(“Qanlı orkestr” kitabından Fatmanın gündəliyinin 107-ci günü)
Dişlərimin arasında sıxılan dodaqlarım artıq ağrıdan acışanda q laqlarım dişlərimə hökm etdi: “Əməyin faydasızdır!” Sıra mənə çatdığında hay-küyə oyanmayan xanım Zəhranın üzündən öpüb vidalaşdım, əmin idim, sübh durub məni görməyəndə fatihə oxuyub, rahat uyumağım üçün torpağımın bol olmasını dua edəcəkdi. Baxmayaraq, gorumu dar qazdığımı bilməmiş deyildi, lakin o ürəyinə görə dua oxuyacaqdı.
Urmiyənin şəhər meydanına çatanda, furqonlu zindan maşınının əyləcinə sürücü necə ayaq basdısa, canlarının çıxacağını zənn edən pastar bacılar maşının dəmir divarlarına dəyib bağırışdılar. Bunun mənə xüsusi ləzzət etmədiyini etiraf etmək fikrindən uzağam. Qapı açılan kimi, acıqlarını bizim üzərimizə töküb yerə düşməyimiz üçün normal olmayan bir tərzdə (azca mənəviyyatı olandan pastar çıxmazdı) bağırdılar.
Bu, o məkan idi – evimizin beş addımlığı... məhz buranı görməmək üçün səkkiz il sərasər meydanın başında dövrə vurub məktəbə getmişdim. O müdhiş edamı gördüyüm sübh səhəri beyin arxivimə necə həkk olunmuşdusa, heç zaman onu silib ata bilməmişdim. Cəhd etdim bu məkanı görməyim, düşündüm görməsəm, xatırlamaram və görməməyə çalışdım. Sən demə, elə hadisələr varmış, onu sənə unutduracaq qüvvə dünyada mövcud deyilmiş. Eyni nöqtəyə gətirdilər, qaldırıcı kran maşınının dəmir xortumu təqribən iki metr yerdən aralı göydən sallanırdı, ucundakı kəndir yumurlanıb düyün vurulmuş halda növbəti qurbanını gözləyirdi. Kəndirbaz saydığım, o sübh səhər göydən sallanan adamı gözüm ətrafda axtardı, sanki yenə onu təkrar edam edəcəkdilər. Mən zənn edirdim, bu kəndir yalnız onun boğazı ölçüsündə biçilmişdir.
– Yeri, yeri!
İlahi, əmr mənə verilirdi, ayaqlarımsa mıxlanıb torpağa saplandığından kəndirə doğru getməkdən imtina edirdi. Arxamdan ilişdirilən zərbədən müvazinətimi saxlaya bilməyib, dübbədüz kəndirin bərabərində durdum. Başıma qara torba atıb:
– Kəlmeyi-şəhadətini de! – bağırtısı boğazımdakı suyu qurutduğundan dodağımdan kəlmə çıxmadı.
– Yox, hələ demə, şəhərin imam-cüməsi gəlib fatihə oxumalıdır.
Urmiyə şəhər imam-cüməsinin fatihə oxuması bizi cəhənnəmə uğurla yola salması anlamına gəlirdi.
– Kəndiri çıxart boyunlarından, imam-cümə gələndə keçirərsən...
Baş xahəri Zeynəb bacı öz əsgərciklərinə hökm etdiyi an kəndirdən qurtuldum, amma kəndirdən azad olmaq hələ yaşamağı qazanmaq mənasına gəlmirdi, onsuz da, başımdakı torba zəhrimi yarmışdı. Haradansa insaflı bir çağırış azad nəfəs almaqdan ötrü yaşıl işıq yandırdı.
– Torbanı çıxarın, imam-cümə gələndə keçirərsiniz.
Qaldı bir-birinə bərkidilmiş kəndirli əllərim, imam-cümənin gəlib-gəlməməsindən asılı olmayaraq o açılan deyildi, çünki qaçmağımızdan qorxurdular. Az qaldım qışqıram: “Cəhənnəm olsun, molla imam-cümə, edam edin qurtarım əzabdan!” Qarşımdakı düşmənlərimi sevindirməməkdən ötrü hisslərimi güclə cilovladım. Bu an:
– Torbanı keçirin, ağeyi imam-cümə gəlir!
Yenidən zülmət qaranlıqla görüşdüm, torba nəfəsimi daraltmaqla yanaşı, həm də kəskin üfunətli, kəsif tər qoxuyurdu. Məlumdu, məndən qabaq nə qədər edam edilmiş adamın başına keçirilmişdi. Başımı yırğalayırdım burnuma dolan üfunətli iyi qova bilim, qəfildən qulaqlarım azadlığın şirin çalarını duydu:
– İmam cümə xəstədir gələ bilməyəcək...
Təbii, edamın təmtəraqlı keçməsindən ötrü bu möhtərəm ağanın təşrif gətirməsi əsas idi, lakin bunun gerçək edam olmayıb, bizləri edam oyunu şərəfinə nail etdiklərini zindanın həyətinə yetişəndə dedilər. Doğrudan, şərəf idi, axı, Hizbullah edam zarafatını bütün məhkumlarla etmirdi. Sevinim, yoxsa ağlayım, bu qədər iztirabdan sonra müvəqqəti “yaşam”ı qazandım.
Şəfaxananın müalicədən qayıdan xəstəsi Fatma ölü kimi özünü yatağına atanda xanım Zəhra yuxudaykən nəvazişlə öpüldüyündən hələ də xəbərsiz yatırdı və təbii ki, ayılanda da deməyəcəkdi: “Qızım, yaradana şükür et, sağ qayıtmısan!”
8 sentyabr, 1988-ci il
Eluca Atali
Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.
Tüm Makaleleri Görüntüle