Eluca Atali
  1. Haberler
  2. Yazarlar
  3. Asif Ata Kimliyi

Asif Ata Kimliyi

featured
Paylaş

Bu Yazıyı Paylaş

veya linki kopyala

“Ürəyinizdə Günəş olsun!” Onda ən soyuq havada belə, üşüməzsiniz; ən isti havada belə təntiməzsiniz!” Asif Ata xalqla görüşlərinə çox vaxt bu sözlərlə başlardı.
Ata gələnəyini yaşatmaq Atalının borcudur.
Ürəyinizdə Ata Günəşi olsun, istəkli soydaşlarımız və insan müqəddəsliyi və azadlığı arzulayanlar!
Asif Ata — Əfəndiyev Asif Qasım oğlu (25.IX.1935 -5.VI.1997) — Quzey Azərbaycanın keçmiş Qazax mahalının Çaykənd kəndində, öyrətmən ailəsində doğulmuşdur. Türkün Qaraqoyunlu soyundandır. Babaları ruhani olmuşlar.

Asif Ata ilk təhsilini doğulduğu kənddə almış, orta təhsilini Gəncə şəhərində davam etdirmiş, 1951-ci ildə Ağstafa şəhərində başa vurmuşdur. 1957-ci ildə M.Qorki ad. Moskva Ədəbiyyat İnstitutunu bitirmişdir.

Həm orta, həm ali təhsil, başlıca olaraq iki cəhətdən heç vaxt Onu qane etməmişdir:
1) Cəmiyyətin, elmin, dinin, tarixin insana münasibəti baxımından;
2) Dünya tarixində Doğuya, türk irqinə ögey münasibət və Doğunun da bununla barışması, Azərbaycana heç yer verilməməsi baxımından.

Bu duyğular Onda ali təhsil (daha doğrusu, doyumsuz mütaliə) illərində daha da güclənmişdir. Şəxsiyyətinin formalaşdığı həmin illərdə İnsan probleminə daha çox diqqət göstərmişdir. Bu marağını ödəmək üçün ən qədim çağlardan ta özünə qədərki bütün görkəmli filosofları, fəlsəfə məktəb və cərəyanlarını, fəlsəfə tarixini, bütün dinləri və din tarixini, bütün ədəbiyyat tarixini, bütün mifologiyanı, musiqini, poetikanı, tarixin özünü və b.k. öyrənmişdir. Onun fikrincə, bütün bunlar — özlərinin müsbət cəhətləriylə yanaşı — bir-birindən az və ya çox fərqlənsələr də, onlarda həmişə böyük, əsaslı bir çatışmazlıq olub: İnsana münasibətin yanlışlığı, natamlığı, ən əsası isə İnsana inamsızlıq. Tarix boyu bəşər ağlı insanı ya ideyaların kölgəsi, ya öz cisminin kölgəsi, ya özündənkənar iradənin kor icraçısı, Allahın, Şəhvətin, İstehsalatın qulu sayır; gah ondan əlini tam üzür, ona inamını büsbütün itirir, gah ona kinayəli münasibət bəsləyir, gah onu söyüb alçaldır; ona gah acıyır, gah acıqlanır… Bütün bunların sonucunda dinlər siyasət alətinə çevrilmiş, fəlsəfə insanlara təsirini itirmiş, cəmiyyət faydaçılığa qurşanmış, insana inam və insanın özünə inamı yoxa çıxmışdır; bəşər öz əzəli insani — ruhani mahiyyətindən sapmaqdadır. Ona görə də Dünya qlobal fəlakətlərlə üz-üzə qalmışdır; bəşərin problemləri həllini tapmır ki, tapmır! Asif Ata bunun səbəbini də, həllini də İnsanla bağlayır və onda bütün ümumbəşəri problemlər üçün açar olası bir təlim yaratmaq fikri baş qaldırır. Bu, Mütləqə İnam fəlsəfəsinin ilk rüşeyimi idi.

Bu oyanış məşhur və başıbəlalı “Tənqid və Zəmanı” məqaləsilə (jurnalin adını oxumaq olmur—- jurnalı, Bakı, 1959, 11) Azərbaycanda özünün ilk əks-sədasını verdi. Bundan sonra gənc Asifin inadlı, ilhamlı və qadağalı Yol yaradıcılığı başlayır — Mütləqə İnam Yolu!

Asif Ata yaradıcılığa ədəbiyyat tənqidçisi kimi başlamışdır. Onun yaradıcılığı bir neçə yöndə getmişdir:
1) Asif Ata Ruhaniyyatı (45 Müqəddəs Kitab, 7 Müqəddəs Kəlam; məqamlar, izharlar, həqiqətlər, ruhani hökmlər və sənədlər…);
2) Asif Atanın Mütləqə İnam Ocağı;
3)Asif Atanın Ocaq Mərasimlərindəki izharları;
4)Asif Atanın Ocaq (Mütləqə İnam) yönündəki saysız-hesabsız, dərc olunmuş və olunmamış müsahibə və məqamları;
5)Asif Atanın tənqidçiliyi;
6)Asif Ata ilə təmasda olmuş onlarla Ocaq Evladının və Ocaqsevərin ömründə, müşahidə və yazılarında Asif Atanın izi və s. və b.k.

Bunların hamısı bir nöqtədə birləşir:
İnsana qeyd-şərtsiz inam; insanın müqəddəs ruhani varlıq sayılması.
İnsana bu dərəcədə inamaq, onu bu qədər ilahiləşdirmək üçün insanı tanımaq, bilmək tələb olunur. Ömrünün 30 ilini arasıkəsilməz, sistemli, məqsədli, ilhamlı, aşiqanə mütaliəyə sərf eləmiş Asif Ata istər tarixi-elmi-fəlsəfi-ədəbi-bədii, istərsə də canlı insanı dərindən, hərtərəfli öyrənmişdir. Bu Ona Ocaq tarixinin hələ lap ilk illərində (1980-ci ildə) “Ocaq Məramı” izharında: “XX əsrin bayquşları İnsana İnam Bayrağını tapdalamağa çalışırlar. Biz həmin Bayrağı başımızın üzərinə qaldırırıq” yazmağa imkan vermişdi. O, yəqin etmişdi ki, insan, dərinə getdikcə gözəlləşir: onun ülvilikləri üzdə deyil, dərinlikdədir; insana inanmayanlar — onu dərindən öyrənməyənlərdir. Deməli, Atamızın insana sarsılmaz inamının etiqad səviyyəsinə yüksələn sarsılmaz da özülü vardı.
Beləliklə, Asif Ata insan haqqındakı elmləri, bilgiləri, təlimləri özünə qədərki yalnış özüllər üzərindən alıb insana Mütləq İnam özülü üzərində qurdu:
Cəmiyyət pisdir? — Səbəb insandır!
Mühit pisdir ? — Səbəb insandır!
Şərait pisdir ? — Səbəb insandır!
Həyat pisdir ? — Səbəb insandır!
Zaman pisdir ? — Səbəb insandır!
Məkan pisdir ? — Səbəb insandır!
Dünya pisdir ? — Səbəb insandır!
Ailə pisdir ? — Səbəb insandır!
İstehsalat münasibətləri pisdir ? — Səbəb insandır!
Milli münasibətlər pisdir ? — Səbəb insandır!
Dövlətlərarası — beynəlxalq münasibətlər pisdir
Ekologiya pisdir ? — Səbəb insandır!
İnsan pisdir — Yenə səbəb insandır!


Cəmiyyəti, mühiti, şəraiti, həyatı, zamanı, məkanı, dünyanı, ailəni, istehsal münasibətlərini, beynəlxalq münasibətləri, milli münasibətləri, ekologiyanı, insanın özünü kim dəyişib yaxşılaşdıracaq? — İnsan, yalnız insan!

Deməli, ümid insanadır, nəzərlər də insana yönəlməlidir. Asif Atanın başlıca harayı burdan doğur: Bəşərin nicatı insanlaşmaqdadır. İnsanlaşın — İnsanlaşdırın!”
Asif Ata İnamında İnsanın tərifi-təyini belədir: “İnsan — özündə Mütləqilik gəzdirən, bu səbəbdən də şəraitdən, mühitdən, cəmiyyətdən üstün olan, Mütləqiliyə can atan və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır”. (Asif Atanın “İnsanilik” Müqəddəs Kitabındakı 817-ci Həqiqət).
Asif Ata İnamçılığında “ruhani varlıq” deyimi — “mütləq inamlı, mütləq idraklı, mütləq mənəviyyatlı, mütləq iradəli şəxs, insan” anlamındadır.

Asif Ata İnamçılığında çox işlənən, bütün anlayışların başında gələn Mütləq nə deməkdir? Ata Özünün “İnam” əsərində Mütləqə belə tərif verir: “Mütləq bu gündə nişanələriylə, əbədi Sabahda bütöv mövcudluğuyla aşkara çıxan, nisbi hadisələrin daxilində yaşayan, ancaq onlara sığmayan, onları özlərindən kənara çıxarıb özünə yaxınlaşdıran, Dünyaya, Həyata, İnsana Ali Daxili Qüvvə, İstiqamət və Meyar olan bir Qüdrətdir” (A.Ata. Mütləqə İnam, B., 1999, s. 68).

İnsan daxilində Mütləq daşıyır və bu, “seçilmişlərə” deyil, bütün insanlara aiddir. Öz daxilindəki Mütləqliyi, yəni özünün ilahiliyini və qadirliyini dərk etmək, ona yetmək üçün insan yol getməlidir. Bu, “təbii insandan” ruhani varlığa keçid, özünü, özümlüyünü yaratma mərhələsidir. Asif Ata bütün bəşəri bəlaların kökünü bu keçidin ya heç keçilməməsində, ya da keçiddə baş verən yanlışlıqlarda (o cümlədən dini, fəlsəfi, ictimai-siyasi və b.k. doktrinalarda) görür. Və fəlsəfənin vəzifələrini Özünün “İnsan” əsərində bu ardıcıllıqla müəyyənləşdirir:

“İnsan dünyada kimdir, dünya insan üçün nədir?” Fəlsəfənin birinci sualı budur. “İnsanın Mütləqə, ideala münasibəti necədir?!” Fəlsəfənin ikinci sualı budur. “İnsanı ideala yaxınlaşdırmaq üçün nə etmək gərəkdir?” Bu üçüncü sualda fəlsəfənin peyğəmbərlik siqləti aşkara çıxır. “İnsanın cəmiyyətdə yeri, vəziyyəti, taleyi necədir?” Bu fəlsəfənin dördüncü sualıdır… Bir sözlə fəlsəfə insan aqibətini şərh, təhlil və təyin edən müdriklikdir” (Mütləqə İnam, s. 27).

Asif Ata yalnız filosof deyil, Özündə filosofluqla peyğəmbərliyi birləşdirən nadir tarixi şəxsiyyətdir. O, həm ideya — Mütləqə İnam, həm də onu gerçəkləşdirmə vasitəsi olan Ruhaniyyat Ocağı yaratmaqdır. Mütləqə İnam Ocağı — Asif Ata peyğəmbərliyinin göstəricisidir. “Gerçəklikdə… nisbiylə yanaşı yaşayan Mütləq — peyğəmbər qanununda nisbidən təmizlənmiş şəkildə… aşkara çıxır. Peyğəmbərlikdə Ruha xas olan üç cəhət: Mütləq düşüncə, Mütləq duyğu və Mütləq iradə öz parlaq təzahürünü tapır” (Mütləqə İnam, s. 141).
Ata Öz Ruhunun bu üç cəhətinin vəhdəti sayəsində vaxtı ilə işlədiyi

Azərbaycan Dövlət Universitetində (Bakı ş.) “Etik və estetik tərbiyə klubu”nu yaratdı (1975-ci il), sonra onu Mütləqə İnam Ocağına çevirdi (1 mart 1979). Ocağa Evladlar cəlb elədi, onların birləşib ruhani intibah işi aparmaları üçün Ocaq Ailələri biçimini kəşf elədi; bir gün belə ara vermədən 18 il bilavasitə başçılıq edərək, ona dönməz-sönməz xarakter verdi; Ocağın bütün daxili yaşayış — iş qaydalarını, gələcək Ruhani Birliyin əsas qanunlarını cızdı. Fəlsəfənin yuxarıda qeyd etdiyimiz üçüncü
və beşinci suallarına cavab verən fəaliyyətini ömrünün son gününə qədər davam etdirdi. Atanın Öz fəaliyyəti Onun “Cövhər” əsərindəki “Qayıtma” harayının yönündə idi.

Ocaq, yuxarıda dediyimiz kimi, Asif Atanın canlı əsəridir, kəşfidir, Onun ideyalarını həyata keçirən ruhani mübarizə qurumudur. Ocaqçılar Atanın Evladları sayılır və “Atalı” soyadı daşıyırlar. Onlar Ailələrdə birləşirlər. Hər Ailənin Təmsilçisi var — o, Ailədə Ata Timsalı sayılır.

Ocağın hər bir Evladı da Asif Ata irsidir. Onun günü Mütləqlə Təmas və Ataya Ricalarla başlayır, yəni İnam Ocağı öz həyat tərzi, tarixi və təqvimiylə yaşayır.
Ocağın fəaliyyəti Mərasimlər, Bayramlar, Ailələrin aylıq Ailə Günləri, Fikir Evləri, Amallaşma-Doğmalaşma günləri, fərdi söhbətlər, dərslər, səfərlər, efir və mətbuatla iş, kitabçılıq (yazarlıq) və b.k. vasitəsi ilə həyata keçir; “İnsanlaşın — İnsanlaşdırın!” harayı yönündə. Həmin fəaliyyət nəzərdə tutur ki, fövqəltəbii, yəni mövcud olamayan qüvvələri təmsil edən Din — insanın təbiətində yaşayan İnamla; insana zidd fəaliyyət tərzi olan Siyasət — insana doğma olan Ruhaniyyatla əvəz olunmalıdır; keçici və nisbi dəyər olan Maddiyyat — əbədi və Mütləq dəyər olan Mənəviyyata xidmət etməlidir — çünki bəşərin qurtuluşu bundadır.
Mütləqə İnam — türk idrakının yaratdığı ümumbəşəri dəyərdir. O, doğusal (şərqi) dünyabaxışına əsaslanır; ancaq zamanından, məkanından, irqindən asılı olmayaraq, bütün ölməz ümumbəşəri dəyərlərin yiyəsi kimi çıxış edir. Onun Yaradıcısı Asif Ata Özünü daim “Türk Peyğəmbəri”, Mütləqə İnamı isə “Türk İnamı” adlnadırırdı.

Asif Atanın Mütləqə İnam Ocağı insanları fərdi əməkçi mülkiyyətinə, minimal güzarana, sosial bərabərliyə, milli bənzərsizliyə, Ruhani Dövlətə, Təkamül yoluyla ruhani-insani Dirçəlişə səsləyir; başqa sözlə, Mütləq Həqiqət, Mütləq Mənəviyyat, Mütləq Xeyir uğrunda fəal ruhani mübarizəyə çağırır və çatdırır — fərdi-fərd, halı-hal…
İnam Ocağının Evladı olaraq — belə bir ümumbəşəri işə xidmət etməkdir.

Atamız var olsun!

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Medyabir Haber Ajansı ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!