– Bu qərbə nə dərəcədə inanmaq olar? Qəfildən verilmiş sualdan Müntəziri heç nə anlamadı, əks halda sifətində dərsini bilməyən küt şagirdə məxsus kal ifadə yaranmazdı. O, “məgər imam qərbə bələd deyil ki, məndən öyrənir?” haqlı bir sual varisin beynini diddi. “Yoxsa, məni sınağa çəkir?” – suala özü cavab verdi: “Müntəziri qarşındakından hər şey gözlə, gözləməsən, zərbə alarsan!” İmamın sualı müqabilində Müntəziri özünə bu təhər bir xəbərdarlıq etdi: “Ehtiyatlı ol, tələyə düşmə!”
Varis anlamadığı suala cavab vermək məcburiyyətində olduğunu imamın onun ağzına dikilmiş gözlərindən oxuyanda bu sualı verməyə məcbur oldu:
– Okeanın o tayındakı?..
– Yox, böyük şeytanı demirəm, – imam başını yana çevirib, daha yaxında yerləşən bir məkana işarə etdi: – bu üzdəkini...
– Görünən kəndə bələdçi lazım olmaz, o öz sifətini çoxdan bəlli edib.
– Sən məni əmin edə bilərsən, Əli Şəriəti gerçəkdən ölüb?
Müntəziri çaş-baş qalıb, gözlərini imamın qalın şüşəli gözlüyündə bənd etdi. Şüşə parçasının arxasındakı gözlərin vasitəsi ilə o, imamın düşüncəsini oxumağa baş sındırırdı.
– Ölüb, buna necə əmin ola bilmərik? – lakin imamın ona əvvəlki formada israrla baxmasından, o hiss etdi ki, qarşısındakı aldığı cavaba qane olmur. Bu səbəbdən də, – Öldürdülər! – əlavə etdi. İmam yenə də susub ona diqqətlə baxdığı an varis daha geniş şərh verməyin lazım oldu ğunu müəyyənləşdirdi: – Necə öldüyü, kimin öldürdüyü müəmmadır, amma faktdır ki, o ölüdür!..
– Fakt?
– Bəli, ağa, fakt var axı...
“Guya bu ölümdən yaxasını kənara çəkmək istəyir...” Varis nə baş verdiyini anlaya bilməyəndə, imama şübhəli nəzərlərlə baxmaqdan vaz keçmədi. Üstündən on iki il ötəndən sonra Əli Şəriətinin ölüsünü sorğu-sual etmək kimə gərək idi və ya imamdan savayı, o kimi düşündürə bilərdi?
– Bəlkə, Əli Şəriətinin öz vücudu olmayıb təhvil verilən, digəridir... – İmamın varisindən cavab gözlədiyi varisə bəlli idi, amma nədən onun beynini bu qədər dərindən ölü ilə məşğul etməsini zavallı varis dərk edə bilmirdi.
– O da ola bilər!
İmam qəddini düzəldib varisini sual dolu baxışlarla süzdü.
– Bəlkə, tabutda heç cəsəd olmayıb?
Müntəziri qurumuş dodaqlarını dili ilə islatmalı oldu, arada “Əgər tabutda bədən olmayıbsa belə, imamın bu qədər təşvişə düşməsinə lüzum varmı?” Sözsüz, düşündüyünü imamdan sora bilməzdi, əvəzində:
– Bəlkə də... – dedi.
– Bəlkə, onun vücudu ağırlığında içinə əşya qoyublar...
– Ağa, bu da qaçılmazdır! – Varis imamın Əli Şəriəti vücudunun axtarışı yolunda olan cəhdlərinə qısa cavab verdikcə, imam Şəriəti tabutunda bənd olub oradan çıxa bilmirdi.
– O zaman... o zaman...
Müntəziridən gələn “bəlkə də” cavabı imamın şübhəsini birə on artırdı, o, eynəyini çıxarıb əbasının ətəyi ilə gözlüyünü silib, yenidən burnunun üstünə ilişdirdi. Sanki bununla varisinin sifətindəki ifadələri apaydın görmək istəyirdi. Varissə qorxudan doğan hissolunmaz bir halla özünə ehtiyatlılıqla bağlı təkrar əmr verdi: “Müntəziri, tora düşmə, bu söhbət səni sınamaq məqsədi ilə də qurula bilər. Sadəlövh olma, çox düşün, az danış. Çox danışarsan, səhv etmək imkanın çox olar...” Təbii, özünə verdiyi tapşırıqlarla, ağaya verdiyi cavab müqayisəedilməz dərəcədə fərqliydi.
– Əgər düz anlamışamsa, ağa demək istəyir, Yeni Şərq yaradacaq ideoloq yenidən peyda ola bilər?
– Nədən də olmasın?
– Yəni qərb bu qədər gözləmə mövqeyində ola bilərmi? – bu dəfə Müntəziri imamdan sual etdi, o da cavabında:
– Niyə də olmasın? – suala sualla cavab verdi. – Qərb gözləməkdə bizdən də səbirlidir, işi asta görər, amma usta görər. İslam İnqilabı qərbin A planı, “qırmızı şiəlik” və onun digər bir tərəfi olan “sol islam” B planı olar. Qərb kartı bir-bir çıxarar, məlumdur ki, o emosional deyil, rasionalistdir. Bir düşün, “İslam respublikası”ndan bəhrə götürmədikdə, nədən də qırmızı şiəliyi və ya sol islamı təcrübə etməsin?
“Aha...” – Müntəziri içdən ah çəkdi, xoruzun quyruğu göründü, imamın qorxusu onun düşündüyündən daha artıqmış. Bu yerdə varis sadəlövhcəsinə düşündüyü üçün özünü aciz hesab etdi.
– Nə deyirsən, onun bir gün ortaya çıxmaq ehtimalı nə dərəcədə doğru ola bilər?
İmamın sualı varisi bərkə salmışdı, beynindən keçənləri desinmi, deməsinmi, – özlüyündə götür-qoy etdi: “Nədən Əli Şəriətini dirildib üstümüzə salsınlar ki? Məgər İslam İnqilabı onun ideyası deyildimi? O dedi, siz imam cənabları onu İranda şəkillədiniz. O sosioloq idi, İslam Respublikası ideyasını yalnız o hərtərəfli ölçüb-biçə bilərdi. Belə olan halda, nədən onu bir vücud kimi ortaya çıxartsınlar ki, bir halda bu gün imam cənabları İranı tam şəriətləşdiribsə?”
Şəriətinin “İslam Respublikası” anlayışında, həmçinin peyğəmbərin zamanındakı ilkin islama dönüş əsas rol oynayırdı. Yəni yeddinci əsr ərəb dövlət quruluşu ortaya çıxmalı idi. Üçüncü yolun memarı hesab olunan Şəriətiyə görə, sosial islam dövlətini yalnız peyğəmbərin və imam Əlinin əsasını qoyduğu təməllərlə qurmaq mümkündür, bu zaman sözsüz ki, bərabərlik prinsipi hər şeydən öndə tutulmalıydı.
İkinci Dünya savaşından sonra çalxalanmış dünya zahirən susqunluq dövrünə qədəm qoyurdu. Hegemon Amerika ilə SSRİ dünyanın ayrı-ayrı qütbündə durub açıq-aşkar bir-birinə dişqıcadırdılar. İki böyük nəhəngin arasında qalan şərq özünü rahat həzm olunacaq halva kimi görüb, hegemonlar arasındakı sakitlikdən qorxu hissi keçirirdi. Bu zaman üçüncü bir qüvvənin yaranmasına ehtiyac olduğunu düşünən islamın böyük üləmaları o gücü axtarmağa cəhd etdilər. Onlar bir ara ya gəlib qərar verdilər ki, Şərqi ABŞ və SSRİ-nin kolonial siyasətindən qorumağın tək yolu islamdır. Bu an üləmalar mübarizə yolu olaraq “islam humanizmi” nəzəriyyəsini irəli sürdülər. Onlar düşünürdülər, səbir və dua etməklə allahsız kommunizmə və müstəmləkəçi xristianlığa qarşı mübarizə aparmaq, haqq yolundan dönməmək, Allahın ədalətinə inanmaq hər bir müsəlmanın borcu olmalıdır. Pəhləvi rejiminə qarşı güc kimi ortaya çıxan İranın şiə dairəsi və İraq şiəçiləri altmış-yetmişinci illərdə davamlı olaraq “üçüncü yol” ideyasını müzakirə edir, aralarında mübahisə doğacaq xırda-para detallar olsa da, amma ümumilikdə gəldikləri bir məxrəc vardı: yeni konsepsiya vacibdir. Təbii ki, iki əjdaha ağzında yem olmamaqdan ötrü bu düşünülürdü. İdeyanın müəllifi bu gün Müntəzirini evindən çıxarıb imamın ayağına yüyürtdürən, ölümü müəmmalı, adı qorxulu kabustək İran ruhanilərinin yuxusuna haram qatan, qərbin aparıcı fikir adamları arasında kifayət qədər nüfuz sahibi olan Əli Şəriəti idi. Jan Pol Sartın tələbəsi və dostu olan bu adam, ideyalarını müəllimi ilə bölüşür, o isə öz növbəsində gənc Əlini “Yeni Şərq yaradacaq ideoloq” deyib fikirlərinə təkan verirdi.
“Bəli, bəli, Qərb onu Yeni Şərqin Marksı sayırdı..”, – Müntəziri bu fikri beynində tovladığı zaman qarşısındakı imamı başı əmmaməli, çal saqqalı daha gödək vurulmuş təsəvvür etməli oldu. Qəribədi, əmmaməsi götürülmüş imamın sosialist inqilabının müəllifi kimi başında tük yox idi, Müntəziri onun əbasının üzərindən nə vaxt qeybə çıxdığını müşahidə edə bilməməsinə təəssüfləndi. O, özümü soyundu, yoxsa soyundurdular? Və ya onun əbanı atmasına ehtiyac vardımı? Nə çox solçu dindarlar vardı, məgər imam onlardan biri ola bilməzdimi? Yoxsa paltar xüsusi məna daşıdığı üçün uzun ətəklilik indiki əqidəyə yaramırdı? Onun yerinə qara pencək və pencəyin biçiminə uyğun qərbsayağı qalstuk taxılmışdı.
İmam bardaş qurduğu ayaqlarını bir-birindən kənarlaşdırıb, oturuşunu pozdu:
– Ya Allah! – deyib, əlini yerə dirəyib özünə təkan verdikdən sonra dik ayağa qalxıb (Nə möcüzə idisə Dehqani yardım etmədən qəddini düzəldib, yerindən qalxa bilmişdi), əlini başı üzərinə qaldırdı.
Qəribədi, yalnız bu zaman onun havaya qalxmış əlində dimdikli şapka olduğunu Müntəziri müşahidə etdi. Təbii ki, əmmamə yenə də başında yox idi.
– Sosial bərabərlik bizim təməl prinsipimizdir, işıq, qaz, su, siz zəhmətkeşlərə havayı veriləcək! Gecə qapınızı sərbazlar döyərsə, qorxmayın, açın, ziyan çəkməzsiniz! Onlar sizin neftdən gələn gəlirinizi gətirəcəklər. Əgər, qapını açmazsınızsa, səhər qapını açdıqda, evin kandarında gördüyünüz külli miqdarda puldan imtina etmədən cibinizə basa bilərsiniz. Bu sizin haqqınızdır! – İmam kütlə önündə bu qədər qısa nitq söylədi, amma vəd dolu cümlələri qarşısındakıları ehtizaza gətirdiyindən uzun-uzadı alqışlamanı, o əlini bir müddət havada yelləməklə yatırda bildi.
Lenin Plexanovun “Fabrik-zavod fəhləyə, torpaq kəndliyə!” əməkçi şüarını oğurlayıb, on beş il bu şüarı bağırdıqdan sonra çarı devirdi. Zavallı Plexanov, ideya beynində vardı, bəs niyə dilinə gətirmədin? Sadəcə, Leninin verdiyi təyinlə tarixdə qaldın: “Kitab rəfi!”
Hııı.., Plexanov taleli Şəriəti, Amerikanı aldatmaq olmazdımı? İstə diyini verəcəm deyərdin, sonra da elə bu ağa kimi – o hələ də ayaq üstə durmuş kostyumlu imama işarə etdi, – inqilabdan sonra yüz səksən dərəcə dönərdin. Bilməmiş deyilsən, “siyasətdə dil fikri gizlətmək üçündür”.
Müntəziri Plexanovun və Şəriətinin ruhuna bir salavat çevirib, əlini yanına saldıqda, qarşısında gördüyü səhnəyə inanmadı. Lenin qeyb olmuşdu, yenə onunla üzbəsurət əbalı və əlbəttə, başı əmmaməli imam oturmuşdu.
– Nə oldu, oğul, yenə bərkdənmi xəyal etdin?
O, qapıldığı illüziya aləmi haqda imama heç bir məlumat sızdırmamaq üçün dodaqlarını dişləri arasına salıb möhkəm-möhkəm sıxdı.
Müntəziri iki əlini düyünləyib çənəsinin altına dirək etdi, adətən, o, müşkülü olanda belə bir forma alardı. “Cənab imam, bütün bunları biz gerçəkləşdirdik. Belə olan halda yenidən əli şəriətilərin – həqiqi və ya yalan vücudunun peyda olmasına lüzum varmı?” O tez də səhvini düzəltməli oldu: “Üçüncü yolda sapmalar oldu, etiraf etmək zamanıdır. Bəlkə, ağanın içində etiraf məqamı doğub, o üzdən əsl ideya sahibini hərtərəfli təhlil etmək fikrinə düşüb.
(ardı var)
Eluca Atali
Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.
Tüm Makaleleri Görüntüle