Eluca Atali
  1. Haberler
  2. Yazarlar
  3. Daşdələn

Daşdələn

featured
Paylaş

Bu Yazıyı Paylaş

veya linki kopyala

“Yurd daşı” romanından bir hekayət

Daşda iz salmaq üçün ustanın ona vurduğu çəkicin ağır zərbəsindən qoca qulaqlarına dolmuş danqıltını beyninindən xilas edə bilmirdi. Bir də bıçağın daş üzərində iz salmasından ötrü göstərdiyi inad gözlərindən asılıb qalmışdı. Bəzən bıçaq ustanın əlindən qaçıb daş üzərində lazımsız çız salırdı, elə o andaca usta onu əvvəlki yerinə qaytarır, daşa həkk etmək istədiyi naxışı dərinləşdirmək üçün onu əlində daha möhkəm sıxıb urəli-geri aparırdı. Təsadüf və nazık cızıltıları barmaqlarının ucu ilə sığallayıb hamarlaşdırmaqla daşı öncəki vəziyyətinə gətirirdi.

Daş yonanın emalatxanasından evin yolunu tutub gələn qoca nə düçündüsə, gözlənilmədən yolun ortasında durdu. “Gedim-getməyim” qeyri-müəyyən hal onu irəli addımlamağa imkan vermirdi. Cilovunu azca boşaltmağı yetərdi ki, Dilbazisi onu öz evinə aparaydı. Atın başını Murğuz dağına sarı çəkdi, “gedim-getməyim” sualında müəyyənliyi tapmışdı: gedəcəkdi! Amma evinə yox, meşənin dərinliyinə. Gəncliyindən bəri dəfələrlə ziyarət etdiyi bir qaya parçasını yoxlamaq birbən-birə beynini necə sarmışdısa, bu gün onu görməsəydi, rahatlıq tapmayacaqdı.

Lap erkən gəncliyindən o Murğuz dağlarındakı Şirnak, Gəlinuçan, Kalafa meşələrində meşə bəyilik edirdi. “Ordakı bütün ağacları tanıyıram” deyəcək qədər meşənin bütün ağaclarına bələd idi, əlbəttə, maralı-cüyürü ilə birgə. Yazda höhrələnən fidan ağacların boyunu oxşaya-oxşaya ucalmasına sevindiyi kimi, bəzən də parazit düşüb çürümüş ağaclar ürəyini göynətmiş, bəzən də küləyə doy gələ bilməyən ağacların böyrü üstə yıxılmasını taleyin acı oyunu hesab etməyi ağacın yanında əyləşib ona uzun-uzadı söyləməklə anladacağına inanmışdı. Gerçəkdən də ona elə gəlirdi, təbiət onu duyur.

Bir gün axşam üstü meşədən evə dönərkən qəribə taqqıltı eşitdi. Ağacdələn! – deyib, quşun dimdiyinin möhkəmliyini çəkicin taxtaya pərçimləmək inadında olduğu mixla onu müqayisə etdi. Atını mahmızlayıb bir qədər irəli sürdükdən sonra hoşşş edib onu saxladı. “Bu qədər möhkəm dimdik? Görünür çox nadir bir tipdir bu balaca.” Hoşşş, deyib atın böyürlərini yüngülcə tpiklədi. “Qoy işində olsun” quşu çaldığı nağara ilə birgə meşənin öhdəsinə buraxdı. Səmaya başını qaldırıb, “bir az tələs, quşcığaz, havada yağış ətri var.” Gecə qaranlığına düşməmək üçün özü də atını yeyin sürməyə başladı, çünki yağışdan öncə sıxılan havada bürkü yaranırdı, səmada isə ağ-mavi buludlar qaçırdı. Əslində onların ardınca gələn qara buludlar bir ucdan göy üzünü aldıqca ağ-mavi buludların qaçmaqdan savayı əlacları qalmırdı. Yüyrək irəliləməyən buludları qaralar qol-qıçları ilə altlarına alıb yox edirdilər.

Səhəri gün yenə meşədəki işini bitirib evinə dönəndə meşənin dərinliyindən gələn taqqıltı səsini onun qulağı çaldı. “İnadkar quş, ağacın axırına çıxmasa dincəlməyəcək.” Yoluna davam etdi, başqa nə edə bilərdi. Bütün meşə bəyiləri kimi qaş qaralanda meşədə qurda-quşa yem olmamaq üçün meşədən uzaqlaşardı. O biri gün yenə həmin zaman — qürub çağında, meşədən əl-ayaq çəkiləndə səs qulaqlarında əks-səda verdi. Quşa heyrətini heç vəchlə gizlədə bilmirdi, dünən evə döndükdə arvadına da quşdakı inadkarlıqdan bəhs etmişdi. “Görünür, hər növ heyvanların içində də ardıcıl eyni hədəfə vuranlar tapılır.” Səsə bir xeyli qulaq verdi. “Qələbə ardıcıllıq və yorulmazlıq tələb edir.” Bunu da fikrindən keçirməyə onu sövq edən quşun nəfəs almadan ağacı döyəcləməsi idi. “Bu quş qoca bir palıd ağacının kötüyünü qazısaydı, çoxdan aşırardı, nəinki ağacın gövdəsini oymaq üçün bu qədər zaman sərf edir.” Gülümsəyib, başını yellədi. “Təbiət balaca bir vücuda iki əks halı yerləşdirib. Həm xeyirxahlıq, həm də ziyanxahlıq. Ağac həkimi!” O, ağacdələni çox zaman öz adı ilə çağırmazdı, sadəcə, ağac həkimi və bəzən də çox irəli gedib, onu bütün meşənin həkimi hesab edirdi. Parazit düşmüş ağaca təsəlli vermək üçün bir gün meşə həkiminin onu mütləq tapacağına ağacı əmin edirdi. “Bir tərəfdən ağacları qurd-quşdan təmizləyir, bir də gördün sağlam bir ağacda dərin yuva qurur.” Bir qədər də addımlayıb taq-tuqdan yaxa qurtara bilməyəndə “səni yamanlayım, yoxsa öyüm, bilmirəm. Öz kefinin ağasısan, a alabəzək”. — Quşun qarasınca sual etdi.
O meşədən uzaqlaşmağına baxmayaraq yerində durub arxaya çevrildi. “Bu hansı ağacdır belə öhdəsindən zor gəlir?” Yoluna davam etdi, lakin qulaqlarına dəyən səs onun içindən yeni sual çıxartdı. “Qaş qaralanda ağacı oyan quş… Yox, ola bilməz, quş bu zaman yuvaya girib mürgü vurmalıydı.” Axşam düşəndə meşəyə girmək kimi şakəri olmayan meşə bəyini maraq içdən didsə də, öz evinə getməyi üstün tutdu, nəinki geri dönmək.

Bir neçə gündür aramsız eşitdiyi taqqıltı səsi kəsmək bilmirdi. Maraqlısı isə eyniliklər idi. Eyni səsin eyni ahənglə eyni yerdən gəlməsi meşə bilicisinə rahatlıq vermirdi. “Bu quş özünü o ağaca qırrayıbmı?” İçinə qəribə bir şübhə toxumu düşdü və sakit bir nöqtədə durub səsi dinlədikcə içindəki toxum göyərib baş qaldırırdı. Artıq dözümü tükəndi, atdan enib onu meşə kənarındakı bir ağaca bağladı. Şinkar meşəsinin içinə girəndə havada işıq azalırdı, gecə qara çuxasını meşənin üzərinə sərməkdə israrlı idi. Hər şeyə qadir insan, təbiəti ram etməkdə acizliyini etiraf etməlidir. Əgər Molla Nəbinin əlində ixtiyar olsaydı, gecəni ləngidərdi ta ki, inadkar bildiyi ağacdələni tapana qədər. O irəlliləyirdi, bir az da yeyin addımlarla Şinkarın içinə yürüyürdü. Onun indiki inadkar addımı gecənin məğlub etməyə çalışdığı gündüzdən bir qədər oğurlamaqdan çox, gündüzdən qalma son işartılarda alabəzək quşu görmək idi. O, qəfildən addımını yavaşıtdı, budur artıq bir nöqtədə durub. Bəlkə, quşu hürkütmək istəmirdi? Üzündə yaranan təəccübü görməklə onun müşkül qarşısında qaldığını anlamaq zor deyildi. Durdu, qulaq dinşədi və çiynindəki təkatlanı aşağı endirdi. Amandı, quşamı qıyacaqdı? Xeyirxahlıq və ziyanxahlığı bir vücudda birləşdirməyi ona təbiət bəxş etməyibmi? O da belə yaranıb, insan deyil ki, öz yaranışında dəyişiklik edə, öz-özünün bənnası ola? Sırımmasının yan cibindən bir giliz götürüb tüfəngin patron yerinə yerləşdirdi və onu qapayanda şaqqıltısı eşidilməsin deyə, sırınmasının yaxasını açıb silahı qarnına dayayıb onu ehmalca bağladı. “Hazırdır,.. əlimdən qaça bilməyəcəksən”. “Yox, bu səs, o səs deyil. Bu ağaca dəyən dimdik deyil.”
Şübhə içini gəmirməyə başlamışdı, ağacdələnin açdığı oyuq qədər içini şübhə dəlib yemişdi. İndi onu durdurmaq zor idi. Barmağının ucunda astaca və ustacasına irəliləyirdi. Səs kəsiləndə özünü gövdəsinin diametri bir metri aşmış qovağın dalına verib orda daldalandı. Kiminsə gəldiyinə duyuq düşmüşdümü həssas quş, yoxsa, əks halda nədən səs kəsilməliydi. Gözlədi, taqqıltı yenidən başlayanda o da addımlamağa davam etdi.


-Dur! – Gözlənilmədən əlindəki təklüllənin çaxmağına barmağını ilişdirdi. – Əlini tərpətsən, beynini tökərəm! – Təhdid və hədə eyni anda ağzından çıxdı.
Qaya parçasına söykənmiş oğlanın əlindən bıçaq şappıltı ilə yerə düşüb tiyəsi torpağa batdı. O əlini aşağı əyib aləti yerdən qapmaq istərkən:
-Tərpənmə! Dur, dedim sənə! – Meşə bəyi səlahiyyətini aşmadan əmrlər verdi. Ona meşənin ağaclarını qorumağı həvala etmişdilər, o isə meşənin ruhu hesab etdiyi dilsiz daşları belə qorumağı vicdan işi hesab edirdi. Bir addım da atıb tüfəngi onun yaxınına gətirdi. – Kimsən?
-Gveorg! – Adam burnunun ucunda mızıldandı.
-Hansı Gveorg?
-Sən neçə Gveorg tanıyırsan?
-Hələki birini — daşdələn Gveorg! — Adam kimliyi haqda şərh verməyə tələsməyəndə, meşə bəyi özü izahat verdi: – Səni buralarda birinci dəfədir görürəm.

-Qonşu kənddənəm… Çarxaclıdan.
-Burda nə edirsən?
-Daş yonuram.
-Nədir yonduğun?
Gveorg mızıldandı, yonduğunun nədənliyini söyləməyə çaba etmirdi.
-O yana dur, görüm! – Əlindəki tüfənglə onun yana çəkilməsinə yer göstərdi. — Baxım, görüm, dəldiyin nədir? — Gveorg çəkilib sakit durdu, əlləri boynunun arxasında bənd olmuşdu. – Xaç? – Gveorg başı ilə təsdiqlədi.
-Hər gün o boyda yolu qət edirsən, burda daş yonasan?
-Yox.
-Bəs, harda qalırsan?
Gveorg başı ilə beş-on addım kənardakı qollu-budaqlı çinarı göstərdi. Ağacın yerdən dörd-beş metr hündürlüyündəki haçasında balaca daxma qurmuşdu.
-Hı… Göydə kənd salmısan. — Daxmaya baxa-baxa gözlərini qıydı, başını döndərib yenidən daşa baxanda beyninə iynə batmış kimi dik atıldı.
-Al, o bıçağını! – Əmr etdiyi an Gveorg yerə əyilib bıçağı qapdı. Ətrafa göz gəzdirdi, hiss olunurdu nə isə axtarır. Arxaya iki addım atım balaca su tuluğunun yanındakı dəri bıçaq qabını götrdü. Bıçağın toz-torpağa bulaşmış tiyəsini üstünə sürtüb astaca qabına saldı. – Hımmm… Zənn edirsən, işin bitdi? — Gveorg ona başı ilə cavab verdi. Təbii ki, cavabı hə idi. — Al, o alətini… Poz onları!

-Elə indi?
-Bu işin sabahı yoxdur, bu dəqiqə pozacaqsan. Mən də… – yerə çömbəlib qayanın üzərində oturdu, təbii ki, tüfəngini əlindən buraxmadan, – burda oturacam. Ta o vaxta qədər ki, orda heç bir iz qalmayacaq.
Sırınmasının yan cibindən tütün qəlyanını çıxarıb içində qalmış xırda-para yanıq tütün qırıntılarını üfüləyib-küləkləyib havaya uçurtdu. Yenidən əlini cibinə salıb tütün kisəsini çıxartdı. Gveorg bir dəfə meşə bəyinə ani nəzər salmaqla onun “poz” deməsində nə qədər israrlı olduğunu anladı. Əgər qəlyanını tam doldurub alışdırıbsa, bu o mənadadır ki, meşə bəyi bu tezliklə onu rahat buraxan deyildi. Qənaətində haqlı idi, mağazası dolu tüfəngini qucağında möhkəm saxlayıb ona havayı oksigen verən meşəyə insafsızcasına onu karbon qazına qonaq edirdi. Xaç yonmaq günlərini alan Gveorgun onu pozması sadəcə saatlarını oğurladı. İnsafən, asta çalışmırdı, amma ritmik taqqıltı meşədən çəkilmişdi, indi bıçağın daş üzərindəki nizamsız hərəkətləri bəzən də ət ürpədirdi. Meşə bəyi qulağına xoş olmayan səsə dözməli idi. Dözməyə məhkum idi, yurdun ləyaqətini qorumaqdan ötrü.
Gveorgi atın döşünə salıb meşədən çıxaranda qurd quşdan seçilmirdi. Gveorg isə sahibliyini millətinə tapşırmaq istədyi Şirnak meşəsindən biryolluq izini silə-silə öz evinə doğru addımlayırdı. Bir də bu gecə o yalnız daş üzərindəki izini yox, həm də qovağın budaqlarına ağırlığını salmış evciyəzini sökməli olmuşdu.

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

6 Yorum

  1. 26 Temmuz 2025, 13:22

    Gun aydın.necəsiz.hekayəni ikinci dəfədir oxuyuram.hekayədə yazıçı iki şeyi çox gözəl rəssam incəliyi ilə vermişdir.həm təbiətin meşələrin gözəlliyi əks olunmuşdur,həmdə uzun illər meşəbəyi olmuş qocanın timsalında xalqının yurda hətta yurdunun kiçik bir daşına bağlı olması onu müqəddəs bilməsi öz əksini tapmışdır.

    • 26 Temmuz 2025, 13:43

      Kürşad Göytürk bey, əsərin məğzini doğru anlamisiniz. İnsan təbiətin bir hissəsi olduğunu dərk etməlidir və yurdun en kiçik daşında bele kutsallık nişanesi olduğunu yurddas anlamalıdır. Her ağacda, daşda ulduzların ruhu gizləndiyini dərk etməyincə yurd urvata minmez.

  2. 28 Temmuz 2025, 11:29

    Oxudum və heyran qaldım
    Kiçik bir hekayədə iki böyük mövzunu bir bir ilə əlaqələndirmək  sizin istedadınızdan və müşahidıçilik qabiliyyətinizdən xəbər verir. 1.Daşyonanın rəsmini çəkərdim, Əlbəttə rəssam olsaydım. Oxuduqca daşın üstündə çəkilən zəhməti gördüm, duydum və məni duyğulandırdı. Ola bilsin bu mövzuda şeir yazım. Bir də bu hissəni oxuyacağam.
    2.Qələbə ardıcıllıq və yorulmazlıq tələb edir-cümləsinin sətiraltı mənası çox böyük və müqəddəsdir. Bu cümlə böyük amallara çox incə bir işardədir.
    3.Bu cümlədən çıxış edib meşə bəyinin kiçik qəlbinin vətənə, torpağına, millətininə hədsiz sevgisini və sahiblik duyğusunu görürəm.  Afərin, filosof bacım, Təbrik edirəm. Həddən artıq böyük əsərdir. Həcmcə kiçik, mənaca dərin və böyük bir əsər
    Sayqılarımla, Sima Cəfərli, Hollandiya

  3. Hekayeni bir nəfəsə oxudum, çox bəyəndim. Bu mənim ata-baba yurdumdan bəhs edən bir tarixdir, bizi Qerbi Azərbaycandan deportasiya ediblər — Stalinizmin qurbanlarındanıq. İnşallah düşmənlərimizin saxta izləri Qarabağımızdan, Qərbi Azərbaycandan əbədi silinəcəkdir!!! Əllərinizə sağlıq olsun, əziz Eluca xanım.

  4. 29 Temmuz 2025, 10:39

    Dun Bakının və Naxçıvanın ruslar tərəfindən işğalı gün idi. Bakını 1723-cü 28 iyulda çar Rusiyası işğal etdi,Naxçıvan isə 1920-ci il 28 iyulda 11 Qızıl ordunun Qafqaz polku tərəfindən işğal olundu.minlərlə Azərbaycan türkü qətlə yetirildi.
    Keçmişi unudanın gələcəyi olmaz.
    Yazıçı meşəbəyi obrazını canlandırmaqla onu göstərir ki,bu xalqın yurd sevgisi ilə yaşayan hər bir övladının yurda sahib durmalıdır.vətənin kiçik bir daşınıda belə qorumaq hər bir vətəndaşın borcudur.Yazıqlar olsun dildə vətən sevgisi söyləyən ziyalılarımız var tariximizin üzərinə kölgə salaraq aparırlar gələcəyə.Eluca xanımın böyüklüyü də onun vətənə ,yurda ,türkçülüyə bağlılığından irəli gəlir.

  5. 31 Temmuz 2025, 10:47

    Çox gözəl yazıdır. Oxuyub heyran qalmamaq əldə deyil. Qələminizə qüvvət, gözəl Yazıçımız.

Giriş Yap

Medyabir Haber Ajansı ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!