Eluca Atalının ”MARALA İÇDİYİ AND” əsərinə ekoloji baxış
Eluca Atalının təbiətə qayğı yönündə qələmə aldığı əsərlərdən biri də baytar həkimin yaralanmış, yaxud ölüm təhlükəsi altında olan vəhşi heyvanları mühafizəyə götürüb onların müalicəsi qayğısına qalmasıdır. Həkimə kömək edən gənclər (sonradan assisentləri) əvvəlcə onun xeyirxahlığına, qayğıkeşliyinə şübhə edirlər. Baytar da onların hərəkətlərinə diqqət yetirdikdə şübhələnir, hətta bu gəncləri öyrədilmiş insanlar kimi anlayır. Əsərin obrazlarından olan Şəhriyar və dostu Türkel bədəni yara tökmüş qaratoyuğun dərmanlı dərisi onların gözlərinin görnüşünü korlayanda, ikisi də otaqdakı böyük dərman dolabının böyrünə keçib buradan asılmış tüfəngə ötəri baxanda bağırmaqdan özlərini güclə saxlasalar da gördüklərinə təəccübləndilər. Silahın yanındakı mıxçadan asılmış şəffaf bir torbada balaca rəngli oxlar vardı. Onlar həkimə maraqlandıqları sualı ünvanladılar. Müəllif bununla uşaqların maraq dairəsini əsərin süjetinə yönəldib mövzunun məqsədinin açılmasına xidmət edir. Doktordan ova gedib-getməməsini soruşurlar. Bununla öyrənmək istəyirlər ki, heyvanları özü yaralayıb, özü də müalicə edir? Cavab almamış xeyli astadan onu qınayırlar:
“– Adın da qoyub təbiətsevər… Bu riyakarlıqdır, – deyə düşünürlər.
– Siz necə düşünürsünüz, mən ovçuya oxşayıram?”
Yazıçı xarakterin açılmasını və süjet xəttinin əsas istiqamətlərini müəyyənləşdirmək üçün burada özünə məxsus priyomlardan ustalıqla istifadə edib. Doktor verilən sualın səbəbini öyrənməyə cəhd edir. “Bu sual nə üçündür?” – ehtiyatla soruşur. “ – Siz ovçulara silah satırsınız? – Şəhriyarın sualı baytarı təəccübləndirdi.” “Həkim cavabında: – Siz təsadüfən hansısa xüsusi kəşfiyyat orqanında çalışmırsınız ki?” “Beyninə səpilən şübhə toxumu ona bunları diktə etdi: “Bəlkə, xəstə quş bir bəhanədir xəstəxananın içindəki vəziyyəti öyrənmək üçün? Nə bilmək olar, bəlkə də hər hansı bir didektiv orqana çalışırlar? İndi dünyanın hər yerində sadəlövh uşaqların beyinlərini silahlandırıb müxtəlif orqanlara göndərirlər”. Burda yazıçı persanojlarını dürüst şəkildə anlatmağa çalışır. Müəllif doktorun ehtiyatsız hərəkətlərindən yarana biləcək problemləri göz önünə gətirir və belə hadisələrin baş verəcəyi təqdirdə cəmiyyəti xəbərdar edir.
“O, hər iki əlini aşağı endirib əsməkdə olan dizlərinin üzərinə basdı, xəyalən xəstəxananı gəzdiyi an anbarda gizlətdiyi cəsədlər yadına düşmüşdü. Əlüstü özünə bəraət qazandırdı, əslində onları gizlətməmişdi, sadəcə, işin çoxluğundan vaxt eləyib bu cəsədlərlə bağlı vaxtında raport yazmamışdı. Kökü kəsilməkdə olub Ümumdünya “Qırmızı Kitab”ına adını qızıl hərflərlə yazdırmış Aran dovdağının güllə yarasından ölmüş vücudu haqda gərək keçən həftə Nəsli Kəsilmək Üzrə olan Quşlar Cəmiyyətinə məlumat verəydi. Bundan ötrü quşun cəsədini hərtərəfli tədqiq edib raportu yuxarı göndərməliydi. Əslində bu düşünüldüyü qədər də asan iş deyildi, çünki quşun qalın döş ətindəki yarada avtomat, sol budundakı yarada isə ov tüfənginin kustar üsulla doldurulmuş seçmə gülləsini aşkarlamışdı. Əgər quş savaş zonasında ölmüş olsaydı, doktor dərinə getməyib, canlının təsadüf gülləyə tuş gəldiyini qeyd edəcəkdi.”
“Düzünə qalsa, səhlənkarlıq edib raportu yuxarı orqanlara ötürməyi yubatmışdı, nə olursa olsun, bu işi yubatmamalıydı. Doktoru şübhəyə salan normal ovçunun atdığı güllə idi. Hərçənd ovlanması qadağan olunan quş öldürlmüş, təbiətə ziyan dəymişdir. Digər tərəfdən heyvana atılan güllə adi ovçu tüfəngi yox, ov sahəsində istifadəsi qadağan olunmuş hərbi silah idi. Elə isə hərbi silah qoruq sahəsində nə gəzir?
Müəllif əsərdə əsas diqqəti nəsli kəsilməkdə olan, adı Qırmızı Kitaba daxil edilmiş Xallı maralı, yaxud Nəcib maralı tədqiqat obyekti kimi seçir və bütün hadisələri onun çevrəsində göz önünə gətirir. Yazıçı fəhimi hadisələri qanunsuz ov və onun ağır nəticələri üzərində tamamayır. Bəlkə də Eluca xanımda əsərlərin təbiiliyi və oxunaqlığı bununla bağlıdır.
“O heç bir vicdansızlıq etməmişdi, əlbəttə, bu onun özünün çıxartdığı nəticə idi. Lakin qanun bunun əksini deyə bilərdi, əmin idi, işi dərindən araşdırsalar, heç nə onun xeyrinə qurtarmayacaqdı. Çünki qanunlar insan vicdanına uyğun tərtib edilmirdi. Belə olduğu halda, o vicdanının hökmü ilə iş gördüyünü kimə sübut edə bilərdi?” Bunla belə o, narahat deyil, əsas olan heyvanların şəfalı həkimi kimi daim diqqət mərkəzində durur. Lakin digər tərəfdən “Axı kim onu eşidərdi, kim ona inanacaqdı, duzlayıb anbardakı asqıdan asdığı Xallı maral dərisi qadağan olunmuş ov sahəsində vurulmuş sağlam bir heyvanın gönü deyil. Əgər hər şeyi yerli-yataqlı bilmək istəyən varsa, buyursun, o zaman həkimin nəql etdiyi hadisəni dinləsin.”
“Nəsli kəsilməkdə olan Xallı maralı ağrıdan canını qoymağa yer tapmayıb qıvrıldığı halda kiçik gölməçənin kənarında onu tapmışdı.” Burdaca müəllif nəzərdə tutduğu obyekti təqdim etməyə qısa, lakin gərəkli məlumatlar verməyə çalışmış, bununla oxucularını az da olsa bilgiləndirə bilmişdir. “Erkək maral olduğunu təyin etmək zor deyildi, çünki maralın buynuzu vardı, bir növ kimi Xallı maralların dişisi buynuzsuz olur.” Doktor təsadüfi, yaxud bilərəkdən zədələnmiş heyvanları özünün yaratdığı sığınacaqda (“xəstəxanada”) saxlayıb sağalana qədər müalicə edir. “Qollu-budaqlı buynuzu başında çox haçalı budaq kimi dimdik duran bu heyvan görünür, su içməyə gələndə ayağı büdrədiyindən zədə alıb yıxılmışdı.” – həkim düşündü. Çəkisi yüz kiloqramdan çox olan maralı bura gətirmək asan deyilsə də, onu qorumaq və müalicədən sonra öz təbii sığınacağına – təbiətə qaytarmaq lazımdır.
Yazıçının bu sualları əslində ekoloqların rastlaşdığı və düşündükləri sual idi. “Bu qoca heyvan burda yalqız idi, yoxsa nəslindən kimsə vardımı? Kimsənin varlığı şübhə doğururdu, əgər kimsəsi vardısa, niyə bu uzun illər ərzində bir dəfə də olsun nəzarətində olduğu ərazidə bu növ heyvana rast gəlməmişdi? Elə isə o bura necə gəlib düşmüşdü?”
“Elmi əsaslara söykənəndə sualları açıq qalırdı. Sükan arxasında olmasına baxmayaraq dönüb marala baxdı, hürkək baxışlar təlaşdan və qorxudan azad idi, görünür, doktordakı mərhəmət hissi onu ovsunlamışdı. Marala xas olmayan sakitliklə gözlərini xilaskarına zilləmişdi, əks halda maşının yük yerini təpikləyib dağıtmalıydı.” Yazıçı böyüklüyü və ədəbi axtarışının gücü bundadır. Maralın yaşını müəyyən etmək kimi bir məsələ də diqqətəlayiqdir. Onun sağalmasında bunun əhəmiyyəti vardır. “ Buynuz çıxıntılarını yoxlayanda heyvanın çox qoca olması meydana çıxdı, çünki buynuz əmələgəlmə – budaqlanma dayandığına görə onun vücudunda dəyişiklik aparmaq çətin olacaqdı.” Müəllif maralın başındakı güclü budaqlı buynuza nəzərən doğru olaraq qeyd edir ki, heyvanın qidalanması və orqanizminin sağlamlığı pis olmamışdır. O, həm də bu növün hansı bölgə üçün səciyyəvi olduğunu qeyd edir: Ussuri meşələri! Qeyd etmək lazımdır ki, bu marallar Ussuriyadan gətirilib Altıağac Dövlət Qoruğuna buraxılmış, artıb çoxaldıqdan sonra Lənkəran meşələrinə köçürülmüşdür.
Müəllif bu məlumatı bir az da genişləndirmişdir. “Bir sürü Xallı maralı Rusiya ilə Çinin sərhəddindəki geniş yarpaqlı Ussuri meşələrindən gətirib müvəqqəti Xızıdakı qoruqda saxlayırdılar. Heyvanlar Hirkan Dövlət Qoruğuna (Lənkəam meşələrinə – Y.D.) köçürülmə əməliyyatı zamanı insanların səhvi ucbatından böyük uğursuzluğa düçar olmuşdular. Onlara kobud yanaşıldığından çoxlu sayda maral tələf olmuşdu.” Yazıçı bu hadisəni doktorun ifadəsi ilə belə qeyd edir: “Hər bir heyvanın arxasınca eyni zamanda altı, yeddi və hətta praktikaya gəlmiş tələbələri qrupla onların arxasınca yüyürdür, onlar da naşıcasına heyvanı qovub harasından gəldi – qulaqlarından, qıçlarından necə gəldi yapışırdılar. Doktor dönüb bir də maralın dik durmuş qulaqlarına baxdı. Yadına qulağından yapışıb onu dartan tələbənin əlində qalmış maral ürək göynədən səsi ilə qayalığa necə şikayət etdiyi düşdü. Heyvanın ah-vayı bitməmiş onu da digər marallar kimi avtomaşınlardan birinə tulladılar, lakin bu heyvan gözləri qarşısında yaranmış dəhşətli mənzərədən nəzərlərini çəkə bilmirdi. İnsan iradəsinə tabe olub, qıçının, qulağının dartılmasına razı olmayan güclü marallar özlərini hara gəldi çırparaq məhv edir, yerli şəraitə bələd olmadıqlarından tuta-tutdan canını qurtaranlar canavara, ayıya yem olurdular.” Ağrıdıcı, dəhşətli ifadələr. Təbiətə qəsdin obrazlı ifadəsi!
Doktorun “xəstəsinin” son halındakı vəziyyəti ona çox pis təsir edir. Eluca xanım onu təəssüf dolu nida ilə belə verib: “Əgər yaralı olmasaydın, heç zaman səni bura gətirməzdim, qıymazdım öləndə belə öz məskənindən ayrılasan. Kaş son məqamında da həmcinslərinin əhatəsində olaydın, gözlərin qürub edən günəşə yox, azadlıqda olan canlılara vida edəydi. Əgər əlimdə imkan olsaydı səni həyata qaytarardım, amma həyatın amansız sifəti olan qocalıq artıq səni haqlayıb… Təbiət birini məhv edib, digərini yaradır. Həyatın təzəlik və köhnəlik adında dairəsi var, biz canlılar o dairənin çarxında dövr edirik. O həm də uşaqlıq və qocalıq arasında dövr edir.” Bu bütün canlılara məxsus olan bioloji xüsusiyyətdir. Yazıçının ustalığı təbiəti olduğu təki, həm də elmi şəkildə dərk etməsi ilə bilavasitə bağlıdır.
Heyvanlara, ümumilikdə təbiətə insani münasibətin budan artıq ifadəsi olarmı? – “Səni yalqız buraxmayacam bu son anında, bilirəm yalqızlığın ağrısı səni dağlayır.” Yaxud, “O günü doktor gecəni xəstəxanada açdı, evdən gələn zəngə tək bir cavab verdi: ağır xəstəm var, məndən nigaran qalmayın. Gecəni diri gözlü açıb tək bircə dəfə maralın otağından çıxdı, o da heyvanın əzablarını azaltmaq üçün ona keyləşdirici iynə gətirməyə gedəndə. Qalan bütün zamanını can üstə olan heyvana söz verdiyi kimi ondan ayrılmadı.” “ Canlı təbiətin ona bəxş etdiyi ömrün son məqamını başa vuranda doktor başını uzadıb onun buynuzlarının arasından öpüb isti dodaqlarını soyumağa başlayan vücudundan bir xeyli uzaqlaşdırmadı. Asta-asta ayağa qalxan doktor: “Mən izin verməyəcəm sənin vücudun çürüyüb torpağa qarışsın, səni paralayıb, parçalayıb ayrı-ayrı vücudlarda yaşadacam!” …Maralın qarşısında and içmişdi, əgər icra etməsəydi ozünü günaha batırmalı olacaqdı. O, inanırdı ki, maralın kölgəsi bir kabus kimi onu izləyə bilər və bu izlənilmədən qurtulmaq üçün verdiyi son vədinə əməl etməyə borclu idi.”
Doktor marala içdiyi andı yerinə yetirdi, onun ətini tikə-tikə edib ət yeyən gənc heyvanlar arasında bölüşdürdü, buynuzunu isə xərçəng xəstəliyinin dərman kimi bu dərdə dərman arayan xəstələrə bağışladı. Dərisini nişanə kimi saxladı ki, bu nadir heyvanla harda və necə rastlaşdığını, hardan gəlib ona urcah olduğunu öyrənib bilsin. Bu bir yazıçı utopiyası olsa da, hadisələr reallıq yönündə işlənib. Yazıçı Ağbaş Kərkəsə Xallı maral ətindən pay ayırmamasının da səbəbini göstərir. Bu səbəb yırtıcı quşun təhlükəli anda özünü qayadan atan maralın leşini acıgözlüklə didişdirməsi idi. Gəncliyində gördüyü mənzərə ona diqtə edirdi ki, maral ətini ona yedirtmək haqsızlıq olardı. Müəllif mənən yaxın olan canlının vücudunu bu yırtıcıya qıymamaq haqqı verir. Burda da təbiətə bir yazıçı kimi dürüst yanaşmaq manevrası var, zənnimcə.
Doktorla xəstəxanada birgə çalışan, əslində onu izləyən Türkellə Şəhriyar hadisəni təfsilatı ilə həkimdən öyrənirlər. Onu da öyrəndilər ki, bura əslində müxtəlif növ heyvanların Şəfa ocağıdır. Onlar müalicə aldıqdan sonra bir müddət burda qalır, yəni tam reablitasiya yolu keçirlər. Sanki doktor burda heyvanların “əsir götürdükləri” baytardır. Bu “Şəfa ocağı”nda vəhşi qaban, kobra, vaşaq, canavar, çoban iti, qırqovul, qaratoyuq, çöl pişiyi, pələng balası, qulaqlı bayquş, Ağ göyərçin, başqa heyvanlar vardır. Eluca xanım müəllif olaraq əsərə öyrədici fraqmentlər də daxil edib. O, haqlı şəkildə qeyd edir ki, Çöl pişiyinin el arasındakı adı Yazı pişiyidir. Yazı qədimdə dilimizdə çöl, bayır mənasında olub. İndi “yazı yazmaq” sözlərini işlədirik, yəni yazıb fikri bayıra çıxarmaq. Yaz – işıq mənasındadır, bu pişik növü də həmişə çöldə olduğundan ona Yazı pişiyi deyilir. Nəql olunan hekayətdə bəzi heyvanların davranışları və bieoekoloji xüsusiyyətləri də verilib. Məsələn, bayquşlar gündüz yatır, gecələr ov edir, qırqovullar gündüzlər mahnı oxumur, kirpilər pis gördükləri üçün gecələr ova çıxırlar və s.
Yəqin ki, hər birimiz uşaq vaxtı Aybolit adlı meşə heyvanlarının həkimi olduğunu xatırlayırıq. Aybolit doktor şikəst və xəstə heyvanlara maşın qoyub baxır, təzyiqini ölçür, xəstəliyinin səbəbini araşdırır, dərman yazır. Yara və kəsiklərə dərman qoyub sarıyır, həb verir. Burda da belədir. Sınıq-çıxığı sarıyır, protez hazırlayır qurdda olduğu kimi… Biz həmin hekayətlərlə böyümüşük. Gəldiyimz nəticə bundan ibarətdir ki, yazıçı Eluca Atalının təqdimatında bu məsələ olduqca rəvan, oxunaqlı, elmi verilib.