Fəlsəfi-bədii miniatür
O adamlara yazığım gəlir ki, yalnız pisimi görürlər,
kor olduqları üçün.
O adamlar yanılırlar ki, yalnız yaxşımı danışırlar,
məni sevgidən uydurduqları üçün.
Özümə isə o zaman yazığım gəlir ki,
özümü özgələrin gözü ilə görüb qiymətləndirirəm.
ÖZÜNƏ YADLIQ
fəlsəfi-bədii miniatür
Qaçmaq istədim ətrafımdakı yadlardan.
Mindim qatara, düşdüm ən son mənzilində.
Yox idi mənzilim orda.
Ətrafıma baxdım, bütün yadlar mənlə gəlmişdilər.
Mən tək idim, onlar çox.
Mən mənzilsiz idim, onlar mənzilli.
İçimdəydilər, dib otağın qaranlıq sakinləri.
TƏZADLAR
fəlsəfi-bədii miniatür
Payız səhəri! Ağ, narın yağış hey aramsız yağır.
“Bircə avtobusdan düşsəydim…
Heç sədd olmazdı bu aydınlıqla mənim aramda”,
— deyib, adamları yara-yara sürücüyə yaxınlaşıb yol haqqını verdim.
Ayağımı maşının birinci pilləsinə qoyanda
yadıma düşdü ki, hər iki ayaqqabımın altı dağılıb.
Neyləyəsən ki, İNSAN nə hissdən, nə də ağıldan qaça bilir.
HƏR KƏSİN ÖZ DÜNYASI
fəlsəfi-bədii miniatür
Hər kəs özündən baxır dünyaya.
Bu səbəbdən də özü necədirsə, dünyanı da o cür görür.
Özü ola bilməyənlərin dünyası uçan, dağılan dünyadı.
Özünə çatanların dünyası isə əbədi dünyadı.
Birincilər dünya halı ilə, ikincilər isə öz dünyası ilə yaşayanlardır.
BÖYÜKDÜM
Arxamca daş atdılar,
saymadım!
Saymaya-saymaya böyüdüm.
Bir gün acıqlanıb böyüyünü atdılar,
lap böyüyünü.
Onda daha böyükdüm!
Gördüm, özümü görməzliyə vurdum.
Saymadığım üçün
ünvanı dəyişdi.
Daş gəlib başa dəymək əvəzinə,
daş gəlib
daşa dəydi.
Daş daşa dəyəndə
nə yaman səs çıxırmış?!
Səsindən yiyəsi həşirə düşdü…
ADAMLIQ
fəlsəfi-bədii miniatür
I
Nə qədər ki, adam daxilində ikilik gəzdirir, soyuq müharibələr qurtarmayacaq. Bu səbəbdən ki, adam ikiliyindən başlanır müharibə.
… Və həm də hər kəsin içindən başlanır müharibə.
II
Müharibə mövzusunda qeydimi işlədiyim balaca vərəqin bir küncündə
oxudum: Ev üçün alınmalı:
1.Toyuq
2.Qoz
Bir vərəqdə iki problem: İnsan ruhunu təhqir edən müharibə və qarın fəlsəfəsi.
“1+1=” SİLSİLƏSİNDƏN
Bir üstəgəl bir bərabərdir… (1+1=)
Bir üstəgəl bir həmişə bərabərdir iki eləmir (1+1=?)
Bir şirin qəfəsinə bir dovşan salsan, bir dəqiqədən sonra şiri tək görərsən (1+1=1).
Təzada bax: təbiət elmlərinin şahı olan riyaziyyatı bəzən təbiətdəki hadisələrə tətbiq etmək olmur.
BİR ÜSTƏGƏL BİR BƏRABƏRDİR
VAHİDƏ (1+1=1)
İki nəfər bir-birini sevirsə, bunlar məntiqcə birdi.
Burda da “1+1=2” misalı özünü doğrultmur.
Misal özünü doğrultsa, onda sevgili sözü özünü doğrultmur.
BİR ÜSTƏGƏL BİR BƏRABƏRDİR
İKİYƏ (1+1=2)
Cəmiyyətdə ağa və nökər var.
Ağanın öz mənafeyi, nökərin öz mənafeyi.
Ağanın özündən aşağı üzərində daimi hakimiyyət istəyi.
Nökərin aşağıdan yuxarıya həsrəti.
İkitərəflilik olan yerdə 1+1=2 misalı özünü doğruldur.
MƏNFİ BİR ÜSTƏGƏL MÜSBƏT BİR
BƏRABƏRDİR SIFIR (-1+1=0)
İki adamın hərəsində bir alma var.
Onlar almaların bir-birlərinə verirlər.
Yenə hərəsində bir alma olur.
Bir azdan hər ikisi əlində olan almanı yeyir.
Adam şərli hərəkət edir.
Məlum riyazi həqiqət özünü doğrultmur.
MƏNFİ BİR ÜSTƏGƏL MƏNFİ BİR
BƏRABƏRDİR İKİYƏ (-1+(-1)=2
Marksist nəzəriyyəsi: Əksliklərin vəhdətindən birlik yaranır.
Təzadlı əməl əməlsizliklkər, sıfıra bərabərdir.
Marksistlər bir ömür iddia etdilər ki, əksliklərin vəhdəti yaranır.
Əgər belədisə, niyə sosialistlər onlara zidd cəbhədə olan burjuaziya ilə bir yol getmədilər?
Təzaddan vəhdət yaranmaz.
Hər bir təzadlı görünən öz məntiqi ilə özünü müsbət sayır.
BİR ÜSTƏGƏL BİR BƏRABƏRDİR İKİ
(1+1=2)
İki adam hərəsinin bir ideyası var.
Onlar ideyalarını bir-birlərinə verirlər.
İdeya müsbətdir və cəmlənir.
Müsbət birlər birləşəndə bir olurlar və bu birlik gücü ikiqat artırır.
Və təkzibolunmaz riyazi həqiqət özünü bir daha təsdiq edir.
ÖZÜMƏ DOST OLDUM
fəlsəfi-bədii miniatür
Mənim həyatda iyrəndiklərim oldu — “dost” dediklərimdən.
Mənə dost kimi görünüb düşmən xislətlərini üzə çıxaranda iyrəndim.
Dost — ikinci MƏN!
Birinci Məni qınadım sarsılanda, ikinci məni düz seçmədiyi üçün.
İyrəndim, ürpəndim, qoparıb atdım.
Özümlə qaldım, böyük oldum!
MƏXLUQ – ADAM – İNSAN
Məxluq – bugünlü, nə dünən, nə də sabahla bağlı düşüncəsi yox.
İnsan – sabahlı. Bu gündə sabahını yaradan.
Adam – keçmişini bugünündə yaşadan.
Amma bu gündən artıq heç nə yarada bilməyən.
ÖZÜMƏ HƏSRƏT
fəlsəfi-bədii miniatür
Mən özüm özümə həsrət.
İstəyirəm axtarım, tapım özümü.
Həsrət itsin.
Amma neynəyim ki, zaman imkan vermir, Zaman!
Bu gedişlə inanmıram tapım Məni.
Mən hardayam???
Mən — hər gün iyirmi dörd saat işləyən zamanın əqrəblərində.
Zamansa, məndən möhkəm-möhkəm tutub fırladır əhatəsində.
Amma, kimsə həsrət deyil mənə.
Mən paralanıb, parçalanıb səpilmişəm özgələrin istəyinə!
İstəklərdən yığılmaq üçün əqrəb qarışıq atılmalıyam saatın çərçivəsindən, zaman dairəsindən.
Sıçrasam, atılsam, bir addım kənara çıxsam, mən Mənlə görüşə billəm!
Onda mən Mənimlə birləşə billəm!
QARALAMA
fəlsəfi-bədii miniatür
Getdim ki, mətbəxdə qaynatdığım paltarlara baxam.
Əlimi taxtaya uzadanda gördüm ki, qələm də əlimdədir.
Paltar qarışdıran taxtanı götürəndə mətbəxtdə gərəksizim sürüşüb düşdü vedrəyə.
Çıxartdım ordan.
Mürəkkəbi töküldü ağ paltarlar üstünə.
Cansızları öz yerinə qoyan beyni ilə əməlini nizamlamağı bacarmayanda
qaralama olur yaratdığı.
Heç kəs bəşərə qaralamasın göstərməz.