(Eluca Atalıdan müsahibəni “Bakinskiy raboçiy” qəzetinin müxbiri Afət İslam hazırlayıb)
Əslən Neftçala rayonundan olan, BDU-nun Kitabxanaçılıq fakültəsində təhsil alan, elmi işlə məşğul olan kənd qızı bu gün xarici ölkələrdə tanınmış, kitabları müxtəlif dillərə tərcümə olunan yazıçıya çevrilib.
Təxminən 20 ildir İsveçdə yaşayan və özünün gözəl hadisələrlə dolu əsərlərini yaradan yazıçı hesab edir ki, əcnəbi oxucular Azərbaycanın ağrısını ifadə edən irihəcmli nəsr əsərlərini oxumalıdırlar, çünki Qarabağ və Güney Azərbaycanın tarixi hadisələri dünyada incəliyinə qədər məlum deyil. Ona görə də xaricdə bu mövzularda ədəbi əsərlərin bədii formada nəşri vacibdir.
Eluca Atalı hesab edir ki, yazıçı cəmiyyəti maarifləndirmək, ona yeni təfəkkür bəxş etmək üçün ondan ucaya qalxmalı, yəni, zamandan üstə olmalı, qadın yazıçı isə özünü əsl cəngavər kimi sübut etməli, yaradıcılığı ilə oxucuların şüurunda inqilab yaratmalıdır. Çünki yaradıcılıq döyüş ruhu tələb edir, yaradıcılıq tələb edir ki, lazım olanda köhnəni dağıdıb yenisini qurasan. Müəllif bu xüsusda ustadı və mənəvi müəllimi, mütəfəkkir-filosof Asif Atanın “Kitab hadisə olmalıdır” sözlərini xatırladır. Eluca Atalı onun nəsihətlərinə əməl edərək, ədəbiyyata oxucunu öz dünyasına çəkə bilən, özü ilə apara biləcək yeni hadisə yaradan fenomen kimi baxır.
Eyni zamanda, onun üçün ədəbiyyatın məqsədi oxucuya yeni ideya vermək kontekstində bir vasitə kimi çıxış edir. Əgər ədəbiyyat yaratmaq məqsəd olarsa, Elucu xanımın fikrincə, ədəbiyyat zəifləyər. Onun üçün ədəbiyyatın meyarına çevrilən inamdır.
Afət İslam: Lütfən, son illərdə nəşr olunan kitablarınızdan danışın, harada və hansı ölkələrdə və dillərdə çap olunub?
Eluca Atalı: Son illər “Ənqa quşu”, “Kendini getir”, “İran Hizbullah zindanında”, “Uzun səfərin qəribə sonluğu”, “Odunçunun nağılı” kitablarım Azərbaycanda, “Çiçek açan atkı” uşaqlar üçün (Çiçəkləyən şərf), “İran zindanında: Devrimin travması” və “İran zindanında: Hayatı tabutda arayanlar” 2 cildlik romanım, “Anka kuşu — Yeniden doğuş”, “Anka kuşu — Sonsuzluk arayışı ” Ənqa quşu ismi ilə yazdığım kitab artıq iki hissədə Türkiyədəki “Çinaraltı” nəşriyyatında çap olunub, seriyalı nəşri nəzərdə tutulub, üçüncü hissəsini də yazıb bitiridim “Ənqa quşu — əbədiyyət aşiqləri” adında. Hindisanda “Xoş gəldin, ayrılıq” benqal dilində, yenə İranda, Almaniyada, Özbəkistanda ingilis, rus, özbək dillərində “Ənqa quşu” uşaq romanım çap olunub. Amerikada “Yad dildə azadlıq nəğməsi” və “Heykəllər niyə danışmır” ingilis dilində, İranda “Ənqa quşu”, Özbəkistanda da yenə həmin kitab özbəkcə, Qan gölündə, Ay” qaraqalpak dilində Qaraqalpaq Respublikasında yayımlandı. Kitablarım ilk növbədə vətənimzdə çap olunur, bu da təbiidir, çünki ana dilində yazıram.
Afət İslam: İrandakı hadisələr və bu ölkəyə aid olan bütün aspektləri siz müfəssəl açırsınız, Xamenei rejiminin bütün qaranlıq labirintlərinə işıq salırsınız. Maraqlıdır, niyə məhz İranın müasir tarixi sizi belə özünə çəkir?
Eluca Atalı: Öncədən deməliyəm, İran məndən ötrü yad ölkə deyil, orda bizim 40 milyon doğmamız yaşayır. Mənimsə birbaşa orda əzizlərim var — yoldaşım əslən Urmu şəhərindəndir. Bir neçə yöndən İran mövzusuna müraciət edirəm. Birincisi, siz də bildiyiniz kimi, mən Asif Ata ideyaları əsasında yazan bir yazıçıyam. Atanın Ruhani İntibah ideyasının içində yer alan altı böyük ideyadan biri Müstəqil Vətəndir. Belə olan halda vətənimizin coğrafi, mədəni, mənəvi və əhali baxımdan çox hissəsi Güney Azərbaycanda yaşadığından, o mənim diqqət mərkəzimdədir. Onların da müstəqilliyinə nail olmalıyıq. Qeyd etdim ki, qohumlarım Güneydədir, yoldaşım 40 ilə yaxındır İsveçdə yaşayır. Anası, bacıları və doğmaları vəfat edəndə belə onların ağrı-acısını uzaqda yalnız yaşamalı olub və bu acılar hələ də davam etməkdədir. Bütün bunlara son qoyulmasını istəyirəm. Digər tərfədən Urmu gölünün qurumasını biz yalnız təbii fəlakət kimi qəbul etməməliyik, gölün bilərəkdən qurudulması bizim milli ləyaqət məsələmizdir. Çünki orda olan 14 milyarddan artıq zəhərli duz qədim yurdumuzu xaraba qoyacaq, bu gün də acı fəsadları görünməkdədir. 45 il əvvəl baş vermiş İran İslam İnqilabının İrana, Yaxın Şərqə gətirdiyi faciəni qələmə aldığım “İran Hizbullah zindanında” 4 kitabdan — “İnqilabın travması”, “Üç vəd, üç tələb”, “Qanlı orkestr”, “Həyatı tabutda axtaranlar” ibarət tarixi romandır. Burda inqilabın öz övladlarını necə yeməsini, 480 nəfərlik Urmudakı qadın zindanıda qadınlara verilən işgəncələr, edamlar, hamilə gəlinlərin asılması, gülləyə tutulması, qızlara bir saatlıq siğə (müvəqqəti nigah) edildikdən sonra edam edilməsi, onların valideynlərinin çəkdiyi iztirablar, türk dilinə qoyulmuş qadağa və s. üzdəniraq məsələlər əsərdə geniş yer alır. Digər tərəfdən inkar edilməzdir, islam inqilabından sonra Yaxın Şərq ölkələrində terror qruplaşmaları yarandı, bu gündə onun bariz nümunəsi kimi Hamasın Qəzza zolağında, Hizbullahın Livanda etdiyi vəhşiliklər qələmin yazacağı qədər asan deyil. Romanda əsas xətt “İnqilab, yoxsa intibah?” sualına cavab axtarılır. Buna nə dərəcədə cavab verilibsə, bunu oxucu deməlidirlər. Mənsə özümə borc bildim İmam Ayətullah Xomeyninin əsl simasını göstərim. İnqilab rəhbərinin nə bir siyasi, nə də iqtisadi əsəri yoxdur, bununla bağlı düşünmür də. Hələ üstəlik İranın gələcək iqtisadi planından sual veriləndə “Biz inqilab etmədik ki, qarpız ucuz olsun” cavabını verir. Kütlə inqilaba niyə qoşulur? İqtisadi durumu yaxşılaşsın. Əgər bu olmayacaqsa, o əvvəlki vəziyyətində yaşayacaqsa, o zaman hakimiyyət dəyişikliyi onun nəyinə lazımdır? Romanda başqa bir sual “İnqilabı kim etdi və nə məqsədlə etdi?” -dir. Qərbi demokratiyanın beşiyi sayanlara dərs olsun deyə, İrandakı inqilabı etməkdə qərbin dərdi İrana demokratiya gətirmək yox, sosioloq Əli Şəriətinin dediyi kimi, onun təbii sərvətlərini, şahin milliləşdirdiyi nefti və xammalları ucuz qiymətə İrandan almaq idi və Xomeyni də bu vədi qərbə vermişdi. Romanın ikinci kitabı olan “Üç vəd, üç tələb” də bunu yazmışam. O zaman sual ortaya çıxır, niyə siyasi düşüncəsi olmayan, iqtisadiyyata aid heç bir planı və ya kitabı olmayan Xomeyni inqilabın müəllifi olur? Cavab belədir: qərbə fanatik lazım idi, onun əli ilə istədiklərini İranda reallaşdıra bilsin. Əsərdə digər bir xətt isə kommunizm və din paralelləridir. Lenin sosialist inqilabının qələbəsini möhkəmləndirib daimi etməkdən ötrü süngü gücünə olsa belə, sosialist inqilabını Rusiya ilə sərhəd ölkələrə keçirməliyik deyirdi. Xomeyni isə islam inqilabını qonşu ölkələrə keçirmək, islam imperiyası qurub onun başında durmaq istəyirdi. Hardasa Vatikandakı papanın xristian aləmində oynadığı rolu Xomeyni də islam aləmində oynamaq istəyirdi. Bunun acı nəticəsi ilk növbədə bizə dəyir, çünki qonşuyuq və həm də İranın Quzey Azərbaycan kimi qorxulu röyası ona rahat yatmağa imkan vermir. Ərdəbildə yayımlanan “Şimali İran” dərgisində ardıcıl olaraq Quzey Azərbaycanı İranın bir hissəsi kimi təbliğ edirlər. Kitabın 4-cü “Həyatı tabutda axtaranlar” hissəsində “Mutasiyaya uğramış inqilab” bölmsi var, orda inqilabın puç olduğunu bədii formada yazmışam.
Dostoyevskinin “Şeytanlar” romanında Rusiyada inqilabı ziyalılar etməlidir mesajı var. O romanında artıq hər şeyi demişdi, inqilabın skiletini yaratmışdı.
Yalmançı sovet tənqidçıləri yazıçını fenomen hesab edirdilər Leninin gəlişini əvvəlcədən gördüyü üçün. Yazıçının romanı 1873-cü ildə çap olunanda Leninin 3 yaşı vardı, təbii ki, 3 yaşlı uşağı gələcəyin inqilab müəllifi kimi görmək cəfəngiyyatdır. Sadəcə, Dostoyevski yüksək yazıçı təfəkkürünə malik mütəfəkkir idi və ən əsası yaşadığı cəmiyyəti tanıyırdı. O hesablayırdı ki, maarifçi birisi inqilab müəllifi ola bilər, nəinki çarın Qış Sarayına əli yabalı hücum edən rus mujiklərindən kimsə inqilaba rəhbərlik edə bilsin. Qaldı Leninə, o roman qəhrəmanının qohumu idi. İranda da həmçinin, məhz Xomeyni iş başına gəlməli idi, çünki kütlənin beyni Xomeynin səsyazıları ilə köklənirdi, əksəriyyət fanatik idi. Romanın “Qanlı orkestr” kitabındakı xomeynizmin mahiyyətini açarkən bu məsələlərə toxunmuşam.
Keçək sizin sualınızdakı Xamenei məsələsinə. Özüm bilərəkdən Xomeyni və inqilab məsələsini bir qədər şərh etdim ki, Xameneini tanımaqda çətinliyimiz olmasın. Çünki Xamenei onun varisidir. Qısa desək, o, inqilabın övladıdır və həm də inqilab övladlarını yeyənlərdən. Bizim Güneylilərə və vətənimiz Azərbaycana indiki Ali Ruhani başçının münasibəti əvvəlki başçınki kimi dəyişməzdir, təəssüf ki, mənfi mənada. Yenə millətimiz zindanda, anadilində məktəb yox, Azərbaycan ostanlarına fars ostanlarından fərqli iqtisadi vəsait ayrılır, üstəlik qadınlara basqı yenə davam edir və s.
Afət İslam: İsveçdə yaşaya-yaşaya bütün bu nadir məlumatları, hansı ki, açıq mənbələrdə ola bilməz, necə əldə edirsiz?
Eluca Atalı: Maraqlı sualdır. Materialları yığıb əldə etmək üzun və zəhmətli bir iş oldu, lakin insan qarşısına məqsəd qoyanda çətinliyi aşa bilir. Bir də tez-tələsik olan inqilablardır, daimi qalacaq işlər böyük əməyin nəticəsində hasil olur. Jurnalistlər və kitabı oxuyanlar məndən sual edirlər: Sən Güneylisən? Sən zindanda neçə il yatmısan? Yox cavabın verəndə soruşurlar, bəs, bunları necə bilirsən? Əsasən də qarşılaşdığım sual budur: bu sənin yazıçı fantaziyandır, yoxsa olmuş hadisədir? İran zindanlarında uzunmüddət və eyni zamanda ən çox da edam hökmü altında yatmış soydaşlarımızla həyatda, virtual aləmdə, skype, vhatsap, email yazışmaları ilə görüşüb müsahibələr aldım. Bəzi adamlar vardı ki, onlara 50-dən artıq sual ünvanlamışdım. Özümün zindan həyatı görməməyim mənim yazmamı bir qədər zorlaşdırırdı. O zaman sual edə bilərsiniz, görmədiyin bir həyatı qələmə almaq çətinliyinə niyə qatlaşdın?
Bilirsiniz, Güneydə anadilli məktəb olmadığı üçün onların böyük həcimli nəsr əsəri yazması çətindir. Çünki nəsr əsəri yazdıqda qramatikanı mükəmməl bilmək əsas şərtdir. Bir də insan hansı dildə təhsil alırsa, əsasən o dilə hakim olur. Təəssüf ki, bu həqiqətdir! Qeyd edim, uzunmüddət zindanda yatmışlardan müsahibə verməyənlər də çox oldu: “o günləri xatırlayanda onu yenidən yaşayıram” – deyirdilər. Romanın sonunda “İnqilabın kodu” epiloqunda bundan bəhs etmişəm. Başqa bir mənbəm isə həyat yoldaşım idi. Onun İranda hüquq təhsili alması mənə İranın hüquq sistemini qədərincə öyrənməyimə yardım etdi.
Afət İslam: İranın hakim dairələrinin bu ifşaedici kitablara münasibəti maraqlı olardı, sizin kitablar İranın özündə satılırmı və oxucuların onlara münasibəti maraqlı olardı?
Eluca Atalı: Sualınızın ikinci hissəsinə birinci cavab verəcəm, təbii ki, İranda satılmır. Lakin ayrı-ayrılıqda İrandan hədsiz dərəcədə çox müraciət olunur kitabı əldə etmək üçün. Qəribə də deyil, son müraciət Qumda dini təhsil alan tələbədən gəlib. Onun mesajını olduğu kimi sizə çatdırıram: “Qumun ayətullahları sənin kitabından xəbərdardılar. O kitab Xomeyni ağamıza iftira ilə doludur, sən cəzana çatacaqsan”. Kitab ərəb əslifbasına çevrilib, fars dilində tərcüməsi reallaşır. Çünki farsdilli oxuculardan da oxumaq arzusunda olanlar çoxdur, Almaniyada farsların çap etdikləri “Avayi tebid” (Sürgünün səsi) qəzetində kitab haqda böyük bir məqalə getmişdi. Qəribədir, kitabı oxuyan İran sakinləri məndən İranın harasından olduğumu sual edirlər. Onlara inandırıcı gəlmir ki, bu kitabı İranda yaşamamış birisi yazıb. İran hakim dairəsinin münasibətinə gəldikdə, hələ kitabdan cəmi 3 hekayət fars dilinə tərcümə edildiyi 2011-ci ildə mənə edam fitvası verdilər. O zaman Əhmədnejadın tərcüməçisi azərbaycanlı idi, dəfələrlə mənə məktub yazıb mənlə bağlı qorxularını dilə gətirdi. Hakim dairə bir qayda olaraq Xomeyniyə şər atdığımı, kitabın yalanla dolu olduğunu deyir. Əsasən də “Müntəzirinin güzgü ilə söhbəti” hekayətində Ayətullah Xomeyninin Kəlbəla səfərində yolda qədim dostunun evində gecələyərkən onun 3 yaşında qızını siğə etməsi ilə razılaşa bilmirlər. Lakin mən bunu Xomeynin yaxın dostu, onunla birgə səfərdə olmuş Seyid Hüseyin Əl Musəvinin “Lellahə Sommə Lelatarix” kitabından götürmüşəm. O zaman məni yox, cəddinə qurban olduqları Seyid Hüseyin ilahiyyatşünası döymək lazımdır, çünki ağanın pedofil olduğunu dünyaya car çəkib şərləyən odur. Mənsə əsərdə mənbəni göstərmişəm. Kitabı müxtəlif yollarla — pdf və s. əldə edib oxuyanlar çoxdur, hətta oxucular öz istəkləri ilə “İnqilabın travması”, “Qanlı orkestri” bütöv, “Üç vəd, üç tələb” kitabından bir hissəsini fars dilinə çevirib İran daxilində yayıblar. Milli taleyüklü məsələmizi biz molla rejiminin nazı üzərində həll etmirik, bu bizim ləyaqət məsələmizdir və hansı yolla olur-olsun, bu işdə ardıcıl olacağıq.
Afət İslam: Ümumiyyətlə, sizin əsərləriniz nəşr olan ölkələrin və həmçinin yaşadığınız ölkənin oxucularının, tənqidçi və yazıçıların nəzəri və fikri necədir?
Eluca Atalı: Əsərlərim hər yerdə müsbət qarşılanır. Bir qələm sahibi kimi bu mənim fərəhimi artırır. Kaliforniya universitetinin ədəbiyyatşünas professoru Kambon Obayani, həm də Amerikada çap olunan kitablarımın redaktoru “Sənin hekayələrin məni ürəyimdən vurdu” yazmışdı və “İki Azərbaycan olduğunu ilk dəfə sənin hekayəndən öyrəndim” kimi fikrilər söyləyib, sonra bir saat yarım mənlə radio üçün ədəbi söhbət hazırladı. Son günlər özbək dilində çap olunan “Ənqa quşu” pyesimə özbək sənətşünası Boltaboy Bekmatov verdiyi rəydə “Zamanın şah əsəri” adlandırıb və bütün Özəkistan səhnələrində qoyulmasını məsləhət görüb ki, uşaqların tərbiyəsində yaxşı rol oynaya bilər. Tərcüməçi Kamran Nəzərli yazır: “Son 30 ildə Azərbaycan ədəbiyyatında belə bir maraqlı və aktual mövzuda bədii əsər oxumamışdım. Sevinirəm ki, bizim xanım yazarlarımız arasında Eluca Atalının yazı üslubu, maraqlı süjet və bədii həqiqətləri ortaya qoymaq bacarığı seçilir. Buna görə onu yalnız alqışlamaq lazım.”
Almaniyada yaşayan Həmid Dadpoor soydaşımız “İran Hizbullah zindanında” romanından 4 nüsxə aldırıb yaşadığı ölkəyə apartdırıb dostlarına paylayıb. Kitabın zoom təqdimatında dedi: “Mən zindanda olmuşam, zindan həyatından İranın daxilindəki bütün millətlərin xatirə kitabını oxumuşam. Amma bu roman qədər təsiredici yazıya rast gəlmədim.” Hindistanlı benqal tərcüməçi Sridhar Sarkar “Eluca Atalının fəlsəfi-bədii miniatürləri psixoloji və fəlsəfi mozaiklərdir”, əsərlərimin rus dilinə tərcüməçisi Anna Bartkulaşvili “Elucanın qələmə aldığı acılar ruhu böyüdür, dərinləşdirir”, şairə Lydmila Boqatıryeva “Ruhdan gələn kəskin cizgilər, hərtərəfli fəlsəfi fikirlər aləmi”, şair Vladimir Savelev “Kimlik və analizlə doludur Atalının əsərləri.” Bu növ rəylər çoxdur. Son rəy ən ardıcıl oxucum kordeloq Azər Nağıyevdən gəlib: “Əslində bu əsəri belə gözəl yalnız və yalnız həkim, nevroloq-psixoloq, filosof ərsəyə gətirə bilərdi.” — yazıb. İsveçin Lava nəşriyyatı “Ənqa quşu” kitabım haqda “Yeni Disney aləmi” kimi dəyərləndirib.
Afət İslam: Anka quşu Simurq quşu deyilmi?
Eluca Atalı: İlk növbədə deyim, son dövrlər rejissorlar mənım “Ənqa quşu”mu Nobel mükafatçısı Belçika-Fransa yazıçısı Mauriki Maeterlinkin “Mavi quş” pyesi ilə çox müqayisə edirlər. Onun əsərində azyaşlı bacı-qardaş Mavi quşu qonşudakı xəstə qızcığazın dərdinə dərman olduğu üçün axtarırlar. Dünyanı gəzirlər, çox əzaba qatlaşırlar, amma onu heç yerdə tapmırlar. Məlum olur, o quş onların öz otaqlarının içində qədəfsə saxladıqları quşdur. Yəni, axtardığın səndən uzaqda deyil mesajını verir. Mənim “Ənqa quşu”mdasa axtardığın sən özünsən. Özünü özündə görmək yolunu, özünə çatmağın yolu öz gücünə inamdan keçdiyini göstərir. Bu səbəbdən də ilk növbədə özünə inanmalı, kimliyini dərk etməlisən. Bu Asif Atanın Mütləqə İnam fəlsəfəsindəki Kamil İnsan məsələsidir. Düzdür, kamillik Asif Atanın kəşfi deyil, din, ədəbiyyat, sənət, musiqi hamısı bunu deyir. Hamısı da kamilliyə çatmaq üçün başqa-başqa yollar göstərir, lakin insanın taleyini onun özünə, özündəki kənar qüvvəyə tapşırmayan yeganə fəlsəfə Asif Ata fəlsəfəsidir. Mənim yazdığım “Ənqa quşu” bu fəlsəfəyə söykənib. Qaldı, sizin sualınıza, qətiyyətlə cavab verəcəm, Ənqa quşu Simruq quşu deyil. Simruq əfsansində külündən yaranma var. Bu məntiqlə düz deyil, kül heçlikdir, ondan necə canlı yarana bilər? Quş yanmış yuvaya yumurta qoymuşdu, yumurta başlanğıcdır, çünki onda rüşeyim var. Rüşeyimdən həyat davam edə bilər, bu həqiqətdir. “Ənqa quşu”nun pyesində mərkəzdə yumurta durur və ana quş onun mahiyyətini — kiçik dünyadan böyük dünyaya çıxışı izah edir. Simruq quşunun üstün cəhəti onun xilaskarlıq missiyasıdır — əfsanəyə görə, o Süleyman peyğəmbər üçün dərman axtararkən qarlı Qaf dağını aşır. Püyğəmbər onun qanadındakı yaranı görür, quş özü yaralı olduğu halda insana yardım etmişdi. Onun bu hümanizmi, xilaskarlığı gözəl bir örnəkdir. Bu üzdən peyğəmbər ona Qaf dağını əbədi məskən kimi hədiyyə edir. Simruq başqasını xilas edir, Ənqa quşu isə özünü xilas edib, başqasına öz ömrünü nümunə göstərir. Fərq budur, həm də balaca fərq deyil. Ən böyük xilaskarlıq öz üzərində gördüyün işdir. Xüsusən bu günkü dünyada hamı başqasının nöqsanını görüb tənqid edir. Amma mənim əsərimdə özünü görmə var!
Afət İslam: Son dövr yaradıcılığınız haqda bilmək istərdim.
Eluca Atalı: Bu il 5 monotamaşa — “Bir cüt göz”, “Zindan qapısında”, “Açılmayan güllə”, “Ana quşun monoloqu”, “İlan və Adam”, 2 uşaq pyesi “Odunçunun nağılı”, “Ağ Göyərçin” və “Əgər quşlar olmasaydı?”, “Zürafə necə siçan oldu?” uşaq macəra kitablarını yazmışam. “Ənqa quşu” pyesini Naxçıvan Kukla Teatrında xalq artisti Şirzad Abutalubovun , “Odunçunun nağılı” Naxçıvan Dövlət Milli Dram Teatrında rejissor Mirqabil müəllimin qurluşunda səhnəyə qoyulub. “Bir cüt göz” monotamaşanı aktirisa Vəfa Qurbanzadənin oyunu ilə tamaşaçılar üçün hazırlanır, “Ağ Göyərçin” pyesini isə Yeni Era Uşaq və Gənclər Teatrının rəhbəri Səyyad Məmmədov səhnəyə qoymağa qərar verib.
Афет Ислам
заведующая отделом культуры газеты