Türk Dünyasının böyük filosofu Asif Atanın “Türklüyümüz” kitabında
belə bir fikir var: “Türk günahı: Böyük Hikmət yaratdı, Böyük Sənət
yaratdı, Böyük Səltənət yaratdı – Böyük Vəhdət yaratmadı.”, “Türk Dövləti
yarandı, Türk Ailəsi dağıldı”. Ata bu fikirləri 1985-ci ildə deyib, yəni
hardasa 40 il bundan öncə. Bu həmin dövr idi ki, sovet imperiyasının
qılıncının dalı və qabağı kəsirdi. Bəs, bu gün necə? Türkün bir-birindən
xəbəri varmı? Bu gün çox populyar olub, hamı Turandan, Türk Dövlətləri
Birliyindən danışır, lakin dövləti olmayan türklərin assimilyasının qarşısını
kimsə ala bilmir. O cümlədən, Çin imperiyasında hər cür təqiblərə məruz
qalan uyğur türkləri haqda nə qədər bilgiyə malikik? Bu sualla yola çıxıb
İsveçdə yaşayan və Doğu Türküstan Yazarlar Birliyinin rəhbəri şair,
ictimai xadim Abduşükür Muhammedlə söhbətləşdim. Qədim uyğur
xalqının bugünkü taleyini düşünməyinizdən ötrü oxumanızı rica edirəm.
E.A: Hocam, bu sizin Azərbaycan oxucuları ilə ilk görüşünüzdür, o üzdən istərdim özünüzü
geniş şəkildə təqdim edərdiniz.
A.M: Doğu Türküstanın Kuça ilçəsində doğuldum, amma uşaqlığım
İli vilayətinin Kunes ilçəsində oldu və 6-cı sinfə qədər bir qazax məktəbində
oxudum. 14 yaşım olduqda ana yurdumuz Kuça ilçəsinə döndük. Kuça Doğu
Türküstanın şimalını və cənubunu bir-birinə birləşdirən bir mərkəzdir və Tarkhta
Kusen dövlətinin mərkəzi idi. Kuça tarixdə uyğur türklərinin yaşadığı ən qədim
yurdlarındandır. Burada uyğur türkləri buddist və islam mədəniyyətindən olmuş
zəngin bir çox mədəniyyətə sahib olub, miras qoymuşdur. Kuçaya döndüyümdə
8-ci sinifdən etibarən bir uyğur məktəbinə getdim. O dönəmdə uyğurlar ibtidai
sinifdən universitetə qədər ana dillərində təhsil ala bilirdilər. 1984-cü ildə lisey
məzunu oldum və Kaşğar universitetində ədəbiyyat fakultəsində oxumağa
başladım. O zaman bu təhsil ocağının adı Kaşğar Universiteti deyil, Kaşğar
Pedaqoji İnsitutu adlanırdı. 1988-ci ildə ordan məzun oldum və indiki Doğu
Türküstanın mərkəzi olan Urumçuda bir yüksək məktəbdə müəllim olaraq
işləməyə başladım. 2001-ci ilədək bir məktəb müəllimi, yardımçı dossent və
dossent olaraq çalışdım. 2003-cü ildə İsveçə gəldim və Ağır Sənətlər üzrə təhsili
aldım, məzun olduqdan sonra İsveçdə qaldım və hal-hazırda Stokholmda
yaşayıram.
E.A: Ədəbi yaradıcılığa necə gəldiniz?
A.M: Universitetə gedənə qədər ədəbiyyatla çox maraqlanmazdım, amma
çox kitab oxuyardım. O zamanlar arxeloq olmaq istəyirdim.
E.A: Belə görünür, arxeloq olsaydınız, bir uyğur şairi doğulmamış olacaqdır?
A.M: Bəlkə də siz deyən kimi olardı! Amma universitetdə ədəbiyyat
oxudum, bu da ədəbiyyatı anlamağıma yardımçı oldu. Dərsdən kənar olaraq
həddən artıq çox şeir oxuyurdum və o zamanlar çox kitab olmamasına rəğmən
daha çox dərgilərdə yayımlanan şeirləri oxuyurdum. Klassik uyğur ədəbiyyatının
yanında xarici ədəbiyyat dərsi də vardı. O dərslərdə daha çox rus və sovet
ədəbiyyatı oxuyurduq. Əsərlərini oxuduğumuz yazarların, şairlərin təsiri ilə
yavaş-yavaş şeir yazmağa başladım. Universiteti bitirdikdən sonra ciddi formada
şeir yazmağa başladım.
E.A: Amma hər halda bizdə belə bir fikir yaranmamalıdır ki, universitet sizi
şair kimi yetişdirdi. İstedad vergidir, bu hər kəsə məlum olan aksiomadır. Heç
bir təhsil ocağı sənətkar yetidirə bilməz, yalnız və yalnız sənət yoluna düşmüş
insana yardım edib, cilalaya bilər. İstedad vergidir, təhsil isə müəyyən olunmuş
yolla adamı aparır. Şairlik və ya yazarlıq məlum çərçivədən bayıra atılmaqdır.
A.M: Sizlə razıyam, universitet dövri məni saydığım ölkə ədəbiyyatı ilə tanış
etdi, yəni, sistemli şəkildə onları oxumaq məcburiyyətində qalmağım mütaliəmi
artırdı və dünyaya daha geniş pəncərədən baxmağa başladım. 1989-cu ildə
yayımlanan ilk şerim şairlikdə başlanğıc olduğunu söyləyə bilərəm. O tarixdən
bu yana 9 kitabım yayımlanıb. Bunların arasında şeir toplusu, məqalə toplusu və
bəzi tarixi əsərlər vardır.
E.A: İçində yaşadığınız Çin kommunist ideologiyası sizin yaradıcılığınızda hansı izi
buraxdı?
A.M: Mənim şeir və başqa əsərlərimdə Çin kommunist ideologiyasının heç
bir təsirinin olmadığını düşünürəm, çünki universitetdə oxuduğumuz və məşğul
olduğumuz dönəmdə Çinin sərhədləri dünyaya və qərbə açıq bir dönəm idi.
Uyğur ədəbiyyatında yeni bir canlanma yaşanırdı. İnkişaf etməkdə olan gənc
yazarlar və şairlər Çin ədəbiyyatından daha çox Qərb ədəbiyyatı ilə
maraqlanırdılar. Üstəlik o dönəmdə Çin dilini bilmədikləri və Çin ədəbiyyatına
heç maraq etmədikləri üçün Çin dilinə çevrilmiş əsərləri oxuyardılar. Çincə
bilməyənlər uyğur dilinə çevrilmiş Qərb ədəbiyyatını oxuyardılar. Dolayısı ilə Çin
kommunist ideologiyasının bu dönəmdə yetişən gənc yazar və şairlər üzərində
etkisi minimal formada olduğunu düşünürəm. O zamanlar gənc yazar və şair
gənclərin çoxunun dünyaca ünlü yazar və şairləri tanıdığını, amma içində
yaşadıqları Çində kimin ünlü olduğunu bilmədiklərini deyə bilərəm.
E.A: Hocam, siz danışdıqca, mən sanki uyğur dünyasını kəşf etməyə
başlayıram. Əlbəttə, uzun illər bizdən təcrid edilmiş dünyanı nəzərdə tuturam.
A.M: Mən də sizlə olan söhbətlərimizdən sonra daim təəssüf hissi keçirirəm
ki, Azərbaycanda uyğur ədəbiyyatı tanınmır.
E.A: Təəssüf ki, elədir. İndi izin versəydiniz, sizə növbədi sualımı
ünvanlayardım. Azadlıq, Doğu Türküstanın acısı-ağrısı sətirlərinizin əsas qayəsidir. Amma
bir daha özünüzdən eşitmək istərdim yazdığınız mövzularla bağlı.
A.M: Gəncliyimdə ölkəni tərk etmədən öncə yazdığım şeirlərin çoxsunda eşq
duyğuları, cəmiyyət problemləri və azadlıq həsrətimi dilə gətirirdim. Amma bu dönəmdə
azadlıqla bağlı duyğularımı şeirlərimdə ənənəvi olaraq daha incə bir şəkildə ifadə
edirdim. Açıq ifadə etmək mütləq şəkildə mümkün deyildi. İsveçə gəldikdən sonra
yazılarım əsasən zavallı uyğurların iç duyğularını ortaya çıxarmağa, onlara ümid vermək,
vətən həsrətimə və sərhədsiz acığıma daha çox yer ayırdım.
E.A: Yazmaq istədiyiniz elə bir mövzu varmı, lakin onu qələm vasitəsi ilə aşkarlaya
bilmirsiniz?
A.M: Çin hökuməti 2016-cı ilin oktyabr ayından bu yana Doğu Türküstanda
uyğur aydınlarını, şairləri, yazarları, sənətçiləri və tanınmış din alimlərini
tutmağa başladı. 2017-ci ilin martından etibarən tutulmuş uyğurlar toplama
kamplarına göndərildi. Kampda uyğur, qazax, özbək, qırğız kimi bilinən 4
milyondan artıq türk etnik qrupu olmaqdadır. Hətta bəziləri kamplarda öldü.
Bəzilərinə ömürlük həbs cəzası verilib. Məsələn, tanınmış yazar və şair Mirzait
Kerim, tanınmış din alimi Muhammed Sahli Damollam həbsxanada öldü, dostum şair Ilham
Ruzi kampta öldü. Dediyim kimi, bəziləri ömürlük həbsə məhkum olunublar. Alim, doktor,
professor Rachel David, doktor, professor, şair və yazar Abdur Kadir Celalidin uzunmüddətli
həbs cəzası alıb. Bəziləri 10, 20, 30 ilə qəədər həbs cəzası alıb. Məsələn, şair və yazar Farhat
Tursun 18 il, şair və yazar Ablet Abdureşit Berki 13 il, yazar Yalkun Ruzi isə 18 il həbs
cəzası çəkməyə məhkum olunub. Burada sadəcə bir neçə isimdən bəhs etdim. Hamısını
saymaq üçün uzun-uzadı zaman gərəkdir. Onların tək günahı uyğur problemini dilə gətirmək
və uyğur türkü kimi tanınmalarıdır. Çox sayda uyğur gənci türk bayraqlı paltarlar geydikdə və
türkcə mahnılar dinlədiyi üçün cəza evlərinə atıldılar. Qədim uyğur mədəni abidələri,
məscidləri və qədim məzarlıqları vandalizmə uğradı, söküb yer üzündən sildilər. Mahmut
Kaşkarinin abidəsini söküb, onun uyğur olmadığını sübut etməyə çalışdılar. Qısacası, uyğur
mədəniyyətinə dair hər şey yox edildi. Bu hadisələrdən sonra da bu vəziyyəti “Mehrigül”,
“Hazıdar Tanrıtağ” kimi bəzi əsərlərimdə və digər şeirlərimdə anlatdım.
E.A: Milyonlarla türkün Çin kamplarında işgəncəyə məruz qaldığını qısa da olsa anlatdınız.
Siz bu mövzunu hansı əsərlərinizdə və necə canlandırmısınız?
A.M: İndi hal-hazırda tarixi şəxsiyyət Mesud Sabri haqqında kiçik bir yazı yazıram. Bu
şəxs 1930 və 1940-cı illərdə Doğu Türküstan tarixində “Üç Bəy” olaraq anılan şəxslərdən
biridir. O dönəmdə “Millətimiz Türk, dinimiz İslam” şüarı ilə çox şey etdilər. Türkçülük
fikirləri çox güclü idi. Böyük Türküstanda yaşayan xalqların hamısını TÜRK saymışdılar.
Yəni, sovet kommunizminə qarşıydılar. Doğu Türküstanda da bu üç şəxsiyyət haqqında bir
əsər yazmaq mümkün olmadığından bu şəxslərin həyatlarını uşaqlar üçün bir kitab yazdım.
Bunun xaricində bir kitab daha var, mənim şeir kitabım may ayında isveçcə yayımlanması
nəzərdə tutulub.
E.A: Siz uzun illərdir ki, İsveçdə yaşayırsınız, ədəbi fəaliyyətinizlə yanaşı ictimai
fəaliyyətiniz var. İsveç ictimaiyyətinə Doğu Türküstan dərdini qədərincə çatdıra bilirsinizmi?
A.M: İsveçə gəldiyimdən bəri uyğurların çəkdiyi acıları və basqıları isveçlilərə
anlatmağa çalışıram. Bir yandan da dərdlərimizi yayımlatdırdığım şeirlərimdə və
başqa əsərlərimdə yaymağa çalışdım, digər yandan da sosial fəaliyyətlərimlə
yaymağa can atıram. İllər öncə İsveçdəki Azərbaycan və Türk dərnəkləri ilə
yaxın əlaqələrim vardı. Birlikdə bir çox fəaliyyətlərimiz oldu. Şəxsən mən də
azərbaycanlıların İsveçdə Dağlıq Qarabağ məsələsiylə bağlı aksiya və digər
fəaliyyətlərinə qatılmışam. 2013-dən sonra sosial fəaliyyətdən daha çox şeir və
başqa əsərlər yazmağa üstünlük verdim. Ancaq uyğurların məruz qaldığı
basqıları əsərlərim vasitəsi ilə çatdırmağa çalışıram.
E.A: Qürbət sizdən nəyinizi aldı və nə verdi əvəzində?
A.M: Bu vaxta qədər bu sualın cavabını incəliyinə qədər düşünmədim. Amma
itirdiyimdən daha artıq aldığımı düşünürəm, bu üzdən başqalarından aldıqlarımı
geri verməyə çalışıram.
E.A: İsveçdə yayımlanan “Natten” (Gecə) uyğur şairlərinin şeir toplusunu
yayımlatdırmısınız. Burda çoxlusayda uyğur aydınının həyat və yaradıcılığı ilə tanış oluruq:
Tahir Hamut zindan görmüş şair, film direktoru 2017-ci ildən Amerikada sığınacaq tapıb.
Perhat Tursun şair, yazar, türkoloq Çin zindanında ağır işgəncədən sonra izsiz yox olmuşdur.
“Levande ögon på döda kroppar” (Ölü vücudlarda yaşayan gözlər) sətrinin müəllifi, xəyalları
ilə Çində yaşaya bilməyən sığındığı Suriyədən kommunist diktəsi ilə ordan da qovulub
Kanadada məskən salmış istedadlı şair Ahmetcan Osman. “Livet” (Həyat) şerinin müəllifi,
gənc vəfat etmiş müğənni, bəstəkar, Çində oxuması qadağan edilib, sığınacaq tapdığı İsveçdə
erkən yaşda vəfat etmiş Kuraş Sultan. “Sälj inte din mark” (Yurdunu satma!) deyib, 20 il Çin
zindanında işgəncə görmüş şair, tanınmış yazıçı və tədqiqatçı Abdurehim Ötkür.
Şair, dramaturq, rəssam Lipulla Mutellip, o həm də müasir uyğur ədəbiyyatının yaradıcısı
sayılır. Cəmi 22 yaşında zindanda işgəncələr altında qətlə yetirilmiş
Abdulhaliq Uyğur- şair, akademik, pedaqoq – özü və qardaşları Şərqi Türküstanda
1933-1944-cü illərdə sovet hakimiyyəti Çin höküməti vasitəsi ilə 100- lərlə insanın başını
qılıncla qoparığı bir zamanda haqqında bəhs etdiyimiz alimin və onun qardaşlarının başı
boynundan ayrılmışdır.
Bütün bu uyğur aydınlarının taleyini öyrənmək insanda zalımığa qarşı tək nifrət yaratmır,
həm də “nə vaxta qədər?” sualını doğurur. Buna kim və ya kimlər “DUR!” deyəcək?
A.M: Çin hökuməti tərəfindən öldürülən və ya əsərləri ilə bağlı təqib olunaraq yurd
xaricinə mühacirət həyatına zorla məruz qalan bir qrup şairin şeir toplusuna daxil
edilməyimin amacı isveçlilərə uyğurların durumunu anlatmaq, onları bu mövzuda
bilgiləndirməkdir. Üstəlik şeir toplusuna “Gecə” adının verilməsi də bu amaca xidmət edir.
Çünki uyğur şerində gecə zülmün simboludur. Bu toplunun yaradılmasının da bir hekayəsi
var. 2017-ci ilin son baharında Uppsala Universitetində uyğurlarla bağlı bir konfrans keçirildi
və mən də şeirləri “Gecə” toplusunda yer alan bir qrup şairin həyatını və şerini tanıtdırdım
orda.
Toplantının ardından bu toplantıya qatılanlardan biri burada tanıdığım insanlardan yola
çıxaraq bir toplu hazırlamağımı məsləhət gördü. Təklifi məmuniyyətlə qəbul etdim və
toplumu hazırlamağa başladım. Bu şeir toplusunun yayınlanmasının təsiri böyük oldu.
Bu gün uyğurlara şiddətli basqı var, amma dünya səssizliyini qoruyur. Baxmayaraq bir çox
Qərb ölkələri uyğurların məruz qaldıqları basqını soyqırım olaraq qəbul etsələr də, lakin
ölkələrin çoxu Çinə təpkisini göstərmir. Birləşmiş Millətlərin İnsan Haqları Komitəsi
tərəfindən Çinin insan haqlarını pozduğunu qınamaq amacı ilə çox sayda təkliflər verilməsinə
rəğmən, Asiya və Afrika Müsəlman ölkələri Çin lehinə oy verdilər. Bununla da Çin günahsız
elan edildi, hələ üstəli qatil olduğu halda terrorizmlə mübarizə aparan bir dövlət kimi haqq
qazandırıldı. Mənim ən çox umduğum qardaş Türkiyədir. Çinə qarşı çıxmasalar da susmağı,
yəni reaksiya göstərmədən kənarda durardı. Amma əksinə oldu, Çinə dəstək verdi.
Uyğurlarda bir atalar sözü var: “Özgənin yanından ötdü, qardaşın canından keçər”. Məni üzən
də budur.
E.A: Uyğur aydınlarının bugünkü həyatından bəhs edin, lütfən və uyğurlar bu gün
mübarizələrini hansı formada aparırlar?
A.M: Artıq Doğu Türküstanda düz-əməlli bir uyğur türkü qalmamış, tanınmış uyğur
aydınlarının hardasa demək olar hamısı həbsdə və ya toplama kamplarındadır, alan az sayda
aydın isə qorxu içində yaşayırlar. Hər an tutulmaq qorxusu ilə yaşayırlar. Çin hökuməti
tərəfindən xüsusi olaraq təhsil almış aydınlar da var. Çin rejimini dəstəkləməkdən savayı
çarələri yoxdur. Çin hökumətinin ilk hədəfi uyğur aydınları idi. Uyğur aydınlarının xalqı
oyandırma gücünə sahib olduğunu görürdülər.
E.A: Doğu Türküstanda və ümumən dünyada nə qədər uyğur türkü var?
A.M: Çin hökuməti uyğur nüfusu haqqında doğru məlumat vermədiyindən uyğur
türklərinin dəqiq sayı ilə bağlı doğru-dürüst məlumat vermək mümkünsüzdür.
Çin hökumətinin son nüfuz hesablamalarına görə uyğurların sayı 12 milyonun üzərində
olduğunu göstərir. Dünyada nə qədər uyğur olduğunu söyləmək də bir o qədər asan deyil,
amma bəzi araşdırmaçılar statistikaya görə, bu sayı təqribən 17 milyon üzərində olduğunu
deyirlər. 1920 və 1930-cu illər arasında sovet ittifaqından gələn bəzi sənədlərə əsaslanaraq
Özbəkistanın Anjan və Fərqanə vadilərində bir milyondan artıq uyğur yaşadığını bildirirlər.
Amma indi bu hesab doğru sayılmır.
E.A: Sizcə, nədən uyğur türkləri nəsrə yox, nəzmə, şerə üstünlük verirlər?
A.M: Uyğur ədəbiyyatı tarixinə baxdığımızda islamdan öncəki Buddist və Mani dinləri
dönəmində uyğur ədəbiyyatında çeşidli ədəbiyyat növlərinə rast gəlirik. Ayrıca şeir, teatr,
hekayə və digər növlərdən ədəbi əsrlər vardı. Ancaq islamı qəbul etdikdən sonra uyğurlar
ərəb ədəbiyyatından böyük ölçüdə təsirlənmişlər, hətta şeir biçimlərini ərəb ədəbiyyatına
uyğun yazmışdılar. Uyğurların islamdan sonrakı min illik klassik ədəbiyyat tarixinə
baxdığımızda bəzi dini əsərlər və təzkirə əsərləri xaricində digər bütün əsərlərin şeir əsərləri
olduğunu görə bilərik.
Uyğur ədəbiyyatında bu durum 1930-cu illərə qədər davam etmişdir. 1930-lardan sonra
uyğurlar arasında bəzi hekayə və romanlar ortaya çıxmağa başladı. 1980-ci illərdən Çin
hökumətinin uyğur ədəbiyyatını yasaqladığı 2017-ci ilə qədər uyğur ədəbiyyatında çox sayda
roman və hekayə əsərləri yazılmışdır. Amma xaricdə yazarımız yox, önəmli səbəblərdən biri
xaricdə uyğurların sayının çox az olması, oxucularımızın olmaması, yayınevimizin olmaması
da səbəblərdən biridir. İndi də Doğu Türküstanda uyğurca yazma yasaq olduğu üçün çincə
roman yazan gənc yazarlarımız var.
E.A: Yəni siz dərdinizi şeirə sığışdıra bilirsinizmı?
A.M: Şeirlərimdən bəhs edərkən çox tez-tez aşağıdakı cümlələrdən istifadə
edərəm.
Çılpaq acılarım gecə qaranlığında
atəş böcəyi kimi parlayır.
Onun kürəyində işıq saçan
nur mənim şeirlərimdir.
Şeirlərim sanki bir hörmçək kimi
gecədə ağ hörər.
Çünki mən gecədə doğuldum,
gecədə yaşadım.
Şeirlərimi oxuyanlar
mənim incə acılarıma dağılır.
Acım əslində mənə aid olan
cəmiyyətimin acısıdır.
Aydınlığı arayan hər insan üçün
ümuddir şeir.
Mən bu səbəbdən şeir yazıram.
E.A: Mən, uyğurun bugünkü dərdinin yer aldığı bir roman oxumaq istəsəm,
siz hansı əsəri mənə məsləhət görərdiniz?
A.M: Xaricdə olan digər yazar və araşdırmaçıların uyğurların mövcud faciəli
durumunu nümayiş etdirən önəmli çalışmalar var. Amma bütün bunlar başqa
dillərdə, türkcə “Qızıl qiyamət”, “Uygur türkliri ölume kafa tut bir halik”, isveçcə “Ögon
vitne” (Göz şahidi) kitablarını oxuyarsınızsa, olduqca çox bilgiyə sahib olarsınız.
E.A: Kaysəridə iki uyğur kültür mərkəzində və dəyərli Hamit Göktürk hocam və sevgili
ablam Nurala Göytürkün, TRT Tv-nin əməkdaşı Kamil Kaşkarlının ocağında Doğu Türküstan və
onun zəngin mətbəxini dadıb, tanış olmuşam. Doğu Türküstan Turanın böyük və mənəvi
baxımdan zəngin bir hissəsidir.
70 il sovet dövründə türkü türkdən ayrı salaraq, bizləri bir-birimizin təkcə ədəbiyyatından,
mədəniyyətindən yox, kimliyindən də xəbərsiz qoydular. Əslində ədəbiyyat və mədəniyyət
millətin ruhunun ifadəsidir.
Sizcə, Doğu Türküstanı Azərbaycanda tanıtmaq üçün nə edə bilərik?
A.M: Türkiyədə çox sayda uyğur var, bu səbəbdən də Türkiyədə uyğurlarla bağlı
fəaliyyərlər olduqca canlı və mediada da uyğurlar haqqında məlumat almaq olur.
Amma Azərbaycanda nə qədər uyğur olduğunu bilmirəm.
E.A: Əslində mən də bu vaxta qədər Azərbaycanda uyğur olması ilə bağlı heç bir fakta rast
gəlmədim. Təbii ki, bütün dünyaya yayılmış çinlilər orda da çoxdur, ən əsası ticarət və
retoran fəaliyyəti ilə məşğuldular. Ədəbiyyat və mətbuata sirayət etməmişdilər.
A.M: Amma Türk Dünyasının önəmli bir parçası olan Azərbaycan xalqı zülm və hər cür
faciənin ağrı-acısını dadmış bir xalqdır. Bu səbəbdən də uyğurların mövcud durumunu anlaya
bildiklərini düşünürəm. Azərbaycanda durum hər ötən gündə yaxşıya doğru gedir və
Azərbaycan xalqına dair böyük ümidlərimiz var. Azərbaycan Çinin qurmaq istədiyi Yeni İpək
Yolu projesində yer aldığı üçün Çin ilə münasibətlərində Azərbaycanın nüfuzu hiss
olunmaqdadır. Azərbaycan xalqının uyğur məsələsini bilməsi üçün çeşidli mediyalardan
istifadə edərək uyğur məsələsi və uyğur xalqı tanıtması gərəkdir. Azərbaycan halqı uyğur
məsələsini diqqət mərkəzində saxladığı zaman siyasi aləmdə təsiri ola bilər.
E.A: Siz İsveçdə fəaliyyət göstərən Dünya Uyğur Yazarlar Birliyinin rəhbərisiniz. Neçə
üzvünüz var və burdakı gənclərin əsas mövzusu nədir?
A.M: Hal-hazırda rəhbəri olduğum dərnəyin adı “Dünya Uyğur Yazarlar Birliyi”- dir. Xaricdə
yaşayan bəzi yazar və şairlərlə 2018-də İstanbulda bu birliyi qurduq və
2020-ci ildə İsveçdə qeydiyyatdan keçirtdik. Bu gün dərnəyimizdə 35 üzvümüz var.
Dərnəyimizin qurulmasından bu yana uyğur ədəbiyyatı və uyğur yazar və şairləri ilə bağlı bir
çox fəaliyyətləri gerçəkləşdirdik. Fəaliyyətimizin çoxu İstanbulda reallaşır. Mümkün olursa,
önümüzdəki illərdə Azərbaycandakı dərnəklərlə də birlikdə çalışmak istəyirik.
Bu günə qədər dərnəyimiz 17 kitab yayımlayıb, 6 kitabımız daha yayıma hazırdır.
E.A: Hocam, uyğur türkləri ilə bağlı verdiyiniz hərtərəfli məlumat üçün sizə
minnətdaram. Düşünürəm, bu hələ başlanğıcdır. Uyğur türklərini tanımaq və
tanıtdırmaq üçün söhbətimizi davam etdirməliyik. Tanımadan, bilmədən dərdə
dərman etmək mümkünsüzdür.
A.M: Haqlısınız. Mən də Qarabağı geri almaqla bütün dünyaya türk ruhunun
və gücünün nəyə qadir olduğunu sübut edən azərbaycan xalqına salamlarımı
sizin vasitənizlə çatdırmaq istərdim.
E.A: Asif Ata deyir: “Türk ata minər Koroğlulaşar, atdan düşər Füzuliləşər!”
Gerçəkdən də bu Qarabağ savaşında gerçəkləşdi. Bu ruhun bir gün Doğu
Türküstanda da gerçəkləşəcəyinə inanıram və maraqlı söhbət üçün sizə
minnətdaram.
Abduşükür Muhammed ilə söhbətləşdi Eluca Atalı.