Eluca Atali
Editoryal
11 Şubat 2026

İnqilab öz övladlarını yeyir

Yazar Eluca Atali
Tüm Arşivi Gör


       Son günlər Varren Zimmermann adəti üzrə dan yeri söküləndə otelin arxa qapısından içəri girərdi, Yəzdi nağd etdi, o yenə indilərdə gəlib çıxmalıdır. İmamın qapısına astadan toxundu, qapı içəridən kilidlənmişdi. Sözsüz ki, imam Müsəvi Ərdəbilinin vədsiz gəlişindən ehtiyat edirdi, Yəzdi duruxub, arxasını qapıya çevirdiyi an gözləri bərələ qaldı: uzun, qara əba, ağ əmmamədə hündürboylu bir molla imamın qapısına sarı gəlirdi. Təhlükənin yaxınlaşdığını görəndə (o, qət etmişdi, bu gələn molla təxribat törədəcək), Yəzdi qapıdan aralanıb, imamı müdafiəsiz qonağın ixtiyarına buraxdı.

      – You must be with me!

      – Ah! – nəhayət Yəzdi dərindən nəfəs aldı, gələnin Amerika tərəfindən sözçü rolunu oynayan Varrer Zimmermann olduğunu gördükdə. Görünür, inqilabın taleyinin tükdən asılı qaldığı son günlərdə, hətta gizli qapıdan girib-çıxmalar da dada çatmamışdı...

                                                                                     “Üç vəd, üç tələb” kitabından

 

      – Ağa, ölkə qan içində üzür… 

      – Allaha qarşı müharibə elan etmişlər, gərək cəzalarına çatsınlar. Biz inqilab etməmişik ki, allahsızlarla bir ölkədə yaşayaq, – cavabını alması onun üçün gözlənilməz olmadı. Çünki o yaxşı bilirdi, qoca imamın arzusunda olduğu kafirsiz dünyadır. 

     – Ağa, son ayda edam olunanların sayı otuz minə çatıb, hələ, üstəlik, İranın bütün zindanları doludur. 

      – Bunun nəyindən qorxursan, oğul? Qoy olsun! Gərək əvvəl İranı kafirlərdən təmizləyək, sonra inqilabı qonşu ölkələrə yayaq. 

      – Ölüm gücüylə? 

      – Yox, azan səsiylə… 

      Qəfildən imamın üzünün turşumasından varis hiss etdi ki, bu yöndə gedən söhbət ona xoş gəlmir. Ona görə də, cəhd etdi mövzunu dəyişsin. Ağzını doldurub danışmaq istəyirdi, lakin sözü ağzındaca qaldı. Bu dəfə də usta şagirdini qabaqlayıb sözünə davam etdi: 

      – Gərək, əvvəlcə şurəviləri imana gətirək, uruslar onları kafir ediblər… Yolunu azmış dünyanı yalnız islam kimi mütərəqqi bir din xilas edə bilər. Mən inanıram, biz buna nail olacağıq. Yolumuza inanmayan bizim düşmənimizdir! Allahın düşmənidir onlar!!!

                                                               “Xomeyni ilə varisin söhbəti” hekayəsindən

       – Allaha sevgi ilə qovuşmaq olar! 

       Ağa ilə bu qədər ötkəm danışmağa varisin gücü haradan aldığı, sanki imamı bir an çaşdırdı. Ona sınayıcı nəzərlərlə baxan imam, bəlkə də, va-risindəki ötkəmliyi sındırmaq cəhdilə daha sərt cavab verdi. 

      – İnsanlar qorxmasalar, sevməzlər. 

      – Qorxu sevgini öldürür... Müqəddəslik ülvi duyğudur! Ona görə də, gərək, insana ülvilik aşılansın müqəddəsliyə qarşı, amma bu dəqiqə ölkədə baş verən hadisələr bizim böyük işimizə ziyan vurur. 

     Bir anlığa gözlənilmədən imam qaşlarını çatıb, çatılmış qaş altından baxışlarını mənalı-mənalı ona zilləyərək:

      – Sən bu fəlsəfəni haradan öyrəndin? – sorduğunda, qocadakı kin-küdurəti sezməmək mümkünsüz idi. 

      Onun gözlənilməz sualından varis də tutularaq birdən-birə ciddiyyətini artırdı:

       – Son aydakı qətllərin təcrübəsindən nəticə aldım, ağa! 

      Ayətullahsa əlavə etdi: 

       – Biz İslam İnqilabında bir səhv etdik. 

       İmamın nə kimi səhv etdiyi və ən əsası səhvini etiraf etməsi varisdən ötrü gözlənilməz olduğu üçün təəccübləndi. Adətən, imam pişik kimi kürəyini yerə vurmazdı. 

      – Ağa hansı səhvi nəzərdə tutur? 

      – Gərək, inqilabdan dərhal sonra dar ağacı quraydıq. 

       Çaşqınlıqdan özünü itirmiş varis ancaq:

        – Harada? – məkanla bağlı sual edə bildi. 

        – Hər yerdə… Küçədə, bazar qabağında, meydanlarda, adamların gözü qarşısında, yaşayış məntəqələrinin həyətlərində, doğum evlərinin qabağında, universitetlərin giriş-çıxışında… Hər yerdə bunlar olmalıydı… Belə etsəydik, indi işimiz asan olardı, xalqı öz nəzarətimizdə rahat saxlaya bilərdik. 

                                                      ”Xomeyni ilə varisin söhbəti” hekayəsindən   

        – Əgər düz anlamışamsa, ağa demək istəyir, Yeni Şərq yaradacaq ideoloq yenidən peyda ola bilər?   

      – Nədən də olmasın?   

       – Yəni qərb bu qədər gözləmə mövqeyində ola bilərmi? – bu dəfə Müntəziri imamdan sual etdi, o da cavabında:  

       – Niyə də olmasın? – suala sualla cavab verdi. – Qərb gözləməkdə bizdən də səbirlidir, işi asta görər, amma usta görər. İslam İnqilabı qərbin A planı, “qırmızı şiəlik” və onun digər bir tərəfi olan “sol islam” B planı olar. Qərb kartı bir-bir çıxarar, məlumdur ki, o emosional deyil, rasionalistdir. Bir düşün, “İslam respublikası”ndan bəhrə götürmədikdə, nədən də qırmızı şiəliyi və ya sol islamı təcrübə etməsin?   

                                                                    ”İmamın qorxduğu ölü” hekayəsindən               

      – Kimin üçün fatihə oxudun?    

       – Bilmirəm...     

       Sözsüz bu Zəhra arvad idi, inanmıram, zənnimdə yanılım, axı ondan savayı fatihə oxuyan olmadı.   

       – Bəs, niyə oxudun?     

       – Təskinlik tapıram, sanki bir yiyəsizə sahib çıxıram.   

       “Millətin sahibi olmalıdır!” – düşündüyümü demirəm, amma, bu fikrimi özümlə qəbrə aparmaq da istəmirəm.    

                                                                                    ”Qanlı orkestr” kitabından

      Güllə tapançanın lüləsindən çıxanda anidən doğulub, qan içində boğulub ölürdü...      

    Güllənin təsir gücü onun sürətindən asılıdır! Orta məktəbdə fizikadan öyrəndiyim bu gerçəklik hər dəfə güllə səsi eşidəndə, müəllimimin səsi ilə qulaqlarıma dolub, xırdaca kütləsi ilə məhbusun bədəninə sürətlə girməsi məni sarsıdırdı.      

     Güllənin ömrü onun sürətindən asılıdır. O, silahdan çıxandan canlının bədəninə girənə qədər yaşayır. Qəribədir, canlını öldürəndə özü də ölür. 

     Gülləni Hizbullah baxışı ilə dəyərləndirəndə, o fədakarlıq edirdi, inqilab düşmənini öldürməkdən ötrü canını fəda edirdi. 

     Əks-inqilabi baxışla yanaşdıqda, güllə qurbanlıq idi, özgə əqidəsini yaşatmaq üçün özünü hədər edirdi. Heç nə qazanmadan həyatını itirmək sıfırlanmaqdır. 

     Onun qət etdiyi məsafə uzun olsa, ömrü uzun olacaq və ya ömrün qısalığı məsafədən asılıdır. Onun uzun və ya qısa ömürlülüyünü düşmənin ondan hansı məsafədə olmasından da asılı olduğunu beynimdə çək-çevir edirəm...  

                                                                                         ”Qanlı orkestr” kitabından 

      Gecə hamilə qadındır, səhərə nə doğacağı məlum olmaz! Belə bir qeyri-müəyyənlik dünyaya aiddir, qeyri-müəyyənlik insanları tələsdirir ki, səhərin açılmasını görsünlər. İranda isə məlumdur, sanki xüsusi yazılmış ssenari ilə gecə və gündüz bir-birini əvəzləyir: gecənin səhərə mütləq və mütləq EDAM KÜRSÜSÜNDƏN savayı nəyəsə hamilə olmadığına inandırıb, bu məmləkətdə gecə ölümdən savayı digər bir toxum cücərtdiyinə vəd vermir. Sabah bugünkündən yaxşı olacaq fikrində nikbinlik var; sabahın bugünkündən yaxşı olacağını deməklə özümü naşıcasına aldatmış olaram.  

                                                                             Fatmanın gündəliyindən

Eluca Atali

Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.

Tüm Makaleleri Görüntüle