Eluca Atali
Editoryal
17 Nisan 2026

Camaşirxana

Yazar Eluca Atali
Tüm Arşivi Gör

    ("Üç vəd, üç tələb" romanından)

Ağ Evdən birinci məktub İran İslam Respublikasının ilk Xarici İşlər naziri İbrahim Yəzdinin kabinetinə gəldi. Onun əlləri titrədi, xoş məqamların şirinliyi dodağında təbəssüm oynatdı.

      Parisin Neauphle-le-Chateau otelində Ayətullah Xomeynini islam inqilabının müəllifi kimi hazırlayan qərb və Amerika ona inqilab təlimi keçdiyi bir zamanda Yəzdi zamanını fövtə verməyib ağaya ayrılmış xidmətçi ilə eşqbazlığa girişdi. Qız isə bakirə olduğunu (Fransada nadir hadisə idi) inqilab poçtalyonuna deməklə, ondan siğə müqaviləsi tələb etdi. Molla qazanında artıq bişib yarımfabrikant məhsula çevrilmiş Yəzdi, ağasından öyrəndiyi fəndə əl atdı. Göz şahidi olduğu hadisədən dərs götürmüşdü: İmam Xomeyninin İraqda Kərbəla səfərində olduqda bir axşam evində gecələdiyi qədim dostunun 3 yaşlı qızı ilə atüstü siğə etməsindən… Siğə üçün əlavə pul ödəməkdən vaz keçən ağa dodaqucu mızıldana-mızıldana uşağın əlindən tutub yeyin addımlarla onun üçün ayrılmış otağa keçmişdi. Paris kimi bahalı şəhərdə Yəzdi simiclik etməyin sərfəli olduğunu dərk etməmiş deyildi. O üzdən siğənin sözlərini  zümzümə etməyi kimsəyə rəva görmədi. O kəlmələri evlilik ayininin ciddiyyətinə xələl gətirmədən oxuyurdu, lakin kəlmələri  ağzından avazla çıxarması qıza nəğmə kimi göründüyündən ayin qızın xoşuna gəldi. Yəzdi siğənin müddətini 30 dəqiqə istəyəndə qız narazılığını bildirib onu düppədüz 37 günə qədər uzatdı.

    Siğənin müddəti bitən məqam Paris təyyarəsinin orta pilləsində inqilab müəllifini qoruyan ASALA terrorçusunun onun böyrünə dirənən avtomatının ucundan Yəzdinin beyninə qəribə siqnal ötürüldü: büsbütün kəşfiyyatçılarla əhatələnib. Parisə hamilə buraxdığı siğəsi isə işinin ustasıymış.

     Siğə müddəti bitmiş otel xidmətçisinin imzasını görən nazirə sevgidən əsər-əlaməti olmayan cümlələr yazılmışdı: güllələnmiş dörd İran generalının – yüksəkrütbəli hərbçilərin fotosu yerləşdirilmiş kağızda inqilabın qələbəsini təbrik edirdi... Nazir məktubun ən etibarlı yeri kimi pencəyinin astarındakı döş cibini güman edib, onu dörd qatladı, orada gizlədib, imamın ibadətxanasına üz tutdu. Artıq səksəndən yuxarı ordu generalının edam edilməsini inqilab rəhbərinə çatdırıb:

    – Yetməzmi? – sualına aldığı cavab onu süst saldı.

   – Mənlik deyil! – İmam gözlərini uzağa zilləyəndə Yəzdi əlini sinəsində gizlətdiyi məktubun üzərinə basıb iki əlini ortaya uzatdı:

    – Buna nə ad vermək olar, ağa? – təəccüb və həyəcanı səsinin titrəməsindən aydın idi.

     – Təmizlənmə!

    Yəzdi qulaqlarına inanmayıb, imamın uzaqda bənd olmuş baxışlarını izlədi, o zənn edirdi ki, imam onunla yox, qeybdə durmuş kiminləsə danışır.

     – Ağa əfv etsin, heç nə anlamadım...

     – Camaşırxana... Zindanlar çirklənmiş İranın namusunu yuyub təmizləyirlər. Məgər görmürsən?

     Yəzdi üç dəfə başını sinəsinə endirib, yeni camaşırxananın iş rejimini təsdiqləmək məcburiyyətində qaldı.

    

    

Eluca Atali

Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.

Tüm Makaleleri Görüntüle