Məhdudiyyət və ümmanlıq və ya
imkansızlıqdan imkan yaratmaq qüdrəti
(”Tora düşməyən balıq” və ”Nağıldan reallığa” hekayətləri ətrafında danimarka dilindən tərcüməçi, şair Hüseyin Duyğu ilə fikir mübadiləsi)
Hüseyin Duyğu: Mətniniz güclü siyasi tənqidi "qara balıq" metaforası vasitəsilə simvolik bir dilə çevrilmişdir. Akvarium zülmü, bulanıq su hakimiyyətdə olanların qorxusunu, dəniz isə azadlıq ümidini simvollaşdırır. Onun ən diqqətəlayiq tərəfi birbaşa şüarlar əvəzinə simvollardan istifadə etməsidir.
Eluca Atalı: Hocam, Qara balıqları zorla idarə etməklə bitirəcəyinə inanan molla rejimi nəinki İranı, bütün dünyanı qara günə qoydu. Zora tabe olmayanı məhv etməklə rejim qorxunc dünya tədarük etdi. Əslində islam imqilabı ilə Xomeyni İranda islam imperiyası qurmağa çalışırdı, özü isə islam aləminin dini rəhbəri olmalıydı. Necə ki Romada papa xristian aləminin rəhbəridir, bu da özünü islam lideri elan etmək istəyirdi. Və hakimiyyətini möhkəmlətmək üçün islam inqilabını qonşu ölkələrə köçürməli idi. İslam inqilabından sonra Şərqdə terrorist qruplarını artırmaqda da məqsəd bu idi.
“Tora düşməyən balıq” hekayətində molla inanır ki, suyu bulandırsa balığı tuta biləcək. İranın daxili siyasəti belədir.
Rejim ən çox da türkləri əzir, çünki türk 900 il İrana hakimlik edib. Qorxurlar türk baş qaldırsa, qabağını ala bilməsinlər. Bir neçə il bundan öncə Tehran universitetinin bir professoru belə bir fikir söyləyərək İranın taleyini düşünən beynin qorxusunu çox doğru ifadə etmişdi: “Siz bəluçun, ərəbin, kürdün qalxmasından qorxmayın, siz türkün yatmasından qorxun. Türk qalxarsa, İran dağılar.”
Siz doğru buyurursunuz, akvariumdakı Qara balıqla çox mesajlar vermək istədim və roman boyu Qara balığın içindəki güc görünür. Ən nəhayət son məqamda böyük dəryaya yol alana qədər...
Hüseyin Duyğu: Bu mətn uşağın kabusu üzərində qurulmuş güclü bir siyasi alleqoriyadır. Akvarium məhdud bir dünyanı, mollanın mütləq hakimiyyətini və qara balığın azadlığını və düşüncəsini simvollaşdırır. Balığın "Dayansam, ölərəm" sözləri həyatın hərəkət və müqavimətlə mümkün olduğunu göstərir.
Suyu lilləndirərək balığı tutmağa çalışan molla, həqiqəti təhrif edərək hökmranlıq etməyə çalışan düşüncə tərzini təmsil edir. Onu yemək üçün deyil, "edam etmək" üçün tutmaq istəyi qorxunun mənbəyini ortaya qoyur: təhlükəli olan bədən deyil, fikirdir.
Fatmanın hətta atasını molla ilə bir anlıq səhv salması zülmün ən ağır nəticəsini göstərir: etibarsızlıq və travma. Mətn, balığın azadlığı hekayəsindən daha çox, cəmiyyətin şüuraltı qorxusundan və azadlığa can atmasından bəhs edir. Qara balıq tora düşmür; çünki o tək üzmür, həm də məna daşıyır...
Eluca Atalı: Vermək istədiyim bir mesaj da var, bəlkə də diqqətinizdən qaçıb, o üzdən istərdim, onu özüm deyim. Bu da Fatmanın yaşından əvvəl böyüməsi. Qorxusuzluq onu böyüdür. Fatma üçün anası və atası qorxur, onu itirmək ismədikləri üçün qorumağa çalışırlar. Bu həm də valideyn borcudur övladı qoruyub ona yol göstərmək. Hər bir valideyn öz keçdiyi yolu övladına nümunə göstərir, çünki o yolu artıq qət edib və ağrı-acısına bələddir, əgər övladı büdrərsə, ona yardımçı ola bilər. Valideyn tanımadığı yolda yürüyən övladın hərəkətindən qorxar, onu çəkindirməyə çalışar. Əsərdə isə valideynlər yaxşı bilirlər, qorxusuz olan yeni nəsil əsarətə və cəhalətə boyun əyməyib savaşırlar. Klassik savaş olan “atalar və oğullar”, “analar və qızlar” bu hekayədə də öz izini salıb.
Rejimə qarşı savaşanların başının üzərində Damokl qılıncı durur, onlar baş qaldıran kimi edam edilirlər. Yerigəlmişkən deməliyəm, əsəri tənqid edən bəzi tənqidçilər əsərdə yetkin qəhrəman obrazı olmamasını irad tuturlar. 80-ci illərin İran mühitində heç kim açıq şəkildə axıra qədər mübarizə edə bilmirdi ki, onu mübarizənin yetkin obrazı kimi qələmə almaq mümkün olsun. Düzdür, ədəbiyyat mühiti ötür, onun gücü olmayanı oldurmaq istəyidir. Lakin belə bir obrazı 80-ci illərin İranında canlandırmış olsaydım, qəti inandırıcı olmazdı. Bu tarixi əsərdir, tarixi əsərdə mühitin gerçəkləri canlandırılmalı, dövrün aynası olmalıdır.
Hüseyin Duyğu: ”Nağıldan reallığa” hekayəsini bir cümlə ilə belə təhlil edərdim: Kiçikdəki böyük güc və insanın mahiyyətinə qayıtmaq!
Eluca Atalı: Dəyərli hocam, siz də yaxşı bilirsiniz, qara rəng türk aləmində yalnız rəng yox, həm də böyüklük, güc ifadə edir. Misal üçün, Qaraca oğlan, Qara pəhləvan, Qarabağ, Qaradağ və s. Bu akvariumdakı balıqlar balacadır, amma içlərində, daxillərində böyük güc yatır. O gücü aşkarlamaq onların inanclarından, özlərinə güvənmələrindən asılıdır.
Haqlısınız, akvarium dar çərçivədir, inqilab onların o dar çərçivəsinə havasızlıq, dözümsüzlük kimi qeyri-adi halı da əlavə edib. Bundan qurtulmaq yollarını tapmaq lazımdır.
İndi çoxları düşünür ki, qurtuluş Qərb demokratiyasındadır. Bu yalnışdır.
Din isə heç bir qurtuluş deyil, əksinə bataqlıqdır.
Bəs, çıxış yolu nədir: öz kəndi Türklüyünə qayıtmaq!
Onda türk böyük olacaq, yenilməz olacaq, onun-bunun arxasınca sürünməyəcək.
Bildiyiniz kimi, bu roman 4 kitabdan ibarətdir, yəni, tetralogiyadır və əsərin kompozisiyası isə bütünlüklə Balaca Qara Balığın mahiyyəti üzərində qurulub.
Hüseyin Duyğu: Bu mətn akvariumun şüşəsində əks olunan bir ölkənin hekayəsidir. Qara balıq məhdud çərçivədə olan suların tale olmadığını hiss edən bir şüurdur; molla şüşənin arxasındakı kölgədir. Böyüklərin balacaları yeməsi inqilabların öz övladlarını yeməsinə bənzəyir; qorxu inamın deyil, iqtidarın dilidir.
Bu, nağıl kimi başlayır, amma reallığın soyuq sularına açılır: akvarium kiçikdir, dəniz uzaqdadır; lakin uşaq barmağını şüşəyə basıb "Mən bundan bir az istəyirəm" deyəndə bütün nizam sarsılır. Çünki ən təhlükəli şey üzməyi öyrənən balıq deyil, azadlığı öyrənən balıqdır.
Eluca Atali
Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.
Tüm Makaleleri Görüntüle