Eluca Atali
Editoryal
13 Mart 2026

“Ceyms Karterin edamı” hekayəsindən

Yazar Eluca Atali
Tüm Arşivi Gör

(İxtisarla)

Min doqquz yüz otuz dördüncü ildə Rza şah İstanbulda üçgünlük Atatürkün qonağı olduğu zaman ev sahibinə daş-qaş ilə bəzədilib, qiymətini təyin etməyə xüsusi ekspertlərin baş sındırması gərək olan çox bahalı bir qılınc bağışlayır. Qılıncın ağzına əlini sürtüb itiliyini yoxlayan Mustafa Atatürk Rza şaha:  

    – Çox naziksiniz! – razılıq edir.  

    Amma şah ayırd edə bilmir, türk hökmdarı bununla qılıncın itiliyinə işarə edir, yoxsa Rza şahın mərifətinə. Təşəkkürün ardından iş otağındakı dolabını açıb bir siqar qutusunu oradan çəkib çıxaran türk atası onu şaha uzadır. Şah pərtliyini gizlətməyə çalışsa da, lakin bu Atatürkün gözündən qaçmır, o hiss edir ki, verilən hədiyyədən şahın damağı islanmamışdır. Bu zaman türk hakimi incə bir formada hədiyyənin böyüklüyünə işarə edir: 

     – Hərbi xidmətim zamanı öz maaşımla aldım.   İran şahının hədiyyəyə hələ də at nalbəndə baxan kimi yan-yan baxmasına qarşı Atatürk yalnız bunu əlavə edir:   

      – Çanaqqaladan aldım... – şah əlini qabağa uzadıb qutunu götürərkən: – İkinci əldən aldım, əsl sahibi savaşda şəhid olmuşdu, – dedi. 

    Deyilənə görə, Rza şah həmin qutunu ölənədək üzərində gəzdirir, hətta Meksikaya sürgün olunarkən özü ilə götürə bildiyi nadir əşyalarının içində o qutu da varmış.  

    Bir çoxları bunu Rza şahın sıravi əsgər olması, digərləri Atatürkə ehtiramının sonsuzluğu, bəziləri də şahın sadəlik düşkünü olması ilə izah edirlər. Amma sonuncu izah kökündən yalandır, əks halda şah Atatürkə öz sadə təbiətinə uyğun sovqat gətirərdi. Adam verdiyi hədiyyə ilə öz düşüncə tərzini, həyat fəlsəfəsini də təqdim edir.    

    Üçgünlük səfərin bitdiyi gecənin səhəri Rza şah Atatürklə sağollaşıb qapıdan çıxdığı an türk atası nə düşündüsə ciddi bir tərzlə arxadan şahı səslədi. Şah addımını saxlayıb ağır gövdəsini yerindəcə fırladıb üzünü Atatürkə tutdu.

  –  İranda mollalarla aranız necədir?

     – Biz onlarla qardaşıq!

     – Ehtiyatlı olun, onlar bir gün hakimiyyətə gəlmək istəyəcəklər!

      Atatürkün sifətindəki məyusluğu hiss etməyən Rza şah qapıdan çıxanda necə tələsdisə, belindəki qılınc qapının cənginə ilişib əyildi.

      Rza Pəhləvinin xalq adamı olduğunu deyənlər yanılmırlar, daha doğrusu, əsassız deyil. O hər il məhərrəmlik ayında cır-cındır paltar geyib, başına saman töküb, üzünə palçıq sürtərək kütlənin içinə gedər, kütlədən biri olaraq üz-gözünü uzun dırnaqları ilə cırmaqlardı. Şahının sadəliyinə heyrət edən kütlə, hər vəclə onu təlqin edib onun yolunu tutardı.

                 

 

 

Eluca Atali

Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.

Tüm Makaleleri Görüntüle