(Xomeynizmin mahiyyətində 3 məsələ durur: elmin fanatizmlə əvəz olunması, zindanlar zindan yox, şəfaxanadır və qadına münasibət. ”Qanlı orkestr” kitabından yayımladığımız bu kiçik parça xomeynizmin mahiyyətini qismən anladır.)
Adam “asan hakim” ləqəbini almağa müvəffəq olub, dini rejimə qarşı çıxanlara dövlət terroru siyasətini yürüdən, korrupsiya və aldığı rüşvətin çoxluğuna görə istefaya yola salınan Sadiq Xalxalidən sonra İnqilab Məhkəməsinin sədri olmuş Məhəmməd Məhəmmədi Gilaninin məhbuslarla bağlı fikirləri “mütərəqqiliyi” ilə göz çıxarırdı. İranın anayasasına onun təşəbbüsü ilə salınmış otuz səkkizinci maddəsində bildirilir ki, dustağa işgəncə vermək yasaqdır, amma cinayətkar işgəncə altında ölərsə, dövlət buna cavabdeh deyil. Qəribədir, məhkumun dövlət adamı tərəfindən öldürülməsinə baxmayaraq, dövlət öz idarəçisini məsuliyyətdən azad edir. Gilaninin yazılı və şifahi nitqinə əsaslananda, məhbusa işgəncə verilərək etiraf alınırsa, o da qanuni hesab olunmur. O, həmçinin şallaq vurmağı təzir – cəza termini kimi qəbul etmir, şallaq vurmağın özünü işgəncə bilmir və məhkum işgəncənin tətbiqi zamanı ölərsə, yenə dövlət məsuliyyət daşımır.
Xomeyni inanır ki, zindanlar şəfaxana, məhbuslar xəstə, işgəncə verən pastarlarsa müalicə edənlərdir. Dövlətin Ali Ruhani başçısı işgəncə verməyi müalicə metodu hesab edərək fitva verəndə, bunun qeyri-insani olmasına qımıldananlar dövlətin öz içindən də tapıldı, lakin möhtərəm imam onlara dərk etdirdi ki, işgəncə altındakı məhkum aldığı zərbələrin nəticəsində ruhunu təmizlətdirir. Etiraz edənlər bu müdrik izahına görə imamdakı dərrakəyə heyrət etməyə bilməzdilər. O fitvasında kəmağılların da anlamasını istədiyi bir həqiqəti (fitvada yarım cümlə ilə belə qeyd etdi: ölkənin bütün vətəndaşlarının anlaması üçün artıq izah etməyi özümə borc bilirəm. Bunu deməyə lüzum yox idi, məlumdur molla tayfası çənədən saz olur) bəyan etdi: “Biz işgəncə verib müalicə edirik, sağalmayanlar edam olunurlar”. İmamın fitvasında insan ruhunun sağalmasından ötrü edilən işgəncə kimi müdrik bir əməlin uzun-uzadı açımı yazılmışdı (İmamsa fitvada sözarası deyirdi, zamanı olmadığından qısa yazır. Fitvanın bir risalə formasını alıb kitablaşdırılmasını hizbullahçılar sadəcə, imamın zindanlara diqqəti kimi qəbul edirdilər). Savadı olma yan vətəndaşın belə zindanın mahiyyətini anlaması üçün imam fitvasını gerçək misal və hadisələrlə zənginləşdirib deyirdi: sirkdə təlimə gələn və gəlməyən heyvanlar var, məsələn, canavar rola girməz, yəni mütrüflü yü bacarmaz. “İşgəncə ilə sağalmayanlar”a canavar adı verilməli, onların üzərinə çox əmək verməyə dəyməz, çünki onlar tərbiyə edilməzdilər.
İmamın bir tapıntısı da zindanların funksiyası ilə bağlı idi, o, inanırdı ki, cəhənnəm şəfaxanadır. Əmr etmişdi ki, zindanları cəhənnəmə oxşadıb, orada məhbuslara şəfa verib sağaltsınlar. Təbiidir ki, şəfaxana həkimsiz ötüşməz, o üzdən zindandakı müstəntiqlərin çiyninə ağır yük qoyulmuşdu, onlar həkim missiyasını icra etməyə qatlaşmışdılar. Zindandakı ən mütərəqqi rolu oynayan müstəntiqlər xəstələrin sağal masından ötrü xəstəyə vurulacaq şallağın sayını, işgəncənin növünü və hansı pasiyentə işgəncənin neçə dəfə təkrarlanacağını resept şəklində yazıb, zindandakı növbətçi otağından asar, amma müalicə üçün günün müəyyən bir zamanı ayrılmazdı, iyirmi dörd saat ərzində “ruhun həbləri” adlanan profilaktik tədbirlər görülərdi. Yalnız edamın adı zindan həkimi tərəfindən dəyişdirilib “cərrahi əməliyyat” adı altında icra edilir, yəni sağalmayan tibbin qanununa əsasən kəsilib atılırdı. Müalicənin üstün növlərindən biri də şəfaxanadakı xəstələri qəbir əzabı ilə tanış etmək idi: xüsusi işıqkeçirməz, adama boy verən qutular hazırlanmışdı, həkimlər bunu qutu yox, birbaşa tabut adlandırırdılar və onların dilində “o dünyaya səyahət əməliyyatı” ümumi halda növbətçi otağındakı divara belə yazılırdı. Digər bir adı isə “məzar əzabı” və ya “məzara alışma” adlanırdı, əlbəttə, hər bir hizbullahçı öz zövqünə görə ad seçməkdə azad idi. Bu haqda sonrakı bəhslərimizdə geniş izah verəcəyik, indilik fikrimizi haçalamayaq! Hansı gündə hansı xəstə neçə saat məzar məşqi keçməlidirsə, buna müstəntiqin məhkumla olan sorğu-sualından sonra qərar verilirdi. Xəstələr həmin bu qaranlıq qutularda məzar qaranlığı və təkliklə müalicə olunmaqla yanaşı, molla rejiminin böyüklüyünü dərk etdiklərini oradan çıxanda etiraf etməli olurdular (yəni belə izah olunurdu ki, o qutuların əsas funksiyası imamın böyüklüyünü, inqilabın yenilməzliyini adam məzarda olanda əzraillərin onlara dərk etdirməsidir. Bunun nə dərəcə də doğru olduğunu yalnız o qaranlıqda saatlarla qalanlar bilər). Lakin hər kəsə də o ağzı mismarlanmış qutulardan həyata qayıtmaq nəsib olmurdu, zindan həkimləri onları günahlarını yumuşlar cərgəsində cəhənnəmə vasil olunmuşlar sayıb hər həftə cümə namazından əvvəl imam Qumdakı Cümə məscidinə qədəm qoyduğu an ona ümumi ölkə üzrə raport verirdilər, sadəcə, iki-üç dəqiqəlik ölünün – raportda inqilabın və imamın yenilməzliyini tanımayanların sayını bildirirdilər.
Görünür, imamın qulaqları yox cavabı almağa açıq deyilmiş, əks halda ayətullah İbrahim Rəisinin məzar xofu vasitəsilə sağaltma əməliyyatlarının icrası ilə bağlı imama verdiyi ilk raportu dinləyən zaman o gözlənilməz səs çıxartmazdı.
– Məhbusun əl-qolunu bağlayırsınızmı, ağeyi Rəisi, onu tabuta qo yanda?
– Yox, ağa... Biz qutuları sandıq kimi kilidləyirik, – günahkar uşaq tək özünü itirmiş Rəisi astadan mızıldandıqda, – Çox möhtərəm ağa bilməmiş deyil ki, tabut içəridən açılmaz.
– Unutmusunuz, dinimiz ölünün əl-qolunu bağlamağı buyurur.
“Unutqanlıqdan” vəzifəsindən ziyan çəkmək istəməyən zindan həkimlərinin təlimatçısı səhvini düzəldəndən sonra ölü ağıllandırma əməliyyatından sağ çıxanların sayı kəskin şəkildə enməyə başladı. Qeyri-rəsmi məlumatların doğruluğuna inanılsa, Rəisinin imamla olmuş bu atüstü söhbətindən sonra bir daha “məzar tanışlığından” sağ çıxana təsadüf edilməmişdi.
Ölü sayına görə imam zindan həkimlərinin rütbə və maaşını artırırdı. Məzar əzabındakı şiddətləri artırmağın zindan həkimlərinin maaşına dəlalət etməsi ilə bağlı gəzən şayiələrdə həqiqət axtaranları yanılmış saymaq günah olardı. Həkimlər məhbuslara verilən psixoloji və cismani işgəncələri işgəncə bilmir, ona bir əlac, həb kimi baxır, müalicənin uzunmüddətli olmasını xəstəyə rəva görməyən həkimlər qısa müddətdə daha çox həb qəbul etməsini reseptə yazıb, dərmanın dozasını yüksəldirdilər. Ta o vaxta qədər ki, xəstə, ya ağıllanıb tövbə edirdi, ya da günahını ölümü ilə yuyurdu.
İşgəncə ilə islah olunmayan, molla lüğəti ilə “ağıllanmayan” adlandırılırdı, beləsi biryolluq edam edilməliydi. İslah olunmayanı bacardıqca tez edam etmək lazım idi, əks halda, o nə qədər diri qalsa, bir o qədər günah edəcəkdi. Əslində, islah olunmayanın tez qətlə yetirilməsi onun özü üçün xeyirli idi, edam etməklə bir növ ona rəhm edirdilər, yəni öldükdən sonra günah işlətməyəcəkdi.
İmam Xomeyninin fikrinə görə, iman elmdən artıq idi və bu vəsilə ilə inqilabdan dərhal sonra ölkədaxili reformaya imza atıb, ilk növbədə elm adamlarını öz işlərindən kənarlaşdırıb, onları ibtidai sinif təhsilli möminlərlə əvəz etdilər. Ayətullah Xomeyninin Quranla yanaşı qoyub gündə bir neçə dəfə vərəqlədiyi masaüstü kitabı şah rejimi zamanı İslam Fədailər təşkilatı yaradıb, yazar Əhməd Kəsrəvini qətlə yetirmiş, özü isə Pəhləvinin qəzəbinə düçar olmuş Nəvvab Səfəvinin “Həqiqətin yol göstəricisi və ya həqiqətə gedən yol” kitabı idi ki, cənab imam inqilabdan sonra ölkədaxili tərəqqiyə yetməkdən ötrü bu əsərdən bol-bol bəhrələnirdi. Nəvvab on üçüncü səhifədə yazırdı (imam bu səhifədəki müdrik fikirlərin vurğunu olandan bəri on üç rəqəmini nəhslikdən silmişdi): “Dövlətdə vəzifələr bölünəndə gərək iman əsas götürülə, nəinki bilik. İmanı olan işini bacarmasa belə, dövlətə vəfasını sübut edəcək”. İmam hər dəfə bu sətirləri oxuyanda, “Bərəkallah, alim dediyin budur!”, ardından da dini dövlət nəzəriyyəsinin banisi saydığı Nəvvabın ruhuna dua oxuyub salavat çevirirdi.
İnqilab prokuroru Lacivərdi cəmi-cümlətanı altı sinif oxumuşdu, inqilaba qədər Tehran bazarında qadın alt paltarı satardı. O, dövlətə vəfalılığının yüksək həddində edamların sayını gün ərzində nəzərdə tutuldu ğundan bir ay edam olunacaqların sayına qədər artırdıqda, baxmayaraq imamdan dəfələrlə insafa gəlməsi ilə bağlı xəbərdarlıq almışdı, amma iş rejimində dəyişiklik etməyə dövlət vəfadarlığı mane olduğundan özünü ələ ala bilmədi. Hətta haram ayında belə Qəsri-Qacarda kütləvi edam qərarı verib, bununla da vəfasının dozasının yüksəkliyinə görə onunla ayaqlaşa bilməyən imamın sadiqləri şikayət filanla onu vəzifədən uzaqlaşdırdılar. O, mollası çox, inamlısı barmaq hesabı olan Qum şəhərinə köçəndə inqilabdan əvvəlki iş rejimində heç bir dəyişiklik etmədi (əslinə qalsa, etməyə qadir deyildi, ticarətdən savayı əlindən bir iş gəlmədiyini hamı kimi, özü də yaxşı bilirdi). Yenə abır örtən əşyalar satmağa meyilləndi, bu dəfə qadın tuman, lifçiyi yox, baş örtüyünə – çarşab, çadra, çarqat və ibadət ləvazimatı – möhür, təsbeh, canamaz satmaqla gündəlik çörəyini qazandı. İnqilab Prokuroru kimi çalışdığı zaman zindana düşmüş İran Xalq Mücahidləri terrorist təşkilatına qarşı heç bir “insaflı” kəlmə işlətmək və onlara heç nədə güzəştə getmək olmaz əmrini verdiyindən, mücahidlərin nümayəndəsi onu axşam bazardan evinə qayıdarkən yolda terror edir. Terroristin ələ keçməsi onun səriştəsizliyindən yox, sadəcə, qətlə yetirdiyi möminin əbasının iç cibindən çoxlu sayda kondomun bazar qapısında yerə səpilməsinə gözübərəli çaşqınlıqla seyr etməsi idi. Mömin ağanın intim malları bazarda piştaxta altından gizlin xırıd etdiyini anidən dərk etməyən mücahid yerindəcə Hizbullah caynağına keçmişdi.
Sənin Fatman,
27 may, 1988-ci il,
saat 23.55
Eluca Atali
Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.
Tüm Makaleleri Görüntüle