Eluca Atali
  1. Haberler
  2. Yazarlar
  3. Analığın və qadınlığın nəzmi

Analığın və qadınlığın nəzmi

featured
Paylaş

Bu Yazıyı Paylaş

veya linki kopyala

Gənc şairə Aysel Nəsirzadənin yaradıcılığına bir baxış

Dərd güclünü böyüdər, zəifi isə əyər!

Əgər insan gücünü səfərbər edə bilsə, daxili imkanlarını kəşf edərək böyüyə bilər. Əks halda, heç kimin onu böyütməyə gücü çatmaz.

Aysel Nəsirzadəni uzun zamandır tanıyıram — buna tanışlıq demək olarsa. O zamanlar yaradıcılığa yeni qədəm qoymuş, poeziyada öz sözünü deməmişdi. Bu gün isə əlimdə tutduğum “İki qafiyə kədər” kitabı qarşımdakı şairənin artıq yetkin bir poeziya ustası olduğunu göstərir. Hər misrasında dərin məna gizlənən poeziyaya həsrət idim və şairə bu həsrətimə son verdi.

Gündüzün fikirləri,
Gecənin dərd, ələmi.
Görən, xoşbəxt olarammı
Yerə qoysam qələmi?

Əgər qələmdən imtina etməklə xoşbəxt olmaq mümkün olsaydı, bu, dərdin ən asan sağalan növü olardı. Amma unutmaq olmaz ki, yazmaq bir vasitədir; məqsəd isə dərdi içdən uzaqlaşdırmaqdır. Şair dərdini qələmdən başqa hansı yolla özündən uzaqlaşdıra bilər ki? Sənin yazmaq xətrinə yazmadığını vurğulamaqdan çəkinmirəm.

Sən gedəli bağrım başı yaradı,
Bəxtim qara, günüm ondan qaradı.
Dedim bəlkə gələn dərdə çaradı,
Əvəzin yox, yerin boşdu, yerin boş.

“Əvəzsiz”, “əlçatmaz” anlayışları necə yaranıb? Gedən qayıtmayanda, yeri dolmayanda, gözümüz boşluğa dikiləndə anlayırıq ki, o, əlçatmazdır, ün yetməzdir. Yerinə başqasını qoymaq istədiklərimiz olur, amma o yer yenə də boş qalır. Niyə? Çünki hər insan təkrarsızdır — hər kəsin yerişi, duruşu, gülüşü ilə özünəməxsus bir dünyası var. Bu dünyanı kim eyni biçimdə təkrarlaya bilər ki?

Şeirlərində analığında xoşbəxtlik axtaran bir qadın gördüm. Qadın bütövlüyünə çatmaq istəyən… Ana, qadın, sevgili — hamısını bir bədəndə birləşdirməyə çalışan, özündən gileyli bir şairə… Özünü hər yerdə axtarır — qadınlıqda, analıqda, sevgidə. Görəsən, tapacaqmı, axtarışı nəticə verəcəkmi?

Özünü qınayan, analığında tamlığa çata bilməyən qadına təsəlli verəcək yetərli söz tapmaq çətindir. Amma onun fəlakətə bərabər bir səhv etmədiyini deyə bilərəm.

Həyatda elə hadisələr var ki, onlar bizim iradəmizdən asılı deyil. Ona görə də bu hadisələrin uğursuz nəticələnməsini özümüzdən bilməməliyik. Unutmayaq: həyatda təkcə biz yoxuq, həm də başqaları var və biz cəmiyyətdə onlarla birgə yaşayırıq.

Analığını qadınlığına qurban verən qadınlar da var və bu danılmazdır. Qadın kimi bütövlüyə çatmayanlar çox zaman fəlakətli bir ömür sürürlər. Bunun bariz nümunəsi Evripidin **“Medeya”**sıdır: ərinin xəyanətini bağışlamayan Medeya, iki övladını öldürərək ərindən qisas alır.

Qadın analığından keçirsə, günahkardır; unutmaq olmaz ki, analıq başqasının ömrünə cavabdehlik daşımaq deməkdir.

Ərəb şairi və filosofu Əl-Məərri deyirdi:

“Mən öləndə başdaşıma yazın: Mən günahkar deyiləm, çünki dünyaya övlad gətirməmişəm!”

Dünyaya övlad gətirmək günah yox, cavabdehlikdir. Məsuliyyətdən qaçmağa “günah” adı vermək isə sadəcə özünə bəraət qazandırmaqdır.

Hisslərini ustalıqla nəzmə çəkən istedadlı qələm sahibi Aysel xanım da bəzən bir günahın onu daim izlədiyini yazır. Bəşəri fəlakətə çevrilən COVID-19 bütün dünyanı sarsıtdı, və şairənin ailəsini də təsirsiz ötüşmədi. O, yaşada bilmədiyi bir varlıq üçün özünü qınayır. Bu, bilərəkdən və ya təsadüfi atılmış bir addım deyil; bu, insanın təbiəti zorla mənimsəməsinə qarşı təbiətin üsyanıdır. Bizim kimi günahsızlar isə bu zorakılığın zərbəsini aldıq.

Ürəyimə ilmə atıb qəm-kədər,
Sökülməz dan yeri, açılmaz səhər.
Heç olmasa yuxuma gəl gecələr,
Yoxdur daha başqa seçim, darıxdım.

Aysel xanım, ana üçün övlad kədərini aşmaq çox çətindir. Amma sənin analığını sübut edən başqa bir övladın var. Onu düşünüb yaşamağa davam etməlisən və həm də buna borclusan. Çünki o körpə də səndən ümid gözləyir.

Həyat bir simli musiqi aləti deyil, çox simlidir. Necə ki, köklənməmiş alətdə musiqi çalmaq olmaz, eləcə də insan köklənmədən yaşaya bilməz.

İmkanlarına güvən, varlığını həyata göstər!

Həyat zəifləri əzir, onlara yaşamaq şansı vermir. Amansızlığın iti caynaqları arasında qadınlığını və analığını qorumaq bir şair üçün asan deyil.

Sənə seçdiyin bu mürəkkəb yolda əzm və iradə arzulayıram!

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Medyabir Haber Ajansı ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!