(Yusif Dirilininin “Eluca Atalı yaradıcılığında təbiət-insan münasibətləri” elmi əsərindən)
E. Atalının bu hekayəsi də ekolji fikirlərlə zəngindir, burda diqqətidaha çox cəlb edən bala kolibri quşunun təqdimatı və müşayiəti iləqarğanı tanıtmaqdır.
Müəllif əsərdə yadda qalan süjet xətti seçib. O, yeri gəldikcə, əsərin əsas obrazları olan heyvanların xarakterik cəhətlərini ustalıqla açıqlayır. Tipik nümunə olaraq başqa əsərlərində olduğu kimi kolibri quşu da burada ənənəvi hakim obrazdır. Eluca xanımın “Ənqa quşu” əsəri mahiyyətcə yazıçının digər əsərlərinə də sirayət edib. Ona görə də bu hekayəni tədqiq edərkən qətiyyən təəccüblənmədik.
Məlumdur ki, kolibrilər bəzən hündürlükdə asılı vəziyyətdə də qala bilirlər, bu onların davranış xüsusiyyətlərindən biridir. Və bu onları tanımayan adamlarda təəccüb doğurur. Yazıçı bunun səbəbini qarğa ilə bala quşun dialoqunda aydınlaşdırır:
“– Hər canlının bir adəti olur. Biz kolibrilər də həyəcanlananda göyə qalxmasaq, içimizdəki sevinc halını içimizdə boğmuş olarıq”.
Kolibrilərdə heç bir quş növündə olmayan davranış və həyat tərzi onların genetik xüsusiyyətləri ilə bilavasitə bağlıdır.
“O, sevincindən ayaqlarını qumun üzərindən götürüb bir metr yuxarı qalxdı. Özünün xüsusi qazanmayıb, gen yaddaşından irs kimi ona ötürülmüş adətini icra etdi. Bütün yetkin kolibrilər kimi yarım dəqiqədə iki min dörd yüz dəfə qanad silkələyib, havadan asılı qaldı”.
Qarğalarda instinktiv olaraq heyrətləndirici fəaliyyətin olduğunu bilirik. Məsələn, dibində su olan bardağa xırda daşlar atıb suyun səviyyəsinin qalxmasına nail olur və onu asanlıqla içirlər. Qarğaların 5 rəqəminə qədər saya bildikləri də çoxumuza məlumdur. Əgər taxta üzərinə 6 ədəd daş düzsək, o zaman qarğa onlardan birini götürüb atacaq, əksinə, az olduqda 5-ə qədər artıracaq.
İsanlarda olduğu kimi, digər canlı orqanizmlərdə də zaman keçdikcə bioloji yaşlanma baş verir. O cümlədən heyvanlarda. Müəllif göstərir ki,yaşla bağlı qarğalarda da yaddaş tədricən itir. Yazıçı haqlı olaraq yazır:
“Qarğalar qocaldıqca onlarda yaddaş zəifliyi yaranır”
Müəllifin kolibri quşlarının dünyanın ən səbirli, ən təmkinli quş növü olduğunu fərz etməsi, zənnimcə bu quşların maraqlı və fərqli davranış nümayiş etdirmələri ilə bağlıdır: aramsız qanad çalmaları, göydə dəqiqələrlə mil dayanmaları kimi hərəkətləri sizə sadə görünməsin.
Yazıçının müşahidəsinin doğru olduğu qənətinə gəlməmək mümkün deyil. Yazıçı oxuduğu, öyrəndiyi hadisələri axarına buraxmır, ona elmi düşüncəyə uyğun yeni çalarlar qatır. “Siz də yaxşı bilirsiniz, qoca qarğaların sinəsində tük seyrək olur”. Bunu yalnız yaşlanma ilə əlaqələndirmək olar, bu, bütün canlılar üçün xarakterikdir.
Kolibri quşunu müsbət obraz kimi təqdim edən yazıçı onun balasını xüsusi diqqətdə saxlayır. Onun yolu uzun, niyyəti xoşdur. Yazıçıya görə bala kolibri əbədiyyət simvolu olan, həm də qayğıkeş quşdur, yəni biləyəndir. Qarğa xəstələnəndə ona bir həkim qayğısı ilə yanaşır. “Anladı ki, Qarğanın dizini yox, dirsəyini yoxlamalı idi və cəld hoppanıb onun qanadı üzərində oturdu. Dimdiyini onun dirsəyinə toxundurub, çəkərək tükü seyrəlmiş dirsək büküyündə qanın dövr etməsinə tamaşa etdi. Nədənsə, ona elə gəldi ki, qarğanın qanı donub. Hamıdan fərqli olaraq bizim balaca zənn edirdi ki, quşların nəbzi dirsəkdə daha yaxşı vurur. Orda da həyat əlaməti yox idi. Balaca panikaya düşməyib, axtarışını davam etdirdi.”
İnsan toplumunda sevinc və kədər hissləri yalnız fərd üçün olmur, ona yaxın və doğma insanlar üçün də ümumiləşir. Qarğa, bala quşa, ölüm ayağında başına toplaşanlara işarə ilə:
“– Qorxma!
– Kimdir bunlar?
– Əmi uşaqlarımdır… – qarğa saymazyana mırıldandı.
– Niyə gəliblər? – balaca ilk dəfə gördüyü müdhiş səhnənin nədənliyini sordu.
– Məni dəfn etməyə!”
Adəm Peyğəmbərin oğlu Qabilin öz qardaşı Habili öldürməsi və onu dəfn etməsi haqqında dini rəvayətlərdən birində deyilir: Qabil qardaşını qətlə yetirəndən sonra onu belində daşıyırdı. Bu əsnada Uca Allah bir-biri ilə döyüşən iki qarğa göndərdi. Onlardan biri digərini qətlə yetirdi, sonra öldürdüyü qarğanı basdırmaq üçün torpağı eşdi. Ölmüş cəsədi sürüyüb çuxura atdı və basdırdı. Qabil qarğanın belə etdiyini görüb dedi:
–“Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” (Qurani-Kərim. Bakı: Çıraq, 2004, 680 s. əl-Maidə: 27-31)
Qabil də qarğanın etdiyi kimi çuxur qazıdı və qardaşının cəsədinibasdırdı.
Şübhəsiz, E.Atalı bu rəvayətdən lazımınca bəhrələndiyi üçün əsərində ondan ustalıqla istifadə edə bilmişdir. “O, ilk dəfə indicə bildi, qarğalar dünyada yeganə quşlardılar ki, öz ölmüş həmcinslərini yer qazaraq torpağa tapşırırlar. Yalnız bir qara sığırçının dəfndə iştirak cəhdini anlamadığını bildirəndə, qarğa gülümsəyib:
– Böyüklərə yarınmaqla özünə dayaq axtarır! – İzahını verdi.”
Göründüyü kimi, sonuncu cümlədə “böyüklərə yarınmaq” məsələsi cəmiyyət üçün tipik sosial problem olaraq insan ekologiyası anlamını göz önünə gətirir.
Müəllif davranışlarından və həyat tərzindən asılı olaraq heyvanların çıxardıqları səsləri, qida obyektlərini də unutmur, onlarda qanın hərəkətini və əhəmiyyətini diqqətə çatdırır. “Qarğa səsinə mülayimlik qatıb:
– Əgər, qoca qarğa üç dəfə eyni səslə və eyni dərəcədə boğazının dərinliyindən “kraxx” səsini çıxarırsa, səncə, bu yalnız təzə xəbərdir? – deyə, sual etdi.
– Əlbəttə, yeni xəbərdir! – bala quş iki x hərifini eyni ahənglə təkrarladı.”
Yazıçı kiçik quşların da yem obyektini diqqətə çatdırır. Əsərdə kolibri balasının qarğaya təklifi bu cəhətdən səciyyəvidir: “Bala quş ayaqları ilə qumu eşib ordan balaca bir may böcəyi çıxartdı.
– Günorta yeməyimə səni qonaq edə bilərəm!
O, may böcəyini tərəddüd etmədən Qarğaya uzatdı. Qarğa sevincək onu bala quşun əlindən qapdı”.
Bu əsərdə biomüxtəlifliklə bağlı ümmiləşmiş, bəzi halda isə dağınıq ifadələrə rast gəlirik. Məsələn, dəvə quşu, qara sığırçın, kolibri, quğu, bozqarğa və s.
Yeri gəlmişkən, dəvə quşu yumurtasının digər quşların yumurtasından (məsələn, toyuq yumurtasından 40 dəfə böyük) dəfələrlə iri olması onun öz dilindən qeyd edilib.
Əsərdə qarğanın xəbər daşıyıcısı kimi təqdim edilməsinin əsası vardır. Onu əsrlərlə müşahidə edən baba-nənələrimiz bu quşu (həm də sağsağanı) xəbərçi, müjdəçi kimi tanımış və tanıtmışlar. Sağsağan el arasında xoş xəbər müjdəçisi kimi tanınıb və qorunub. Bəzi bölgələrdə qarğa bəd xəbər daşıyıcısı kimi daşlanıb. Bəzi bölgələrdə isə qarğalar ümumiyyətlə, xəbərçi kimi tanınıblar. “Qoca qarğaya ədalətsizlik yaraşmaz, gərək əbədiyyət xəbərini bütün quşlara verim.
”
Görünür, müəllif bu məsələdə folklordan gələn müşahidələrə əsaslanıb.
