Eluca Atali
Editoryal
23 Şubat 2026

Hizbullahın türk dili kabusu

Yazar Eluca Atali
Tüm Arşivi Gör

              

          ”Qanlı orkestr” kitabından Fatmanın Gündəliyindən 112-ci gün)  

 “Yaşasın azərbaycan, yaşasın pişəvəri.” 

    – Mən yazmamışam.     

    Şələ bığlarının altından siqaret və qəlyan sümürməkdən saralmış yekə həvək dişləri ov üstünə atılacaq ac qurd kimi hərəkətə keçməyə hazır olduğunu açıq-aşkar bəlli edirdi. Yağışdan çıxmışın yağmurdan qorxusu nə qədər olarsa, mənim də yırtıcı hücumuna reaksiyam bundan fərqli deyildi. O qədər təhqir, əzilmə (döyülmə artıq mənə adi gəlirdi, sözlə təsir içimi daha çox dağlayırdı), gələcəyə inamımı qırmaqdan ötrü edilən cəhdlərin çeşidləri nümayiş olunurdu. Guya, gerçəkdən kimin yazmasını öyrənmək niyyəti vardı və bunu bilmək onun üçün həyati məna kəsb edirdi:     

    – Sübut et sən yazmamısan! – ağzımı açdığım an: – Dəvə quşu kimi başını kolun altına soxmusan, guya quyruğun görünmür. – mənim özümü müdafiəmə misal çəkməyə də əringəclik göstərmədi.    

     O nəhəng quşa bənzədilməyimlə fəxr edə bilməzdim, quşun istintaq otağına atılmasının əsl mənası izahımın önəmsiz olduğunu əvvəlcədən mənə qandırmaq istəyindən irəli gəlirdi. Buna baxmayaraq, mən yenə də özümü müdafiə üçün iradəmi ortaya qoydum:  

       – Mən yazsaydım, “Yaşasın Azərbaycandan sonra nida qoyardım və ən önəmlisi Azərbaycan ölkə adı olduğundan böyük hərflə yazardım. Azərbaycandan sonra gələn “yaşasın” kəlməsini böyük yazardım, çünki cümlənin əvvəlidir, “Pişəvəri” sözünü böyük yazardım, adam adı olduğundan və sonunda nida qoyardım. Bir şüarda beş səhv edəcək qədər bisavad deyiləm, ağeyi müstəntiq.    

     – Demək, sən yazmış olsaydın, bütün kəlmələri böyük yazardın, hə?   

      – Ağeyi müstəntiq, bu mənim istəyimlə olan iş deyil axı, dilimizin tələblərinə uymaq borcumuzdur.    

     – Bəs, səncə, kim yazıb? 

    Guya bilmirdi. Qurdun quzu rolunu oynamasının nə qədər gülünc olduğunu müstəntiqin zavallı baxışlarına nəzər salanda anladım. İstədim deyim, a kişi, bu cild sənə yaraşmır, əgər istəyirsən sənə ürəyim acısın, mümkünsüzdür. Axı keçən dəfə yalın ayaqlarımın altına basdığın siqaret odu hələ də bişmiş ətimdə oturub, bütün vücudumu acışdırır. Yaradakı siqaretinin külü ayağımda infeksiya mənbəyi yaradaraq, çirk və üfunəti ilə, burnuma dolan ürək bulandırıcı iyi ilə mənəvi ekologiyamı korlayır. Əgər istəyirsən ki, səni qurd cildində quzu kimi yox, mərhəməti ürəyindən qovmamış həqiqi qurd kimi görüm, o zaman məni həkimə aparıb tibbi yardım etdirmən lazımdı. Qəfildən sinəmə əl atıb, köynəyimin yaxasını özünə sarı çəkəndə qəzəblənmiş vəhşinin ovunu parçalamağa məqam tapdığını gördüm. Axır ki, maskasını atıb, gerçək sifətini ortaya qoydu.

      – Boynuna alsan da, almasan da belə, bu sənsən!   

     Kitabı boş əlinə alıb, başıma necə çırpdısa, qalın cildi təpəmi yardı, yarıqdan axan isti qan alnıma çatıb iyini burnuma doldurdu. İndilik təzə qan iyi çürümüş ətdən daha xoş təsir bağışlayırdı. Güman etmirəm, istintaq bununla bitmiş olsun, inanıram ki, imam poeziyasının tətbiqi hələ xeyli şərh tələb edəcəkdi. İmamın “Eşq qibləsi” şeirlər toplusu azadlıqda əli cibində gəzənlərin dərk edəcəkləri qədər bəsit nəzm deyildi. Hizbullah müstəntiqləri o poeziyanın beyt və misralarını sətir-sətir məhbuslara dərk etdirənə qədər cilddən-cildə girib, bəzən lüzumsuz suallarla özlərini gülünc vəziyyətə qoyurdular.  

                                 

Eluca Atali

Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.

Tüm Makaleleri Görüntüle