Eluca Atali
Editoryal
20 Şubat 2026

Nağıldan reallığa

Yazar Eluca Atali
Tüm Arşivi Gör

            ”İnqilabın travması” kitabından ”Molla rejimi Balaca Qara Balıqdan niyə qorxur?” sualına cavab)

       Fatma böyük akvariumda cəld sivişərək üzən balıqların hərəkətini müşahidə edib: 

     – Bundan bir dənə istəyirəm! – barmağını şüşəyə dirəyib, bir an suyun üzərində durub ətrafı sakitcə süzən balığı göstərdi. Balıq, sanki bu dar məkanda yaşamaqdan doyub böyük dəryaya atılmaqdan ötrü buradan çıxarılması üçün Fatmadan imdad diləyirdi.  

    – Bir dənə olmaz. – mağazanın yeganə sahibi Rza Səbri ağa qızın istəyinə gülümsəyərək etiraz etdi.  

     – Niyə olmaz ki? 

     – Alanda cüt alınmalıdır, erkək və dişi, bunlar tək darıxırlar. 

      – Nədən qara balıq? – Allahkərim mənalı nəzərlərlə qızını süzdü.  

     – Qara balıq güclü olur!  

     – Bəlkə, qırmızılardan da seçəsən, rəngbərəng daha yaxşı görünər.   

     – A kişi, sən solçu olmamısan?   

     – Baba, bu nə sözdü? – Allahkərim qəti etiraz edib, – Mən özümü tanıyandan namaz qılıb, ibadət etmişəm.  

      Satıcı alıcısına sınayıcı nəzərlərlə göz atıb güləndə, Allahkərim kişi ətrafı oğrun süzüb səsini çıxarmadı. Zoomağazanın müdiri əlindəki balaca doncanı Fatmanın göstərdiyi balığı akvariumdan tutmaqdan ötrü gəzdirə-gəzdirə tez-tez yerini dəyişirdi.  

    – Qorxma, burada ancaq özümüzük. – balıqlara işarə ilə, – Bu binəvalar da, binədən lal yaranıblar.

      – Qırmızı kommunistlərin rəngidir. – satıcı ciddiyyətlə dilləndi.   

    – Yəni bu kommunistlər suya da girirlər?   

    – Yox, baba, şuxluq edirəm, kefimiz açılsın. Kommunistlər üzsəy dilər, day bu mollaların əlində niyə əsir olub, zindana düşürdülər? Amma molla tayfası, nəinki suya, belə getsə, göyə də çıxacaq! – o, səsini içinə salıb, Allahkərimin qulağına pıçıldayırmış kimi: – Ağa, xəbərin oldu, keçən həftə Əlirza Şükrü Əfşarı və Bəhram Əfşarı edam etdilər. – qəfildən gözü vitrinə sataşan satıcı: – Öhö, öhö! – əlindəki doncanı sudan çıxarıb qolu ilə ağzını tutaraq Allahkərim kişiyə vitrini işarə etdi.   Fatma mollanı görəndə üşəndi, akvariumun arxasına keçib əyildi və gizlin-gizlin mollanın hərəkətlərini izləməyə başladı. Molla başını və iki əlini vitrin şüşəsinə dirəyib, içəri diqqətlə baxdı. Az keçmədi o, asta addımlarla...  

      – Ya Allah! – deyib, mağazanın kandarından özünü içəri atdı. 

    – Ağa, camaatın qarnını doyuzdurmaq yaxşı olmazdımı, nəinki belə oyun-oyuncaq şeylərlə başını qatırsınız.   

      – Olar, ağeyi molla, yeməli balıq da satarıq. Müşkülü yoxdur, əgər belə məsləhətdirsə.   

    Molla mağazadan yeməli balıq axtarırmış kimi, ac gözləri ilə içərini ələk-vələk edib, böyük balıqlar olan akvariumun yanında durdu. Rza Səbrinin həyəcanı üzündən bəsbəlli sezilirdi, o özünü necə itirmişdisə, əlindəki doncanı gah suya salır, gah da havada yelləyib dururdu.    

    – Dişə vurmağa bir şey tapsaydı, onu buradan çıxarmaq asan olmayacaqdı. – bunu molla mağazadan uzaqlaşanda, ah dolu nida ilə satıcı söylədi. 

     – Ağa, bəs necə olacaq?

    – Nə necə olacaq, baba? – Allahkərim kişinin sualını anlamayan satıcı əlindəki doncanı havada yellədi.

     – Məscidin qapısı ağzında balıq satırsan, özün də molladan qorxursan.

    – Ağa, qorxum yoxdur, bunlar ki, belə dövlət idarə edirlər, altı aydan artıq hakimiyyətdə tab gətirməzlər.

     – Bə... gətirsələr necə olacaq?

    – Hə, baba, müşkül onda olacaq, ehtimal ki, balıq qarışıq məni də külli süpürüb atacaqlar burdan. Yaxşı, boş ver bu mollaları, işimizi görək. – Balıqların sahibi bu Cırtdandı?  

    Satıcının onu Cırtdan deyib balaca saymasından xoşu gəlməsə də, lakin kor mollanın yetişib ərlik olması fikri ilə müqayisədə pis niyyət görmədi.

   – Qorxma, gəl, görüm! Gərək bu balıqların xüsusiyyətindən sənə deyim ki, bəsləyə biləsən.

    – Bilirəm necə bəsləyirlər.  

     – Necə? 

     – Hər gün üç dəfə yemləyəcəm.  

     – Səbzi-qovurmayla? – Fatma ciddi-ciddi satıcıya baxanda, – Yaxşı, şuxluq edirəm. Çox yemlərsən kökəlib üzə bilməzlər. Xüsusi yemləri var, – əlinə bir qutu alıb, sarımtıl kəpəyə bənzər üyüdülmüş yemi qıza göstərdi. – Bundan götürürsən çay qaşığının dörddə biri qədər, səhər və axşam suyun üzərinə səpirsən. Həftədə iki dəfə yemi dəyişirsən, bax buna! – digər bir qutunu əlinə alıb, qıza uzatdı. – Bunlar diridilər, hər dəfə çox yox, beş-altı dənə çəkirsən buradan, qoyursan təmiz kağızın üzərinə və lezva ilə xırda-xırda doğrayırsan atırsan suya.  

    Qız nazik soxulcanlara baxıb üz-gözünü turşudub öh edəndə:

     – Bə, nə bilmişdin, qara balığa sahib olmaq asandır? Hamı sənin kimi düşür həvəsə, alıb aparırlar, iki gün keçməmiş yüyürürlər üstümə, “Amandı, Səbri əmi, balıqlarım çevrildi öldü!” – o, əlini havaya qaldırıb, o üzə-bu üzə çevirərək ölmüş balığın son durumunu sərgilədi. – Ölər də, acxəmrəli çörək atarsan, yeyib köpər də... – Rza Səbri danışa-danışa soxulcan qutusunu qızın qarşısına itələyib, – Doğra aaa, yoxsa bütöv udsalar bu qurdlar onların qarnında yaşayıb, balıqları öldürərlər. Onları öz düşmənlərinə yem edərsən.   

    Fatma aldığı balıqları balaca şüşə bankada götürərkən:   

      – Dur, a bala, dur! Hələ bitmədi ki, bunun zırıltısı qabaqdadır. Bax, bu nazik, uzun balıq erkəkdir, bu – barmağı ilə digər balığı göstərib, – qarnı böyük, yumru olan dişidir. Bu, o mənadadır ki, bunların balası olacaq. Hə, o zaman sən gərək akvariumun yanından çəkilməyəsən, gözün üstlərində olmalıdır. Sənin nədən sualının yeri yoxdur, diqqətlə dinlə! Bu qara balıqlar kürü tökmürlər başqaları kimi, bunlar balalarını diri doğurlar, eynilə akula, balina kimi. Törəmə qaydaları eynidir, amma təbiətləri tam tərsinə: bunlar akvariuma sığırlar, onlar dəryanın şahıdılar. Bildin? 

       – Bildim. 

       – Yox, mən hələ qurtarmamışam ki, sən biləsən. Bu balıq balalarını doğan kimi, bax bu doncayla bunların ikisini də götürüb atırsan bir başqa akvariuma, balalar iki həftə qalırlar özbaşına, böyüyürlər.   

      – Niyə?  

     – Böyüklər balacaları yeyirlər. 

     Fatma qeyri-adi heyrətlə içini çəkdi: 

      – Öz balalarını? 

       – A qızım, heyvan dərk etməz ki, öz balasıdır, onları instinktləri idarə edir. Çünki onlarda qarın tələbatı mənəviyyatdan əvvəl gəlir. Gücləri çatanı yeyərlər. – Allahkərim kişi qızını başa salmağa cəhd etdi, amma Fatma büzüşmüş üz-gözünün qırışlarını belə tezliklə ütüləyənə bənzəmirdi. Onun məyusluğunu anlayan satıcı şərh verdi: 

      – Bu, o anlama gəlmir ki, balıqlar pis canlıdırlar. Təbiətin öz qanunları var, insanlar təbiətdə nizam yarada bilirlər, amma heyvanlar olandan artığına nail olmaq arzusunda deyillər. Hə, qoçaq qızım, götür get. Nə vaxt müşkülün olsa, gəl bura.

      – Hətmən, ağa! 

    – Dur! – satıcı ona ayaq saxlamağı tövsiyə edəndə:  

     – Ağa, bu qədər işi yadımda necə saxlayacam? – qız yazıq-yazıq gileyləndi.  

       – Bəs, necə? Qara balığın şəklini görən bütün uşaqlar həvəsə düşüb yüyürürlər bura. Bir həftə sonra gəlirlər ki: “Əmi, mən heç zad eləmədim, balığım köpdü, öldü”. Bala, gərək balığın dilini biləsən də. Balıq balaları ikihəftəlik olanda yekələri qaytararsan əvvəlki yerinə, hamısı sülh və dostluq şəraitində bir yerdə yaşayarlar.   

     Allahkərim ağzını satıcının qulağına dirəyib: 

      – Ağa, deməzsən, səndən solçu iyi gəlir... – pıçıldadı.  

    – Ağa, day keçib, deyəcəm, görürəm, ağzıbütöv adama oxşayırsan. Əvvəllər elə bir şey olub. Pəhləvi zindanını görüb gəldim, amma bunlar da məni imana gətirə bilməzlər. Di, sağ ol!  

 

 

 

Eluca Atali

Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.

Tüm Makaleleri Görüntüle