Köşe Yazısı 2 Temmuz 2026 03:00

Fatmaya ödənilən borc

Eluca Atali
Yazar Eluca Atali

Fatmaya ödənilən borc

     Növbəti dəfə qapı açılanda səhər yeməyindən iki saat keçmişdi, növbə ilə qadınları havaya çıxarmaq zamanı da artıq başa çatmışdı. Belə bir məqamda qapının açılması namazxanada qadın mollanın oxuyacağı dini moizə ilə beyinyuma əməliyyatına aparmaq, moizə sonrası da Allah kələmlarının beyində qüvvətlənməsindən ötrü Quran şərhlərinin yer aldığı kitablardan seçmək azadlığı veriləcəkdi. Lakin zindanda gözlənilməzliyin gözlənilən məqama çevrilməsi adi hal aldığı bir daha sübut olundu Fatma Kərimi adının bağrılması ilə. Qız dünəndən üzü üstə uzanıb qalmışdı, hətta bu gün təmiz havaya belə çıxmağa taqəti olmamışdı. Vodka alverçisi dünəndən bəri ən azı on dəfə onun kürəyinə yaş əski qoyub onu sakitləşdirməyə cəhd etmişdi, bu isə sızıltılarını kəsəcək qədər dərdə dərman deyildi. Xahəri Zeynəb əsgərinin barmaq işarəsi ilə əllərini və ayaqlarını yerə dirəyib qalxmağa cəhd edərkən cəhdi boşa çıxdı. Vodka alverçisi qolundan tutub onu qapıya qədər gətirib ”əzrail assistentlərinə” təhvil verdi. Hər iki qollarında bənd olmuş hizbullahçı əlləri onu möhkəm-möhkəm sıxıb az qala öz aralarında sürüyürdülər. Budur zindan həyətinin ortasında durdular, məlum oldu Fatmaya iyirmi beş çallaq borclu qalıblar. Guya ki, iyirmi beş yox, əlli şallaq sənə borcumuz vardı desəydilər, məhkum sübut üçün sənəd tələb edəcəkdi? Cəzanın növün müəyyənləşdirmək hizbullahçıların vicdanı ilə hesablanırdı.

Şallaqlama ayini dünənkindən fərqli icra edilmədi, lakin zaman bir qədər az sərf edildi. Dünənki ayinin yarıbayarısı qədər…

     – Qalx! – Əmri hizbullahçıdan gələndə o  qalxmağa çaba etdi, lakin müvəffəq olmadı. –  Gəlin aparın! – Kənarda durmuş inqilab keşikçilərinə göstəriş verdiyi an qızı yerlə sürüməyə başladılar.

   – Sən get, təkbaşına öhdəsindən gələrəm. – Hizbullahçılardan biri digərini Fatmadan uzaqlaşdırdı.

   – Yenə qarşıma sən çıxdın?

     Susss... – Onun sualını təsdiqləyən uşaqlıq dostu idi.

    Sənə nə şirinlik versəm, gözümə görünməzsən?

     Fatma...

     Solmaz onun qolunu boynuna salıb, dəhlizlə çəkə-çəkə kiçik bir otağa saldı. Təkadamlıq çarpay, masa, stol olan otaqda Fatmanı çarpayda uzadıb  gözlərini ondan yayındırmaq minvalı ilə üzünü yana tutdu. Solmaza olan qəzəbini boğmaq Fatma üçün də asan deyildi, baxışının səmtini dəyişəndə dodaqları titrədəi. Masanın üzərində Səriyyə müəllimənin darağı və güzgüsü atılıb qalmışdı. Gözləri dumanlı görürdü, amma əşyaların müəlliməyə məxsusluğuna şübhə edə bilməzdi. Qadın onları övladlarından alandan son məqamınadək əzizləyib öpürdü, sanki övlad qoxusunu onlardan alırdı. Darağın üzərində isə Səriyyənin canlı vücudundan bir zərrə olan saçı qalmışdı.

   –Məni də daş-qalağa hazırlayırsan?

     Solmaz başını yırğalayıb yalnız bir barmağını dodaqlarının üzərinə basdı.

    – Sus? Burda olduğumuzu bilməsinlər.

     –Aha, məni qaçırmısan? – Çevrilmək istəyərkən inildədi.

      Solmaz elektrik çaydanını işə salıb otaqdan çıxdı və az keçmiş ağ parça arasında buz gətirib Fatmanın kürəyinə düzməyə başladı.

    Bircə sorma mən bu sistemə necə düşmüşəm.

    Düşünürsən, mən sadəlövhəm? 

    Bilirsən,..

      Fatma qəzəblə səsini qaldıranda Solmaz dal-dala çəkilib divara sıxıldı.

    Bilmək istəmirəm, özün haqda mənə heç nə danışma. Sən mənim üçün keçmiş deyilsən, sadəcə, inqilab keşikçilərindən birisən və rejim xidmətçisisən. – Solmaz susurdu və susduqca da arxasındakı divara möhkəm sıxılırdı. – Bundan artıq nəsə demək istəyirsən? – Qız yerindən tərpənmədən başını yırğalayanda Fatma davam etdi. Əslində o, aylardan bəri rejimə qarşı içində yığılmış kin-küdurətini püskürürdü. – Nə qədər məhkuma tiri-xilas vurmusan? – İnkar əlaməti olaraq Solmaz başını yırğaladı. – Məni inandırmaq istəyirsən məhkum öldürmək şərəfinə nail olmamısan.

   Solmaz çayı Fatmanın qarşısına qoyub cibindən konfet çıxartdı.

      Mən qayıdıram.  – O qapıya yan alanda arxadan qulaqlarına dolan səs onu yerində bənd etdi.

     Bunu xeyirxahlıq naminə edirsən, yoxsa sənin haqqında fikrimi dəyişmək üçün?

  – Necə istəyirsən, elə də qəbul et. – Yaşarmış gözlərini silib otaqdan çıxdı.

     Günəş qürub edəndə Solmaz otağa döndü, Fatmaya günorta gətirdiyi yemək hələ də masanın üzərində əl vurulmamış dururdu.

     Ye, bir az özünə gəl!

    – Otağa dönmək istəyirəm.

    Heç dəyişməmisən, əvvəlki inadkarsan. – Mənalı nəzərlərlə Fatmanı süzüb, – Bu gecə burda qal, bir az rahatlan. Narahat olma, otağın açarı yalnız məndədir. 

     Bütün döyülənlərə sən qulluq edirsən?

     Yalnız dili uzunlara. – Əlindəki bir dəst paltarı onun üzərinə atıb, – al! – dedi.

     Bu nədir? 

      Təmizdir, dəyiş! Paltarların qan içindədi.

       Fatmaya paltarlarını dəyişməkdə yardım edərkən havaya qalxmayan qollarından Solmaz paltarı güclə onun əyinə keçirtdi. Qara-qançıl olmuş qolları şişib tərpənmədiyindən onu sızıldamağa vadar etdi. Anidən Solmaz bir əli ilə onun ağızını tutub, dodaqlarını dişləri arasında sıxması üçün işarə verdi.

       Niyə mənimlə kəlmə kəsmək istəmirsən?

     – Rejim qulu ilə danışmağa mənim ortaq mövzum yoxdur.

    Bu yola düşməyə məni zəmanə vadar edib.

    İnsan zamandan üstə olmalıdır, zamanə havasına oynamamalıdır.

     Solmaz bir addım ona qarşı atıb, astadan:

    – Fatma...

    Sənin kimi iradəsizlərin hesabına bu rejim qol-budaq atır. Qorxaq!.. Qorxu – ölümdən qabaqkı ölümdür. Unutma, qorxmaz adam bir dəfə ölür, qorxaq hər dəfə təhlükə ilə üzləşəndə.

     Fatma!

     Nədir?

      Sənə heyrət edirəm, bunu etiraf etməsəm, ölərəm.  – Əlini cibinin üzərinə qoyur. – Sənin istədiyini tapmışdım, amma...

    Fatma acı-acı gülümsəyib, başın silkələdi:

    – Zəhərsiz də xilas yolu varmış, – dedi.

   Səhərin sübh şəfəqləri üfüqdə görünəndə qara hörmüçək ov sahəsinin ortasındakı şikarının üzərinə atılmaq üçün uzun ayaqlarına qaçış əmri vermişdi. Yadınızdadırsa, o, bu pəncərənin köhnə sakini idi. Əlbəttə, zindan pəncərələri heç zaman silinmədiyindən hörmüçək kimi sakitliyi və xəlvəti məkanı sevən həşaratlar burda yaşamaqdan şikayətçi deyildilər. Yolunu azmış cücülərsə onlara yem olmaqla həyatlarını rəngarəng edirdilər. Səriyyə müəllimə o müdhiş gecədə əlindəki daraqla şüşəni döyəcləyib hörmüçəyin torunu qırmağa cəhd etmişdi. Lakin onun sadəlövh istəyi hörmüçəyi məyus etməmişdi.

    – Sən burda gözlə, bayırı yoxlayım. – Solmaz dəhlizə çıxıb, xahəri Zeynəb əsgərlərini mətbəxdə yemək yeyən gördü. O arxasını çevirib getmək istərkən hizbullahçılardan biri onu səsləyib:

     – Sən niyə səhərlik yemirsən? – sordu.

     – İştahım yoxdur. – Məqamı əldən vermək axmaqlıq olardı. Cəld ordan çıxıb Fatmanın yanına qayıtdı, başı ilə arxasınca gəlmək işarəsi verdi.

     Zindandakı 3 nömrəli otağın qapısına çatanda Fatma mülayim səslə:

    – Solmaz... – Pıçıldadı. – Solmaz sakitcə döndüyü an: – Sağ ol, mənə görə özünü risqə atdın! Bizimkilərini görsən, de ki, zindan həyatı əla keçir, təkadamlıq otaqda qulluq görür.

    Sancırsan yenə?

   – Bu atama təskinlik olar. – Üz-üzə durub anidən hər ikisi susdu, Solmaz qolunu azca qaldırıb sol gözünün yaşını çiyninə sildi. – Məndən sonra bu otaqdakı Zəhradan evimizə çatası əşyalarımı alıb bizimkilərə verərsən. Bunu yalnız sənə həvalə edirəm.

    Qanlı paltarları bükülü qoltuğunda içəri girib, paltarları Nigarın üstünə atdı:

    – Al, sök saplarını! – Ərklə əmr verdi.

 

Eluca Atali

Eluca Atali

Medyabir Ajans yazar kadrosunda gündeme dair değerlendirmeleri ve özgün bakış açısıyla okurlarıyla buluşuyor.

Yazarın tüm yazıları