutub yemini qədərincə dərində basdırmışdı. Onunla birgə digər quşlar da ağacın ətrafında dövrə vururdular, lakin xəzinədən oğurluq edəcək qədər bacarıqları yox idi. Çünki onların dimdiklərində elə bir güc yox idi ki, o dərin ovuqlardakı fındıqları eşib çıxartsınlar.
Bahar gələndə qoca palıdın gövdəsindəki boş ovuqların yerində qışdan yığılıb qalmış qar suyu yuxarıdan aşağı axıb palıdın qabığını isladırdı. Sanki palıd yazın gəlişinə sevincdən göz yaşı tökürdü. Ağacda pöhrələnmə dövrü başlayanda o ovuqların yalnız birindən zərif bir cücərti asta-asta bayıra baş çıxartdı. Əvvəl bir qarış, sonra iki və sonra uzanıb havaya boy atdı. Həm də budaqdakı yarpaqlar palıdın yarpaqlarından fərqli – dairəvi və bir qədər də qaba idi. Bunu xala ilə müşahidə edən Atanur xalasının üzündəki sevinci anlaya bilmədi. O, budağa heyrətə tamaşa edirdi. “Ağacdələnin unutqanlığı təbiətə yeni növ ağac bəxş etdi”. Xala sevincinin izahını belə verdi. Lakin onlardan heç biri yerdən altı metr hündürlükdəki yeni böhrəyə əl vura bilmədilər. Hündürlüyə dırmaşmaq kimi ağır işin öhdəsindən gələ bilmədiklərindən.
Xala qıza danışdığı nağılların içində dələlərin meşədə ağac əkmə ustalığından bəhs etmişdi. Bu balaca çoxbilmişlər payızda qabıqlı meyvələri toplayır, torpaqda çala qazıb onları basdıraraq qışa özləri üçün yem tədarük edirlər. Lakin payızda ağacların yarpaqları tökülüb yerdə qalaqlananda zavallı heyvanlar qazdıqları çoxsaylı yem çalalarından bəzilərinin yerini tapa bilmirlər. Adətən qoca dələlərin yaddaşı zəiflədiyindən daha çox onlar yem anbarlarını itirirlər. Nəticədə yazda təbiət oyananda meşədə yeni ağaclar baş qaldırır o unudulmuş yem anbarlarından. Amma indi xala çox fərqli bir kəlmə işlətdi. “Dünyada ilk dəfə olaraq bizim bağımızda yeni növ ağac bitdi” – dedi. “Adı nədir onun?” Yeni ağaca ad qoymağın lazımlığını qızın sualı xalaya başa saldı. “Doğrudan aaa… Adsız ağac olmaz, ona təcili ad qoymalıyıq”. Atanur “palıdın balası” dedi. Adqoymada uşaq haqlı idi, bir halda ki, yeni budaq palıddan baş qaldırmışdı, niyə də palıdın balası adlanmasın? Lakin xala razılaşmadı və qızı başa saldı ki, palıdın balası adlandırsaq, bu tam olaraq palıd ağacının eynisi olmaq mənasını verir. Yəni palıda bənzəməlidir. Amma yeni ağac palıdın təkrarı deyil, büsbütün yenidir. Ona görə də, yep-yeni bir ad qoymalıyıq, – dedi. “Necə ad?” – qızın sualına “Elə bir ad ki, orda həm palıd, həm də fındığın varlığı hiss olunsun”. Xala iki canlının qovuşmasından yaranan bu yeniliyə onu ifadə edəcək ad düşünməyə başladı. Ad qoydular, amma bu bir anda, nə də bir gündə tapılmadı. Uzun-uzadı düşünüb, palıddan güc alan yeni pöhrə başını göyə qaldırıb bir metr uzanandan sonra ağıllarına gəldi: PALFIN! Hər iki ağac növünün birinci hecasını birləşdirib yeni növə adqoymanı uğurla başa vurdular. Düzdür, əvvəlcə FINPAL adı üzərində baş sındırdılar. Həm də qulağa xoş gəlirdi, lakin bu adı uyğun bilmədilər. Gerçəkdən də elə idi, bir halda ki, əsas gövdə palıd idisə, o zaman haqsızlıq deyildimi fındığın varlığı birinci yerdə dursun? Əgər palıd olmasaydı, fındıq özünü nəyin qucağında bəsləyib cücərəcəkdi? Yox, yox, bu köklü-budaqlı nəhəng palıda qarşı inanılmaz dərəcədə haqsızlıq olardı.
Xala fındığın bol meyvə verəcəyini güman etdi, çünki gənc ağac qoca palıdın gücünü özünə çəkəcəkdi. Qollu-budaqlı palıdın torpağın dərinliyinə işləyən rişələri yerin alt qatından aldığı mineralları, şirələri yeni peyda olmuş ağac qüvvətlənməsi üçün palıda batırdığı rişələri ilə özünə sovuracaqdı. Lakin meyvəsinin nə qədər dadlı olacağı bəlli olmaz. Çünki palıd meyvə verən ağac deyil. Güman ki, bu palfın ağacının meyvəsinə təsir etsin. Amma təbiət möcüzələrlə zəngindir, bizim səhv düşüncəmizi alt-üst edə bilər.
Bir gün xala bal arılarından birinin mavi yeşiyini əl arabasına qoyub palıd ağacının altına gətirdi. Bu vaxta qədər görünməmiş hadisə idi. Xala sadəcə bunu dedi: – palfının gələcəyini düşünməyə borcluyuq. Arılar fındığın çiçəyini tozlandıracaq və bununla da onun meyvə yetişdirməsinə yardım edəcəklər.
Palfın hələ ki, çiçəkləmə dövrünə qədəm qoymayıb, indilik dönək Durnanın yanına. “Məgər quşların hamısı uçmur?” sualına Durna təmkinini pozmadan cavab verdi.
– Yox, dəvəquşu kimilər uçmur. – O, qızmar Afrika səhraları üzərindən uçarkən gördüyü qısa qanadlıların həyat tərzindən qıza nağılvari hadisələr danışmağa bağladı. Cuppulu qanadlı, yekə gövdəli quşları aslanlar ovlamaq istərkən onların uzun qıçlarının dadlarına çatdığını və bununla da ağıllı varlıqların canlarını xilas etdiyini söylədi.
– Mən indi, – Atanur əlini yaxasına basdı, – dəvəquşu oldum?
Durna irəli yeriyib qanadının ucu ilə qızı topuğundan başına qədər qarış-qarış ölçdükdən sonra başını fırlatdı.
– Yox, sən dəvəquşu ola bilməzsən. – “Nədən” sualına ehtiyac doğmasına Durna izin vermədi. Ardından izah etdi: – Dəvəquşunun boyu bir metr yarımdır. Səninsə boyun cəmi bir metr ola, ya olmaya. Sən daha çox kivi quşuna oxşayırsan.
– Kivi?
– Hə, kivi quşuna oxşayırsan.
– Sən bilirsən nə danışırsan?
Durna uzun boğazını çiyinlərinə qısdı, bununla da “bilmirəm” işarəsi verdi. Anidən boynunu qısdığı çiyinlərindən çıxarıb havaya millədi. Anlamı məlum idi, bilmədiyini öyrənmək istəyirdi. – Kivi meyvədir, bax, belə.
Atanur sağ əlindəki barmaqlarını havaya qaldırıb sol əlini ovcunun içinə basdı.
– Kivi bu boyda olur, bax, bu boyda, elə bil yaşıl yumurtadır.
– Amma kivi yalnız meyvə deyil, o adda quş da var. Rəngi qara, cod tüklü.
– Bəs niyə uçmur?
– Əgər imkanı olsa uçar, amma o imkanı ona təbiət verməyib. Qanadları çox balacadır. Cubbulu… – Durna sağ qanadı ilə sol qanadının ucundan azca lələkləri işarələyib göstərdi. – Balaca qanadları onları havaya qaldıra bilmir, o üzdən kol-kosun arasına girib yırtıcılardan qorunurlar. Həm də yaxşı qaçmağı bacarırlar. Zavallıların sayı günü-gündən azalır. Uça bilməmək onları meşədəki vəhşilərin dişinə rahat keçirir. – Durna kivi quşunun xüsusiyyətlərini üyüdüb tökdüyü an birdən-birə susub dərin fikrə getdi. Handan-hana dimdiklərini şaqqıldatdı. – Bağışla, mən kivi quşunu qasuarenin görkəmi ilə eyniləşdirdim.
Qasuare adını ilk dəfə eşidən qız, onun nəyə oxşadığını bilmək istədi. Durna çox düşünməli olmadı. Dünən axşam üstü xala həyətdəki toyuq-cücəyə yem verəndə, o da qəfildən dən yerinə uçub yemə dimdik vurmaq istədiyi an ayağından qopan ağrıdan yalnız bircə dəfə dəli kimi çılğınlıq atıb səmaya qalxdı. Yuxarıdan aşağı baxıb onun uzun qılçalarını dişləyənin kimliyini bilmək istədi. Aşağıdan yuxarı başını qaldırıb, əsəbdən qızarıb-göyərmiş burnunu uzadıb mırıldayanın hinduşka olduğunu gördü. Durnanın haqqı yox idi yerə təkrar enib onunla davalaşa. Quş hərəkətlərinə ədalətlə yanaşıb hinduşkanın boğazına şərik olmağı oğurluq saydı.
– Qasuare hinduşkaya bənzəyir, amma onun da qanadları hinduşkanınkı kimi böyük deyil. Bir də başında şanapipik kimi darağı var. – Sol qanadını qaldırıb Atanurun boynuna doladı. Həm də bir dəfə yox, iki dəfə dolaya bildi. Axı, durna quşlarında qanad bir metrədən artıq olur.
– Hə, əziz dost, zavallı kivi tam qanadsızdır, – Durna məyuscasına başını yırğalayıb üstündən bunu mızıldandı:
– Zavallılarda nə qanad, nə qol, ehhh… heç qol dibi də yoxdur. – Atanura diqqətlə nəzər salıb, gözlərini yarım dairə halına gətirib qızla göz-gözə dirəndi. Sol qanadını qabağa uzadıb onun gözləri qarşısında bir neçə dəfə yuxarı qaldırıb aşağı saldı. – Amma sən kivi quşu deyilsən. Sən yaxşı görürsən, o quşlar kor kimidilər. Rəngin ağdır, onlarsa qaradılar. Özün də boyda ondan böyüksən. – Azca susub sual etdi: – Sən gecələr çıxıb qaranlıqda gəzirsən?
– Nə?
Sualın Atanuru qəzəbləndirdiyini hiss edən quş səsinə yumşaqlıq qatdı.
– Xoşlayırsan gecələr evdən çıxıb qaranlıqda gəzəsən?
– Gecələr nağıl danışmaq üçündür.
– Əgər sən gecələr qaranlıqda gəzməyi yox, nağıla qulaq asmağı üstün tutursansa, o zaman səndən kivi quşu olmaz. Çünki kivilər gecələr ay işığında kol dibindən çıxıb torpağı eşələyirlər.
– Bəs, niyə gecələr?
– Onlar zənn edirlər, yırtıcılar bu vaxt yuxuda olurlar. Eşələnmək onların şakərləridir, möhkəm ayaqları onları məcbur edir torpaqda eşənək atsınlar. – Qanadları ilə başını döyəcləyib qışqırdı: – Tapdım! Sən bu balaca qanadlarla pinqivinə oxşayırsan. – Durna ayaq pəncələrini yan-yana qoyub birləşdirdi, qanadlarını gövdəsinə dirəyib qəti əsdirmədi. Başını dim-dik tutub, sinəsini qabağa verib yırğalana-yırğalana yeriməyə başladı. – Əgər boyun bir metrdirsə, əlbəttə, qanadların qısadır, o zaman sən kral pinqivinə bənzəyirsən.
Atanur onun yerişini təlqin etdi, başını havaya millədi, yeni qanadlarını bədəninə sıxdı, ayaqlarını cütlədi və Durnanın arxasına düşüb yırğalana-yırğalana getdi. Durna arxaya dönüb onun yerişinə baxanda etiraz etdi. Qız pinqivini büsbütün təlqin edə bilməmişdi. Sinəsini qabağa verməyi unutmuşdu.

– Bağışla, balaca dost, bunlar sənin gövdənə uyğun qanadlar deyil. Belə balaca qanadlar yalnız cəld qaçan dəvəquşuna yarar. Çünki onlar qaçmağa üstünlük verdiklərindən qanadlarını inkişafdan saxlayıblar. – Görünür Atanurun uça bilməməkdə özünü güçsüz saymasını Durna qəbul edə bilmirdi. O üzdən uzun-uzadı izahını davam etdirdi: – Uça bilməyən dəvəquşu özünü təpiyi ilə müdafiə edir. – Qızın ona diqqətlə qulaq asdığını görüb quşların müdafiə sistemindən bir-iki misal çəkdi. – Mənim kimi uçmaq xoşbəxtliyi bəxtinə düşmüşlər, təhlükə hiss edən kimi “pırrr” edib, göy üzünə qalxırıq. Amma o ağır gövdəli quşa, təbii ki, burda hədəfə aldığı yenə dəvəquşu idi, qanadları ona uçmaq şansı vermir. Onlar təhlükəni, – bir ayağını havaya qaldırıb təpik atdı, – güclü ayaqları ilə vurub özlərini qoruyurlar.
Durna sağa-sola durmadan təpik atdıqca qız gülüb ona əl çalır, özünün uça bilməməyinin sirri məlum olduğundan əvvəlki məyusluğundan əsər-əlamət qalmamışdı.
– Ona görə uça bilmirəm?
– Əlbəttə! Qanadlar canlının çəkisini havaya qaldıracaq qədər böyü kolmalıdır. Gözlə, sənə uyğununu tapım.
Durna iri addımlarla getdi və bir az keçmiş iki ağ qanadla geri dönüb onlarıbaşı üzərində havada yellədi.
Yellənən qanadları artıq qollarında görməyə tələsən qız, hər iki qollarını hazır vəziyyətə gətirib Durnanın qarşısında durmuşdu. Görünür, qanad taxma işində Durna usta imiş, əks halda bir göz qırpımında işin öhdəsindən gəlməzdi. Arada Atanur da öz məsləhətini verməkdən vaz keçmədi:
– Elə bərkit ki, göydə açılmasın.
Bu fikir onda yersiz yaranmamışdı, xalası həmişə deyərdi, ayaqqabı bağlarını elə bərkit ki, yol gedəndə açılmasın. Yoxsa ayaqqabı ayağında laxlayıb yeriməyinə mane olar. Qanadın yerində laxlamasını və ya açılıb düşməsini qız hələ təsəvvür edəcək halda deyildi. Çünki ömründə ilk dəfə qanadlanıb uçacaqdı.
– Bax, belə! İndi başlaya bilərsən!
Atanur cəhd edib qanadları yanına çırpdı, lakin havaya qalxa bilmədi. Həm də qanadlar çox uzun və ağır olduqlarından güc sərf etmək önəmli idi. Bu zaman hoppanıb ayaqlarını yerdən üzdü və həmin andaca üzü üstə yerə yıxıldı. Durna onun qanadlarından tutub ayağa qaldırdı.
– Yıxılmaq bir quş üçün hərəkətin başlanğıcıdır.
Durna sözünü deyib kənara çəkildi və Atanur yenidən qanadlarını havalandırdı.
– Belə?
– Elə yox!.. – Quş öz qanadlarını havalandırıb barmaqları üzərində dik durdu. – Qanadlarını yellə, havalandır.
Durna qızın ətrafında fırlandı, hər şey normal idi. Durnanın çıxartdığı qərar belə oldu. Əgər qanad bədənə uyğundursa, o zaman uçmamaq üçün səbəb axtarmaq axmaqlıqdır. Durnanın nifrət etdiyi küləkli havadan da söhbət gedə bilməzdi, belə olduğu halda uçmaq üçün normal şərait vardı. Onun öyüdlərinə diqqətlə qulaq asan Atanur uzun qanadları bir neçə dəfə yellədi, amma yerindən tərpənmədi.
Qız balaca dodaqlarını büzüb sifətinə acizanə bir görkəm verdi.
– Olmur axı…
– Bu dünyada – olmur, deyə bir şey yoxdur, bu acizlərin özlərinə təskinlik üçün uydurduqlarıdır. – Durnanın müdrik fikri qızı hərəkətə gətirdi, o yenidən yerindəcə hərəkətə başladı. Quş qəfildən sol qulağının dibini qanadı ilə şapalaqladı, bu vərdiş ona unutduğu vacib məsələni xatırladırdı. – Ayaqlarını yerə dirə, bədəninə təkan ver!
Onun dediklərini Atanur etdi, tam Durnanın indiki duruşunu təkrarladı. Dik durdu, sinəsini qabartdı, boğazını göyə millədi, cəhd etdi gözləri kirpiklərini görsün. Bu an ona elə gəldi bir quş üçün uçmaqda ən zor olanı məhz gözlərin üst kirpiklərə doğru nizamlanmasıdır. Belə olduqda səmanı yaxşı görmək olurdu. Lakin qanadlarını havalandırmağı unutmuşdu.
– Elə yox, ikisini eyni zamanda hərəkətə gətirəcəksən! Ayağını yerə dirəyəndə qanadlarını əvvəl havalandıracaqsan, sonra şax tutacaqsan. Başla! Yavaş-yavaş hərəkətə gəl, onda tez yorulmayacaqsan.
Atanur qanadlarını havalandırıb durdu.
– Görürsən, olmur.
Durna istədi desin, – acizlərə tay olma, lakin tez də susdu. Bunu hər bahar yumurtadan yenicə çıxıb altı həftəlik olan balalarına deyirdi. Onlar yuvadakı uçuş məşqlərindən yorulub özlərinə inamı itirəndə məhz bu kəlmələrlə onları danlayardı. Durna yeni dostunu danlamaqdan vaz keçib üzünə gülümsədi. Yadından çıxarmamışdı, kimisini danlamaqla, kimisini də tərifləməklə hərəkətə gətirmək olar. Yenicə tanıdığı birisini danlardısa, onu özündən uzaq salardı.
– Unutdum… Quş qanadının ucunu alnına çırpdı. – Şah lələyinin ucunu göyə milləyəcəksən! – Onun qanadının ucundakı lələyin başını yuxarı tutdu. – Bax, belə! – Özü də eyni vəziyyəti aldı. – Hazırsan… İndi uç!
Onun dediklərini Atanur etdi, amma əvvəlkindən fərqli nəsə baş vermədi. Gah səndələdi, gah yerə yıxıldı, gah da qalxıb bir də məşq etdi. Durna ona diqqətlə nəzər yetirir və hər bir hərəkətinə göz qoyurdu. Öz balalarının ilk uçuş məşqlərini izlərkən keçirtdiyi bütün həyəcanlar indi də onun vücudunu bürümüşdü. Hətta bir neçə dəfə boğazını aşağı uzadıb uzun qılçalarını şax saxlamaq üçün öz dizinə dimdik ilişdirmişdi. Bu vərdişi ana olduqdan sonra qazanmışdı. Balaları qanadlarını yanlarına çırpıb cəld havaya qalxacaqlarını zənd etdikləri an dizlərinin büküldüyünə diqqət etməzdilər. O zaman ana Durna dizlərinə döyəcləyib onların yadına bükük dizin onları havaya qaldırmağa qadir olmadığını deyərdi.
– Alınmır axı…
– Mən də əvvəllər uçmaq istəyəndə alınmırdı, amma anam dedi, alınacaq. Birinci, gərək, inanasan ki, uça biləcəksən. İkinci, qanadlarını sudan qoruyacaqsan ki, islanmasın, yoxsa onlar küləyi yara bilməzlər. Qanadındakı lələkləri qoruyacaqsan ki, sınmasın, əzilməsin, bir də qırılıb yerə düşməsin. Yoxsa cəld uça bilməyəcəksən. Anladın?
– Anladım! – Güclə eşidiləcək bir tərzdə dilləndi.
Durna nə düşündüsə, cəld qanadını havaya qaldırıb başına üç dəfə döyəclədi.
– Sən niyə tez-tez başına döyəcləyirsən?
– Tez-tez yox, hər dəfə danışmazdan əvvəl…
– Yaxşı, sən deyən olsun.
– Səhv etməmək üçün beynimi nizamlayıram.
– Hııı…
– Bəs, adamlar başlarına vurmurlar?
– Vururlar, amma səhv edəndən sonra.
– Demək, adamlarla quşlar arasında fərq bu imiş.
– Bəs, indi yadına nə düşdü?
– Unutdum sənə deyim, ildə iki həftə lələklərin tökülməsi normal haldır. Onda da uçmaq mümkünsüzdür. Bu fəlakət deyil, əlbəttə, mənim üçün çıxılmaz hal deyil. Lələktökmə hadisəsini özünə dərd edib xiffət çəkən durnalar çoxdur. Onlar bir daha havaya qalxa bilməyəcəklərini düşünüb yem axtarmaq kimi zövq verici məşğuliyyətdən belə özlərini məhrum edirlər. Bu ucdan tutma bütün durnalarda olmur, bəzilərində baş verir. Əsasən də lələk tökmə dövrünü birinci, ikinci dəfə yaşayanlarda. Sonra bu hadisə dəfələrlə təkrarlananda artıq vərdişə çevrilir. Bilirsən, dostum, – Atanura doğru bir addım atıb, səsinə mülayimlik qatır, – təbiətdə elə hadisələr var ki, hətta dünyagörmüş durnalar belə onun qarşısını almaqda acizdilər. Lələktökmə hadisəsi də bu sıradan olan bir hadisədir. Bir lələk ki, qanadımda qalmaq istəmir, mən onu məcburu bədənimdə necə tutub saxlaya bilərəm? Yox, yox, mən heç vaxt məyus olmadım məndən qopan o lələklər üçün. Köhnə gedir, yenisi gəlir. Yepyeni, parlaq, təravətli, təzə… Buna sevinmək lazımdır. – Sənin bu, – qızın hər iki qanadlarının ucundan tutub danışmağa davam etdi, – lələklərin düşəndə qəti sarsılma, vecinə alma.
Atanur Durnaya diqqətlə qulaq asırdı. Durna öz övladlarına bir durna quşunun ömründə yaşayacağı çətinlikləri həmişə öncədən xəbər verirdi ki, onların lələkləri töküləndə bunu adi hal saysınlar. Çünki onlar təbiətən belə yaranıblar. – Quş boynunu yana əyib qıza nəzər saldı. – Hə, yenə nə oldu?
Atanur fikrə getmişdi, sanki Durna onu oyatdı.
–Bəs, uça bilməyəndə nə edəcəyik?
– Bir quşun işi yalnız uçmaqla bitmir. Lələktökmə dövründə bataqlıqda eşələnəcəyik. Bu uçmaq qədər xoş olmasa da, istirahət etməyə imkan verəcək, uçaraq yeməyib itirdiyimiz çəkimizi bərpa edəcəyik. Nııı… – O, ehtirasla dimdiklərini şaqqıldadıb ağzını marçıldatdı. Uzun dimdiyini torpağa döyüb fırlatdı və bir göz qırpımında başını havaya qaldırdı. – Bataqlıq qurbağaları ləzzətli olurlar, xüsusən də onları nazik qılçalarını sovurub udmaq…
– Ööö… – Qızın ürək bulanması quşa anlaşılmaz gəlmədi, o yaxşı bilirdi, adamlar hərşeyyeyənlərə aid deyillər. O üzdən quş anındaca düzəliş etdi.
– Həmişə qurbağa tutmaq nəsibim olmur, qurbağa olmayan yerdə balıq da pis deyil. Yaxşı, hələ ki uçmaq şansımız var, o zaman axmaqlıq deyil, bataqlıqda eşələnək? – Səsinə həlimlik qatıb qıza göstəriş verdi:
– İndi məşq et!
O, qanadlarını çaldı, durdu. Yerində fırlandı, inanırdı ki, Durna kimi yerində fırlanmaq ona güc verəcək. Qız öz aləmində bunu Durnanın sirri kimi dərk etmişdi. Başı gicələnəndə ayaqları üzərində dik durdu, dizlərinə baxdı, bükülməmişdi, qanadlarını axıra qədər açdı və şax lələyini yuxarı qaldırdı. – Axı havaya qalxa bilmirəm.
– Unutma, heç bir quş birdən-birə havaya qalxmır. Bunun üçün durmadan məşq etmək lazımdır.
Durnanın son məsləhəti ümidlə dolu idi. O qabaqda, Atanursa onun arxasınca qanadlarını vura-vura məşq məkanından uzaqlaşdılar. Durna yeni dostundan uzaq düşməmək üçün o uçmağı öyrənənə qədər havaya qalxmayacağına söz ver

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Medyabir Haber Ajansı ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!

KAI ile Haber Hakkında Sohbet
Sohbet sistemi şu anda aktif değil. Lütfen daha sonra tekrar deneyin.