Yetmiş yeddinci gün
Yetmiş yeddinci gün
("Qanlı orkestr" romanından bir parça)
– Hazırlaş, bu gün siğə olunacaqsan?
Xahəri Zeynəb əsgərinin siğə kəlməsi Vodka alverçisinin ürəyini yerbəyerdən oynatdı, o əlini ağzınının üzərinə basıb yalnız Fatmanın eşidəcəyi qədər alçaq səslə “Ürəyimə dammışdı...” pıçıldadı. Gözündən yuvarlanıb çənəsinə qədər axan su qızın çox qısa zamanda həyatla vidalaşacağına işarə idi. Qəzəb Fatmanın ürəyini partladığı an dilindən çıxan kəlmələr belə oldu:
– Yenə qiyabi siğədir, yoxsa…
– Bu dəfə… – Xahəri Zeynəb əsgəri danışırdı, nəsə dediyini qız ayırd edə bilmirdi. Bunların psixoloji işgəncəsinin bitməyəcəyini yəqin etdiyindən özünü toxdaq tutmaq istəyirdi: bu növbəti oyundur. Bu an gözünün qabağında Təkgöz Molla durdu, qəribədir, o hər iki hizbullahçının yerini zəbt etdiyindən indi onlar qapı kandarında gözə dəymirdilər. Dəfələrlə gördüyü səhnə təkrarlandı: o, Quranı sinəsinə sıxıb hırıldayırdı. Bunu təbii qarşıladı, bakirə qızın siğəsini oxuyan bütün mollalar həmin an yaşlarından asılı olmayaraq gümrah görünürlər, çünki erkəklik iştahaları qabarmış olur. Qəfildən onun əbası küləkləməyə başladı və o dairə içinə düşüb fırlandı, qaraldı, balaca nöqtəyə dönüb yox oldu.
Gətirildiyi otaq ona tanış idi, dəfələrlə bu yerdə sorğu-suala tutulub işgəncə olunmuşdu. Qeyri-ixtiyarı küncə baxdı, nədənsə ona elə gəldi, ilk dəfə bu otağa salınanda onunla üzləşdirmək istədikləri İsgəndərin kiçik qardaşı Mahmud yenə büzüşüb orda oturan görəcək. Gözləri axtardı, lakin o gözlər boşluğa dikildi. Bəlkə də çoxdandır doğmalarından bir nişanə gözünə dəymədiyindən yalnız indi o küncü dolu görmək istəyirdi.
“Otur” əmrini baş hizbullahçı – xahəri Zeynəb əsgərlərinin böyüyü verdi, lakin qız əmrə tabe olmağa tələsmirdi. Sərt bir əl onu çiynindən
basıb stola otuzdurdu. İnqilab keşikçisi masanın üzərinə bir vərəq qoyub barmağı ilə onun qarşısına itələdi. Fatma başını qaldırıb qapıdan girəcək mollanı gözlədi, siğə dəlalı gəlməmiş mərasim başlamazdı. Mollanı kiçik bir qara qələm əvəz etdi – inqilab keşikçisi qələmi şappıltı ilə vərəqin üzərinə çırpıb:
– Tövbəni yaz!
– Bu nə üçündür?
– Molla səni əfv edə bilər.
Yumruqlarını sıxıb qələmə nifrətlə baxdı.
Əllərini sıxdıqca dirnaqları ovcunun içində ətini dəlirdi. Tövbə yazıb, əfv diləmək inqilabın ikinci ilində bünövrəsi qoyulmuş molla fırıldağı idi. Məhbusu əyir, sındırır, tövbə ilə mənəvi öldürür cismani ölümdən qabaq... Uşaqikən hər gün axşam üstü dövlət televizor kanallarına gözlərinin altı şişib göyərmiş, ağzı-burnu çapıq-çapıq olan gəncləri çıxarıb efirdə tövbə olunmalarını nümayiş etdirirdilər. Rejim onlara vəd edirdi ki, çıxıb efirdə günahlarını etiraf etsələr, cəzaları yüngülləşəcək. Molla lütfü edamla bitirdi! O zavallılar etiraflarını edamları üçün edirdilər verilən işgəncələrə daha artıq təhamül edə bilmirdilər. Kütlə bu səhnəyə “ölümü dilənmək” adı vermişdi.
Kor Molla dairənin içindən fırlanıb çıxıb Fatmanın qarşısında durdu, o, quyruğundan tutduğu bir qara balığı onun gözləri qarşısında yelləyirdi. Hırıldamağa başlayanda Fatma kağızla qələmi kənara itələyib ayağa durdu. Bu dəfə çiyindən aşağı basan olmadı, sadəcə arxasından vurub qapıya itələdilər.
9 avqust, 1988-ci il