II hissə
Şübhə içini gəmirməyə başlamışdı, ağacdələnin açdığı oyuq qədər içini şübhə dəlib yemişdi. İndi onu durdurmaq zor idi. Barmağının ucunda astaca və ustacasına irəliləyirdi. Səs kəsiləndə özünü gövdəsinin çox yoğun qovağın dalına verib orada daldalandı. Kiminsə gəldiyinə duyuq düşmüşdümü həssas quş, yoxsa, əks halda, nədən səs kəsilməliydi. Gözlədi, taqqıltı yenidən başlayanda o da addımlamağa davam etdi.
– Dur! – Gözlənilmədən əlindəki təklüllənin çaxmağına barmağını ilişdirdi. – Əlini tərpətsən, beynini tökərəm! – Təhdid və hədə eyni anda ağzından çıxdı.
Qaya parçasına söykənmiş oğlanın əlindən bıçaq şappıltı ilə yerə düşüb tiyəsi torpağa batdı. O əlini aşağı əyib aləti yerdən qapmaq istərkən:
– Tərpənmə! Dur, dedim sənə! – Meşəbəyi səlahiyyətini aşmadan əmrlər verdi. Ona meşənin ağaclarını qorumağı həvalə etmişdilər, o isə meşənin ruhu hesab etdiyi dilsiz daşları belə qorumağı vicdan əməli hesab edirdi. Bir addım da atıb tüfəngi onun yaxınına gətirdi. – Kimsən?
– Gveorg! – Adam burnunun ucunda mızıldandı.
– Hansı Gveorg?
– Ara, adam, sən neçə Gveorg tanıyırsan?
– Hələki birini – daşdələn Gveorgu! – Adam kimliyi haqda şərh verməyə
tələsməyəndə, meşəbəyi özü izahat verdi, – Səni buralarda birinci dəfədir görürəm.
– Mən gəldim...
– Hə, haradan?
– Gəldim, qonşu kənddənəm... Çarxaçlıdan.
– Yalan danışırsan...
– Ara, yalan niyə olur?
– Mən çarxaçlıları azdan-çoxdan tanıyıram, amma sənin sifətin mənə tanış gəlmir.
– Ara, mən gəldim, – Gveorg bir əlini qaldırıb uzaq bir məsafəyə işarə etdi. – Gəldim mən...
– Haradan gəldin? Göydənmi düşdün? – Molla tüfəngini səmaya tuşladı.
– Ara, mən gəldim Libanon...
– Dur bir görüm! Sən nalbənd Levongildənsən?
– Ay Astvaf, Levon nə? Mən nə?
– Allah, Allah, bu haradan gəldi bura?
– Cavit dənəm, mən Livandan gəldim... – İki əlinin şəhadət barmaqlarını yaxınlaşdırıb, – Suriyanın yanından gəldim.
– Nədi, a gəda, bu dağlar arıq eşşəyin yaylağıdırmı, qaçıb gəlmisən bura?
– Ha, ha... – Hiss olunurdu ki, meşə bəyinin nə dediyini anlamır, sadəcə, əsir düşdüyü adamın sualını cavabsız qoymaq istəmir.
– Kimləsən burada?
– Ara, mənimi sorursan?
Meşə bəyi cəld ətrafa göz atdı, təbii ki, tüfəngini daşdələndən uzaq tutmamaq şərti ilə.
– Burada kim var səndən başqa?
– Mən bir dənəyəm. – Barmağını havaya qaldırıb dillə dediyini işarə ilə də nümayiş etdirdi.
– Aha... Burada nə edirsən?
– Daş yonuram.
– Daş yonur... Bir daşyonan Səlimimiz var, artığına ehtiyac yoxdur. Nədir yonduğun?
Gveorg mızıldandı, yonduğunun nədənliyini söyləməyə çaba etmirdi.
– O yana dur, görüm! – Əlindəki tüfənglə onun yana çəkilməsinə yer göstərdi. – Baxım, görüm, dəldiyin nədir? – Gveorg çəkilib sakit durdu, əlləri boynunun arxasında bənd olmuşdu. – Xaç? – Gveorg başı ilə təsdiqlədi.
– Hər gün o boyda yolu qət edirsən, burada daş yonasan?
– Yox, ara.
– Bəs, harada qalırsan?
Gveorg başı ilə beş-on addım kənardakı qollu-budaqlı çinarı göstərdi. Ağacın yerdən dörd-beş metr hündürlüyündəki haçasında balaca daxma qurmuşdu.
– Hı... Göydə kənd salmısan. – Daxmaya baxa-baxa gözlərini qıydı, başını döndərib yenidən daşa baxanda beyninə iynə batmış kimi dik atıldı. – Al, o bıçağını! – Əmr etdiyi an Gveorg yerə əyilib bıçağı qapdı. Ətrafa göz gəzdirdi, hiss olunurdu nə isə axtarır. Arxaya iki addım atıb yaxınlığındakı qovaq ağacının kötüyünə bıçağı vuranda meşə bəyi dilləndi:
– Nə etdiyindi?
– Ara, bunun palçığını silirəm.
– Ağacı korlama! Canlıdır...
O, bir-iki addım da atıb balaca su tuluğunun yanındakı dəri bıçaq qabını götrdü. Bıçağın toz-torpağa bulaşmış tiyəsini üstünə sürtüb astaca qabına saldı.
– Hımmm... Zənn edirsən, işin bitdi? – Gveorg ona başı ilə cavab verdi. Təbii ki, cavabı ”hə” idi, – Al, o alətini... Poz onları!
– Elə indi?
– Bu işin sabahı yoxdur, bu dəqiqə pozacaqsan. Mən də... – yerə çömbəlib qayanın üzərində oturdu, təbii ki, tüfəngini əlindən buraxmadan, onu dizləri arasına almışdı, – burada oturacam. Ta o vaxta qədər ki, orada heç bir iz qalmayacaq.
Sırınmasının yan cibindən tütün qəlyanını çıxarıb içində qalmış xırda-para yanıq tütün qırıntılarını üfləyib-küləkləyib havaya uçurtdu. Yenidən əlini cibinə salıb tütün kisəsini çıxartdı. Gveorg bir dəfə meşəbəyinə ani nəzər salmaqla onun "poz" deməsində nə qədər israrlı olduğunu anladı. Əgər qəlyanını tam doldurub alışdırıbsa, bu o mənadadır ki, meşəbəyi bu tezliklə onu rahat buraxan deyildi. Qənaətində haqlı idi, patron anbarı dolu tüfəngini qucağında möhkəm saxlayıb ona havayı oksigen verən meşəyə insafsızcasına onu karbon qazına qonaq edirdi. Xaç yonmaq günlərini alan Gveorgun, onu pozması sadəcə saatlarını oğurladı. İnsafən, asta çalışmırdı, amma ritmik taqqıltı meşədən çəkilmişdi, indi bıçağın daş üzərindəki nizamsız hərəkətləri bəzən də ət ürpədirdi. Meşəbəyi qulağına xoş olmayan səsə dözməli idi. Dözməyə məhkum idi, yurdun ləyaqətini qorumaqdan ötrü. O hətta düşündü ki, gecəni burada da qala bilər. Gəlmənin daşa vurduğu öz nişanını pozması yaxın zamanda bitənə oxşamırdı, çünki o, "böyük əsər" yaratmışdı.
Gveorgu atın döşünə salıb meşədən çıxaranda qurd quşdan seçilmirdi. Gveorg isə sahibliyini millətinə tapşırmaq istədyi Şirnak meşəsindən biryolluq izini silə-silə öz evinə doğru addımlayırdı. Bir də bu gecə o yalnız daş üzərindəki izini yox, həm də qovağın budaqlarına ağırlığını salmış evciyəzini sökməli olmuşdu.
Molla Nəbi kəhəri bu dəfə meşənin qırağında bağlamadı, meşənin dərinliyinə köhnə dostu ilə birgə getdi. Oyulmuş daşa çatanda ayaq saxladı, daşın ortasındakı dəlikdə yağışın mərhəmətindən balaca su nohru yaranmışdı. Onun kənarına yığılmış sərçələr özlərini suya salıb çırpınır, vücudlarına dəyən sərinlikdən həzz alırdılar. Sərçə qanadından ətrafa səpilən suyu daş canına çəkmədiyindən anındaca quruyurdu. Oyuq isə əbədi yara idi daşın ürəyində.
Eluca Atali
Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.
Tüm Makaleleri Görüntüle