Köşe Yazısı 5 Temmuz 2026 03:00

Hizbullah şousu

Eluca Atali
Yazar Eluca Atali

  ("İran Hizbullah zindanında" kitabından bir hekayət)

Allahkərim Milli parkın kənarındakı yolla asta addımlarla evə sarı getdiyi an qəfildən qulağına dəyən səs-küy səsinə ayaq saxlayıb, əlini qulağının dibinə qoyub səs gələn tərəfə boylandı. Adamlar müxtəlif istiqamətlərdən parka doğru yol alırdılar. O əllərini arxasında düyünləyib asta addımlarla hadisə yerinə doğru getməyə başladı. Bu an yanından sürətlə ötən balaca Mahmudu saxlayıb:

  —A bala, nə olub orda?

   —Allahkərim əmi, hələ ki, heç nə olmayıb?

   — Olmayıbsa, bəs, nə hay-həşirdir? Səhərin gözü açılmamış qaça-qaçdır...

    Qulağına dəyən öskürək səsi qeyri-ixtiyarı onun üzünü turşutmağa vadar etdi. Baş verəcək hadisəni gözdən qaçıracağından qorxan Təkgöz molla böyük bir addım atıb Allahkərimin qarşısına keçdi.

   — Olacaq, a qonşu, bu dəqiqə olacaq!

    —Nə olacaq, Hatəm ağa?

    — İnqilaba ağ olmuşun biri imama canın tapşıracaq! Kafirin biri cəhənnəmə vasil olacaq.

    —İmansız.., sən ora can atmasaydın, mən çaşardım... — Qonşusunun arxasıyca pıçıldadı.

   Allahkərimin taqəti tükəndi, sanki ayaqları kilidləndi. Parkdakı oturacağın başına əlini uzadıb yıxılmamaq üçün özünə təkan verdi. Yenidən ayağa qalxmaqdan ötrü dizlərini ovxalayır, lakin Təkgöz mollanın sözləri beynində əks-səda verdikcə taqəti tükənirdi. Sanki Təkgöz molla vampir kimi onun enerjisini çəkmişdi. "Olacaq, qonşu, olacaq... Tezliklə olacaq... imama canın tapşıracaq... inqilaba ağ olmuş... Olacaq, qonşu, olacaqqq..." O başını əlləri arasına alıb sıxır, sanki Təkgöz Mollanın kəlmələrini beynindən qovmaq istəyirdi. "Olacaq, qonşu, olacaq... olacaq, olacaqqq..." Allahkərim oturacağın başına yenidən əl atıb zorla ayağa qalxdı. İnqilabdan əvvəl Milli parkda həvəskar teatr truppalarının təşkil etdikləri pulsuz şou proqramlarına can atan adamlar indi də həmin şövqlə şəhər meydanına toplaşırdılar. Allahkərim dodaqucu pıçıldadı: "Birdən... uzaq olsun, birdən... yox, ola bilməz..." Əlini ürəyinin başına qoyub özünə ürək-dirək verdi: "Toxtaq ol, Allahkərim! Səbr et, dua at, qızın bu bəladan qurtulsun!" Öz-özünə danışa-danışa hadisə yerinə doğru gedirdi.

   İstehsalatda istifadə etməkdən ötrü Almaniyadan yenicə alınmış qaldırıcı kran parkın ortasında dururdu, kranın uzun xortumundan yoğun bir kəndir asılmışdı. Kəndirin aşağı sallanan ucunda adam başı həcmində yumru bir dairə vardı. Əlləri arxadan qandallanmış qara, uzun saçı açıq məhkumu qara geyimdə meydana gətirdilər. Kəndirin bənd olduğu yerin yaxınlığında asfaltın üstünə balaca bir kətil qoyuldu. Hizbullahçı qadın kətili kəndirin altına gətirib digər bir hizbullahçı qadına məhbusu ora çıxarması üçün işarə etdi. Məhbus qızın qolundan tutmuş hizbullahçı onu kətilə yaxın gətirəndə, o başını qaldırıb kəndirə baxdı. Qız gülürdü! Qızdakı cəsarətə Allahkərimin gözləri bərəli qaldı. Edama məhkum qız başını yuxarı qaldırıb ölüm kürsüsünə və cəlladına salam verdi. Bundan Alman kranına da pay düşürdü. Allahkərim əlini qulağının dibinə qoydu, bir an əvvəl eşitdiyi salam kəlməsi havada halə kimi onun başı üzərində dövr edirdi.

   Hizbullahçı qadın edam ayinin növbəti bəndinə əməl etmək üçün o əlindəki qara yaylıqla məhkuma yaxınlaşıb yaylıqla onun gözlərini bağlamağa cəhd edərkən məhkum başını sürətlə bir neçə dəfə sağa-sola fırladıb gözlərinin bağlanmasına imkan vermədi. 

  —İstəmirəm!

  Yaylıqlı əlini havaya qaldıran hizbullahçı israr etmək istədi.

  —Bu sənin xeyrinədir! Əzabın azalacaq!

  —Rədd et onu! Niyə əzab çəkməliyəm? Mən günahsızam, ölümün gözünün içinə utanmadan baxacam!!!

   Hizbullahçı geri çəkilib məhbusun kətilin üzərinə çıxarılmasının zamanı çatdığını işarə ilə bildirdi. Məhbus mərmər heykəl kimi qəddini şax tutub kətilin üzərində durduğu an gözləri meydandakı adamların arasında axtarış edirdi. Axtarışı uzun çəkmədi, kəndiri başına atıb, boğazında sıxdılar.

   —Mələyimmm! — Ət ürpədən vəhşi çığırtı ilə adamları yaran orta yaşlı qadın özünü irəli atdı. 

   Məhkumun ayağı altındakı kətili xahəri Zeynəb əsgəri təpiklə vurub aşıranda o xırıldamağa başladı. Bəlkə də qulağına dəyən doğma səsi haraya çağırırdı, lakin kəndir indi yalnız onun boğazını yox, sözlərini də içində boğub bayıra çıxmasına imkan vermirdi. Ayaqları hava boşluğunda yellənirdi... Ana qızının harayına yetməyə can atıb hizbullahçını var gücü ilə itələyib özünü qabağa atanda onu saxlamaq mümkünsüz oldu. Ana dizlərini yerə dirəyib qızının ayaqlarının altına çiynini qoydu. O ikiəlli qızının yalın ayaqlarını tutub sifətinə sıxdı, ayaqlar onun dodaqlarına dirənmişdi. Ayaqları arasından axan qan çılpaq dabanları qırmızı rəngə boyayırdı. İki hizbullahçı ananın qollarından tutub onu edam səhnəsindən kənara sürütləyir, ana isə qızının günahsızlığını bağırırdı.

   Məhbusun tez boğulmasından ötrü ona lütf edən hizbullahçı kəndirin düyününü böyürə çəkdiyi an məhbus bir böyük təkan vurub sonra asıldığı yerdəcə sakit durdu. Bu an sanki kütlənin üzərinə soyuq su səpildi, qurbağa gölünə daş düşmüş kimi lal sakitlik yarandı. Edam ayininin son mərhələsini yerinə yetirmək məqamı çatmışdı. Kran aşağı endirildi, qızın boğazındakı kəndiri boşaldıb çıxartdılar, cəsədi isə inqilab keşikçiləri naməlum istiqamətə apardılar. Ana isə qızından əvvəl məlum istiqamətə sürdürüldü — bütün infarkt keçirənlər kimi o da Urmu şəhər xəstəxanasının ürək bölməsində yerləşdirildi.

   Xoşbəxtlikdən həmişə olduğu kimi bu dəfəki edam şousunda da təcili tibbi yardım maşını Milli parkın yaxınlığına ehtiyat üçün gətirilmişdi.

Eluca Atali

Eluca Atali

Medyabir Ajans yazar kadrosunda gündeme dair değerlendirmeleri ve özgün bakış açısıyla okurlarıyla buluşuyor.

Yazarın tüm yazıları